Çiçəklənən korrupsiya: yeni büdcə ən çox kimə düşərli olacaq? - "Pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmayacaq"


Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsinin artırılması ilə bağlı təqdim etdiyi yeni layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilir. Mövcud sənəddə gəlirlər 26 mlrd. 816 mln. manat, xərcləri isə 29 mlrd. 879 mln. manat proqnozlaşdırılıb. Müzakirəyə çıxarılan layihədə isə gəlirlər 29 mlrd. 198 mln. manat, xərclər 32 mlrd. 304 mln. manat müəyyən edilib.

Büdcə dürüstləşdirildikdən sonra müxtəlif sahələr üzrə ayrılmış vəsaitlərin həcmində ciddi dəyişikliklər olacaq. Belə ki, Qarabağdakı yenidənqurma işlərinə 2 milyard 670 milyon manat xərclənəcək. Bu, əvvəlki xərclərdən 470 milyon manat çoxdur. Tikinti ilə bağlı xərclər də 1 milyard manata yaxın artırılır. Hökumət il ərzində bu istiqamətə 5 milyard 972 milyon manat ayırmağı düşünür. Qarabağa ayrılan vəsaitlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) da bu xərc maddəsinə daxildir.

Sosial xərclərin dinamikasına gəlincə, yeni büdcədə 5 milyard 85 milyon manat ayırmağı planlaşdırır. Bu da ötən ilin sonunda qəbul edilmiş büdcə zərfində nəzərdə tutulan rəqəmdən 595 milyon manat çoxdur. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri isə 49.6 milyon manat artırılacaq. Habelə 2022-ci il üzrə sosial təminat və sosial müdafiə xərcləri ilkin büdcə göstəricilərinə nisbətdə ümumilikdə 86 milyon manat çox olacaq.

Səhiyyə xərcləri isə 80 milyon manata yaxın azaldılacaq. Yeni layihədə göstərilən məbləğ 1 milyard 709 milyon manatdır. Təhsil xərcləri isə toxunulmaz saxlanıb. Kənd təsərrüfatı sahəsinə isə əvvəlki büdcə ilə müqayisədə cəmi 18 min manat artıq vəsait ayrılacaq.

Dəyişiklikləri şərh edən iqtisadçı Rövşən Ağayev bildirir ki, büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır. “Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur”, – ekspert qeyd edib.

R.Ağayev əlavə edir ki, yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. Onun sözlərinə görə, 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5% azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20% artıb: “Bu fakt göstərir ki, təkcə idxal mallarının bahalaşması il ərzində cibimizdən 400 mln. manata yaxın əlavə pul çıxaracaq”.

İqtisadçı vurğulayır ki, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılılığı var: “Bu asılılığın səviyyəsini nəzərə alanda idxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasından dolayı tələbin azalmasına işarə edir. Yəni, statistikanın yüksək artım rəqəmlərinə baxmayaraq, əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”.

Rövşən Ağayev bildirir ki, büdcə dəyişikliyi ən çox məmurlara düşərli olacaq. Onun sözlərinə görə, bu istiqamətdə xərclərin 2.4 mlrd. manat artımı ilə yanaşı, strukturunda da təxminən 500 mln. manatlıq dəyişiklik aparılır:

“Bu dəyişikliklər nəticəsində əmək ödənişi xərcləri mərkəzi idarəetmə və hüquq-mühafizə orqanları üzrə orta hesabla 25%, yerli icra hakimiyyəti orqanları üzrə 45%-ə yaxın artır. Büdcə dəyişiklikləri sənədi çox usta hazırlanıb – oxuyursan, labirintə düşürsən. Gərək yüzlərlə rəqəmi tutuşdurub, bir çox dəyişikliklərin necə və harada baş verdiyini görə biləsən”.

ADR partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə bildirir ki, dürüstləşdirilmiş büdcədən pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmayacaq:

“Müdafiə və milli təhlükəsizlik xərcləri 13,2 faiz, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan xərclər 21,4 faiz artırıldığı halda sosial müdafiə və təminat xərcləri 2,4 faiz, təhsil xərcləri 0,06 faiz artırılır, səhiyyə xərcləri isə azaldılır. Belə bölgü əslində hakimiyyətin prioritetlərini göstərir. Əgər şəffaf və hesabatlı xərcləmələr həyata keçirilərsə, nə müdafiə və milli təhlükəsizlik xərclərinin, nə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsaitlərin artırılmasının əleyhinə olmazdım. Lakin nəzərə almaq lazımdır ki, bu istiqamətlərə ayrılan vəsaitlər korrupsiyanın miqyaslarını artırır, onun inkişafına xidmət edir”.

İqtisadçı xatırladır ki, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6 faiz təşkil etməsinə baxmayaraq, sonuncu dəfə əmək haqqı, pensiya və müavinətlər bu ilin yanvar ayında əvvəlki ilin inflyasiyası nəzərə alınmaqla artırılıb. “Bəs bu il davam edən yüksək inflyasiyanın xərclərini necə ödənilməlidir?” – ADR rəhbəri sual edir.

Q.İbadoğlu vurğulayır ki, hökumət dövlət büdcəsindəki artımlardan sosial ehtiyacı olanlara vəsait ayırmadı, üstünlüyü korrupsiya potensialı yüksək olan sektorlara verdi: “Bu isə o deməkdir ki, büdcə talanı həmişəkindən daha geniş miqyasda və sürətlə davam edir. Burda xüsusilə də narahat edici məqam korrupsiyanın müdafiə və milli təhlükəsizlik sahəsində, eləcə də işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası adı ilə Qarabağda çiçəklənməsidir”.
//pressklub.az//
Tarix: 23-06-2022, 09:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}