Manatı başlı-başına BURAXA BİLƏRİKMİ?.. - Ekspert danışır



Hazırda ölkəmizdə həm sənaye istehsalı olan ərzaq məhsulları, həm də kənd təsərrüfatı məhsullarında qiymət artımları yüksələn xətt üzrə davam edir. Artan inflyasiya əhalinin gəlirlərini dəyərsizləşdirməkdə ikən, ekspertlər böhranın daha da dərinləşməməsi üçün həll yolları təklif edirlər. Dünya bazarından ölkəmizə idxal olunan inflyasiya ilə paralel olaraq, yerli iqtisadiyyatın rəqabətsizlik, monopoliya, korrupsiya kimi problemləri də qiymət artımının səbəbləri arasında yer alır. Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Sitat.info ilə bölüşən iqtisadçı ekspert Elşən Bağırzadə də vurğuladı ki, bunlar öncədən proqnozlaşdırılan nəticələr idi: "Azərbaycanda qida sənayesi məhsullarının bahalaşmasına səbəb odur ki, onların əksəriyyəti xaricdən idxal olunur. Azərbaycanda istehsal olunan məhsulların isə bir sıra elementləri, xammalı, qablaşdırması və sair xaricdən idxal olunur. Hər yerdə bu məhsulların qiymətləri yüksəlib. Doğrudur burada bazarın rəqabət şəraitinin də təsiri var. Bunu da inkar edə bilmərik. Amma yenə də əsas faktor idxal inflyasiyasıdır. Kənd təsərrüfatı məhsullarının da istehsalında istifadə olunan gübrə və sair xaricdən gəlir. Həmin məhsulların maya dəyərinə təsir göstərən faktorlar kimi çıxış edir. Burada rəqabətli mühitin zəif olması da qiymət artımına təsir edir".

İnflyasiya ilə mübarizə istiqamətində tədbirlərə gəlincə, Elşən Bağırzadə bildirdi ki, Mərkəzi Bank kifayət qədər ehtiyatlı siyasət yürüdür: "İlk növbədə atılacaq addım Azərbaycan manatının dəyərini qoruyub saxlamasıdır ki, bunu da Mərkəzi Bank həyata keçirir. Manatın məzənnəsinin saxlanılması imkan verəcək ki, ən azı valyuta kursundan irəli gələn bahalaşmalar olmasın. Bunun üçün imkanlar var, valyuta gəlirlərimiz artır, monetar siyasəti sona qədər həyata keçirə biləcəklər".
İqtisadçı vurğuladı ki, digər problemlərə qısa müddətdə həllini tapacaq məsələlər deyil: "Azərbaycanda aqrar sektorun səmərəliliyi artırılmalıdır. Bütövlükdə iqtisadiyyatda rəqabətlilik artırılmalıdır. Digər tərəfdən, ölkədə iqtisadi səmərəlilik istiqamətində addımlar atılmalıdır. Bu sektorlar dövlətin himayəsində olsa da səmərəlilik aşağıdır. Bütövlükdə bu il inflyasiya problemindən qaça bilməyəcəyik. Digər ölkələrdə biz bu artımları görürük, həm də onlardan məhsul idxal edirik".

Tarix: 25-06-2022, 14:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}