Rusiya ilə işləyən banklara da sanksiya qoyulacaq: Azərbaycan nə düşünür?..


Rusiya ilə işləyən banklara da sanksiya qoyulacaq: Azərbaycan nə düşünür?..

Rusiya bankları “Visa” və “Mastercard” sistemlərindən çıxarılandan sonra ruslar ölkə xaricində kart əməliyyatlarında ciddi çətinliklərlə üzləşib. Xarici banklar Rusiya banklarının istifadə etdiyi “Mir” ödəniş sistemini qəbul eləmirlər. Daja doğrusu, bu sistemlə işləməyə razılıq verən məhdud sayda ölkə var, onların da əksəriyyəti keçmiş sovet ölkələridir.

Bizimyol.info xəbər verir ki, Türkiyənin iki bankı – “İş bankası” və “Denizbank” da öz bankomat və post-terminallarında Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməkdən imtina edib. Səbəb isə ABŞ hökumətinin bu məsələ ilə bağlı bəyanatıdır. Birləşmiş Ştatlar bəyan edib ki, Rusiyadan kənarda “Mir” kartları ilə işləyən maliyyə təşkilatlarına qarşı sanksiyalar tətbiq oluna bilər.
“Denizbank”ın bankomatlarında “Mir” kartı ilə türk lirəsi almaq mümkün olmur. Kart daxil edildikdə “əməliyyat xətası” olduğu yazılır və kart geri qaytarılır.
2022-ci ilin yaz və yay aylarında “Visa” və “Mastercard” ödəniş sistemləri Rusiyanı tərk etdikdən sonra Rusiya ödəniş sistemi ilə işləyən türk kredit təşkilatlarının sayı 6-ya çatmışdı.
Avropa İttifaqı “Mir” ödəniş sisteminə qarşı sanksiyaların tətbiq olunacağını istisna etməmişdi. Sentyabrın 15-də isə ABŞ Maliyyə Nazirliyi açıqladı ki, Rusiyadan kənarda da “Mir” ödəmə sistemilə kartların istifadəsinə dəstək verənlər sanksiyaya məruz qalacaq. Çünki Rusiya bu sistemə qoşulu kartlarının ölkə xaricində daha geniş yayılmasına çalışır və bu yolla həm də sanksiyalardan qaçmağa cəhd göstərir.
ABŞ və Avropa Birliyi ehtiyatlanır ki, Rusiya Türkiyə bank sektorunun köməyi ilə onların sanksiyalarından yan keçə bilər. Bununla əlaqədar Türkiyə banklarına, ilk növbədə, “Mir” ödəniş sisteminə qoşulan banklara təzyiqi artırmaq qərarına gəliblər. “Financial Times”ın əldə etdiyi məlumata görə, Avropa Birliyi məsələ ilə əlaqədar narahatlığını birbaşa türk rəsmilərinə bildirmək üçün nümayəndə heyəti hazırlayır.
Hazırda “Mir” kartlarını keçmiş sovet ölkələri, Vyetnam və Türkiyənin bir neçə bankında qəbul edirlər. Məlumata görə, Rusiya bir sıra ölkələrlə bu məsələ haqda danışıqlar aparır.
Kubanın turizm naziri Xuan Karlos Qarsiya Qrande deyib ki, onlar da Rusiyanın “Mir” ödəmə sistemini qəbul edəcəklər. Amma bunun üçün öncə proqram təminatı hazırlanmalıdır. Yəni terminallar buna hazır olmalıdır. Bu işlərin oktyabrın sonuna başa çatacağı gözlənirlir.
Azərbaycan da “Mir” bank kartlarını qəbul etmək istəyirdi. Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirmişdi ki, hazırda Rusiya və Azərbaycan tərəfləri respublikanın ödəniş infrastrukturunda bu kartlardan istifadə məsələsini müzakirə edir. Amma yekun qərar hələ qəbul edilməyib.
“Bu məsələ Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində, müvafiq strukturlar arasında siyasi və iqtisadi amillər nəzərə alınmaqla müzakirə olunur”, - Fərid Osmanov belə demişdi.
Amma belə görünür ki, artıq bunu etmək mümkün olmayacaq, əks halda Azərbaycan bankları ağır bədəl ödəyə bilərlər.
Tarix: 21-09-2022, 13:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}