Pambığı ucuz satıb əti baha alırıq - AXI NİYƏ?!

Pambığı ucuz satıb əti baha alırıq
Azərbaycanda son illərdə pambıq istehsalının həcmi artıb. Statistikaya görə, 2020-ci ildə Azərbaycanda pambıq istehsalı 2019-cu ilə nisbətən 14.1% artaraq 336.8 min ton olub.

Siam.az bildirir ki, hazırda ölkədə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" mövcuddur.

Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil edəcəyi gözlənilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu günə qədər Azərbaycanda fermerlər kondisiya çəkidə 275 327 ton pambıq yığaraq tədarük məntəqələrinə təhvil verib. Məlumatda hazırda respublika üzrə pambığın orta məhsuldarlığının 26,41 sent/ha təşkil etdiyi bildirilib. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur.

Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 %-dən çoxu bu 4 rayonun payına düşür. Ekspertlər tərəfindən pambıqçılığın inkişafı yüksək qiymətləndirilsə də, ərzaq məhsullarına olan tələbatı və strateji ərzaq məhsullarının xaricdən idxalını nəzərə alaraq daha çox heyvandarlığın inkişafının vacibliyini vurğulayırlar. Ölkədə ət, yağvə süd məhsullarının qiymətinin günbəgün artdığını nəzərə alsaq, heyvandarlığın inkişafına diqqət ayrılması vacibdir. Mal ətinin kilosu bölgədən asılı olaraq 13-16 manat, kərə yağı 16-5 manat arasında dəyişir.

Mövzu barədə Cebhe.info-ya danışan kənd təssərrüfatı eksperti Akif Nəsirli bildirib ki, pambığın ölkədə strateji məhsul adlandırılması doğru deyil:

“Azərbaycanda yetişən pambıq digər pambıq istehsalçısı ölkələrə nisbətən aşağı keyfiyyətlidir. Bərdə rayonundan başqa digər bölgələrdə yetişən pambığın lif çıxımı çox aşağı səviyyədədir. Biz dünya bazarında pambığı çox aşağı qiymətə satırıq və bu, ölkəyə çox az gəlir gətirir. Pambıq ildə bizə 200-250 milyon dollar vəsait gətirir. Amma biz dolların qiyməti bahalaşmasın deyə valyuta bazarına ayda yarım milyard dollar atırıq. Sahibkarlarımız da həmin dolları manata alıb, xaricdən kənd təssərrüfatı məhsulları gətirir”.

Ekspert hesab edir ki, Azərbaycanda pambıqçılığın inkişafına qoyulan vəsait heyvandarlığın və bitkiçiliyin inkişafına qoyulsa, daha çox səmərə verər. O, ildə 10 milyard dollara yaxın vəsaiti itirdiyimizi qeyd edib:

“Ölkəyə kənd təsərrüfatı və onlardan istehsal olunan ərzaq məhsullarının idxalına bu qədər vəsait xərcləyirik. Biz həmin vəsaiti, üstəlik pambığa çəkdiyimiz xərci investisiya şəklində bitkiçiliyə və heyvandarlığa qoysaq, yerli kənd təsərrüfatı inkişafı hesabına həm taxılın böyük əksəriyyətini ölkənin daxilində istehsal edə bilərik, həm heyvandarlıq məhsullarını, həm də bitki yağlarının ən azı 50 faizini ölkənin daxilində istehsal edə bilərik. Vəsaiti bu potensiallara qoymaqdansa pambıqçılığın arxasınca düşmüşük”.

Akif Nəsirli pambıq sahələrinin genişləndirilməsinin bəzi səbəblərinə toxunub:

“Pambıqçılığın da inkişaf etdirilməsinin özəl və ilginc tərəfləri var. Amma o məsələ də aradan qalxıb. Bizim sahibkarlarımız Özbəkistan pambığını Azərbayacana idxal edib, Azərbaycan pambığı kimi ölkədən ixrac edirdilər. Özbəkistanda uşaq əməyindən istifadə olunduğuna görə pambığın Avropaya ixracına qadağa qoyulmuşdu. Özbəkistanda yetişən pambıq yüksək keyfiyətlidir, orada yetişən sortlar bizdə yetişmir. Ona görə də pambıq sahələrini genişləndirirdilər ki, guya həmin pambığı Azərbaycanda yetişdiriblər. Araşdırma aparıb, ixrac sənədlərinə nəzər yetirsəniz, görərsiniz ki, Azərbaycan min tonlarla Özbəkistanda yetişən sort pambıq ixrac edib. Amma həmin sort pambıq Azərbaycanda yetişmir. İndi Özbəkistana qoyulan məhdudiyyət aradan qaldırılıb, özü öz pambığını dünya və Avropa bazarına çıxara bilər. Azərbaycan isə hələ də həmin tendensiyadan hələ də əl çəkmir”.

Kənd təsərrüfatı üzrə mütəxəssis ölkədə yetişən pambığın aşağı keyfiyyətli olduğunu deyib:

“Azərbaycanda kənd təsərrüfatını çökdürən, məhv eləyən məsələlərdən biri də ölkədə pambığın strateji məhsul kimi dəyərləndirilməsi və önə çıxarılmasıdır. Əgər pambıq elə starteji məhsuldursa, həmin məhsuldan ölkə daxilində toxuculuq sənayesini inkişaf etdirmirsiniz?! Ölkə daxilində onu emal eləmək, ondan son məhsul almaq baha başa gəlir. Bu gün aktual məsələdir ki, pambığın strateji məhsul kimi qəbul edilməsi aradan qaldırılmalıdır. Bu gün Azərbaycanın strateji məhsulu ərzaq buğdası, kənd təsərrüfatının digər sahələri olmalıdır. Məsələn, heyvandarlıq, ağartı, yumurta, toyuq... Biz hələ də toyuq əti idxal edirik. Bu məhsul hələ də ölkənin yerli tələbatını ödəmir”.

Akif Nəsirli diqqəti heyvandarlıq və buğda əkininin inkişafına yönəltməyi doğru hesab edir:

“Bunu dövlət etməlidir. Bir neçə il öncə qərar qəbul ediblər. Bu qərarı dəyişmək lazımdır ki, camaat əziyyət çəkməsin. Sentyabr ayında 463 milyon dollar hərraca çıxarıblar. Bu, manatın saxlanılması üçün valyuta bazarına atılan vəsaitdir. Bu vəsaitə elə bil od vurub yandırırlar. Əgər biz kənd təsərrüfatını inkişaf elətdirsək, həmin vəsaiti hərraca çıxarmağa ehtiyac qalmır. Çünki bizim xaricdən idxal etdiyimiz məhsul kəskin şəkildə azalacaq, bununla da tələbat aşağı düşəcək. Digər tərəfdən , inkişaf edən istənilən sahənin xaricə çıxışı yaranır, bu da inkişaf etdikcə bizə dollar gətirəcək. Azərbaycanda istehsal olunan ətin dünya bazarına çıxarsaq, brend olar. Dünyada Azərbaycandakı yerli sort heyvanların ətindən keyfiyyətli ət yoxdur. Azərbaycan dünya bazarında bununla dönüş yarada bilər. Sadəcə, istifadə eləmirlər, səbəbini mən bilmirəm və ehtimallarda da səhv edə bilərəm. Buna Kənd Təsərrüfatı Nazirliyi cavab verməlidir ki, niyə bunu eləmirlər”.
Tarix: 23-11-2022, 21:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}