Türkiyədə 7 manata olan yağ Bakıda 21 manata satılır- “Hər şey gömrükdən başlayır”


Türkiyədə 7 manata olan yağ Bakıda 21 manata satılır- “Hər şey gömrükdən başlayır”


“Ötən il antiinflyasiya tədbirləri çərçivəsində qida məhsulları bazarında aparılan araşdırmalar nəticəsində düyü bazarı üzrə 12, duz bazarı üzrə 2, çay bazarı üzrə 5, qarabaşaq bazarı üzrə 10 bazar subyektinə qarşı iş qaldırılıb”. 
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O qeyd edib ki, duz bazarı üzrə qeyri-qanuni fəaliyyət nəticəsində təsərrüfat subyektlərinin əldə etdiyi 1,3 milyon manat mənfəətin, qarabaşaq bazarı üzrə 715 min manat mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib. Düyü bazarı üzrə qanun pozuntusu aşkar edilmədiyi üçün işə xitam verilib, çay bazarı üzrə isə işə baxılması davam edir. 
Qeyd edək ki, bu gün bir sıra ərzaq məhsulları digər ölkələrlə müqayisədə dəfələrlə bahadır. Məsələn, “Enka” kərə yağı Türkiyədə 70 lirədir ki, bu, təxminən 7 manat təşkil edir. Azərbaycanda “Araz” marketdə isə həmin kərə yağının qiyməti 21 manatdır ki, bu isə həmin məhsulun üç dəfə baha qiymətə satılması deməkdir. Ölkəmizdə bu kimi bahalaşma faktları yalnız ərzaq məhsullarında deyil, qeyri-ərzaq məhsullarında, məsələn, dərmanlarda özünü göstərir. 
Niyə Azərbaycanda qiymətlər basga ölkələrdən 3 dəfə bahadır və müvafiq qurumlar gündəlik istehlak edilən məhsullarla bağlı monitorinq aparmır? 
İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti faktiki bazara hər hansı bir şəkildə təsir göstərmir: 

“Bazardakı qiymətlərin tənzimlənməsində əsas rol oynayan struktur Dövlət Gömrük Komitəsidir. Çünki Azərbaycan əsasən idxaldan asılı dövlətdir və gündəlik tələbat məhsullarının 90 faizi idxal olunur. Qiymətlərin daxili bazarda tənzimlənməsində rol oynayan qurumlar Dövlət Gömrük Komitəsi və Nazirlər Kabinetidir. Bununla bağlı Baş nazirin kifayət qədər səlahiyyəti var. Pərakəndə satış istiqamətində baza satış qiymətlərini Nazirlər Kabinetinin müvafiq aylıq normativ qiymət siyasəti müəyyənləşdirir. Eyni zamanda, idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarının tənzimlənməsi səlahiyyəti Baş nazir və Nazirlər Kabinetinin sərəncamındadaır.  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bazarda keçirdiyi monitorinqlər qiymətlərin azalmasına və yaxud artmasına heç bir təsir göstərmir.
Bu konteksdən yanaşsaq, gündəlik istifadə edilən digər ərzaq məhsullarının da monitorinqi aparılsa belə, nəticə olmayacaq. Çünki bu, qiymətlə bağlı məsələ deyil. Burada ilk növbədə bazarda inhisarçılıq meyillərinin qarşısı almaq lazım idi”. 
Ekspert bildirib ki, ancaq həmin dövlət xidməti bu məsələni həyata keçirə bilmir: 
“Ona görə ki, Azərbaycanda “Rəqabət Məcəlləsi haqqında” Qanun qəbul edilməyib. İnhisarçlığa qarşı mübarizə istiqamətində qanunvericilik bazası yetərli səviyyədə deyil. Eyni zamanda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də səlahiyyəti o səviyyədə deyil ki, bazarda qiymətin süni, yaxud təbii artmasını müəyyən etsin. İnhisarçılığın da yaranması gömrük qapılarından başlayır. Bu baxımdan da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi heç bir hüquqi, profilaktik, hər hansı bir monitorinq məqsədli araşdırma və yoxlamalar bazarda nə müsbət, nə də mənfi təsir göstərə bilər. Bu, sadəcə olaraq öz işini görən dövlət qurumudur və onların monitorinqləri mənasızdır”. 
Tarix: 1-02-2023, 10:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}