Un 50 faiz ucuzlaşdı, çörəyin qiyməti niyə düşmür? - Açıqlama




Azərbaycanda unun qiyməti ucuzlaşıb. Əvvəllər 50 kq un 33 manat 60 qəpik - 34 manat 10 qəpik arasında satılırdısa, hazırda 32 manat 70 qəpiyə təklif olunur. Ancaq un ucuzlaşsa da, çörəyin qiymətində enmə müşahidə olunmur.


Bəs, unun ucuzlaşmasının yaxın vaxtlarda çörəyin qiymətinə təsiri olacaqmı?




Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bakupost.az -a açıqlamasında bildirib ki, unun qiymətinin bir-iki manat aşağı düşməsi maya dəyərindəki ucuzlaşmanı tam olaraq özündə ehtiva etmir.


İqtisadçının sözlərinə görə, bir kisə unun qiyməti bir manat enibsə, bunun çörəyin maya dəyərinə heç bir təsiri yoxdur:


“Bu bir manat ucuzlaşma demək deyil. Dünyada gedən ucuzlaşmanın Azərbaycana təsiri olmayıb. Əslində olmalıdır. Çünki Azərbaycanda ərzaq buğdası idxaldan asılıdır. Bizim əsas bazarımız Rusiyadır. Rusiyada köhnə, yəni keçən il yığılan taxılın qiyməti 200 dollar və hətta ondan da aşağı qiymətədir. Yəni, bir ton taxıl Azərbaycanda sahibkarlara 340 manata başa gəlir. Hesablayanda 1 kq unun qiyməti 20 qəpikdən də aşağı düşür. 1 kq una ən azı 3 çörək bişirmək olur. Bu gün dünya bazarı, əsasən də Rusiyadakı bazar qiymətləri ilə müqayisə etsək, Azərbaycanda bir çörəyin maya dəyəri 15-20 qəpiyə başa gəlmir. Bunun bişirilməsi, əmək haqqı və s. digər xərclər üçün üstünə 20 qəpik əlavə etsək, həmçinin, sahibkar da bunu 25-30% artımla satsa, bu gün Azərbaycanda çörəyin qiyməti 30-40 qəpik olmalıdır. Çox təəssüf ki, biz çörəyi 60-70 qəpiyə alırıq”.


Akif Nəsirli qeyd edib ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda məhsulların qiyməti maya dəyərinin azalması zamanı ucuzlaşmır:


“Bütün digər inkişaf etmiş ölkələrdə məhsulun maya dəyəri ucuzlaşırsa, bu, dərhal qiymətə öz təsirini göstərir. Bəzən saatlarla, günlərlə bunun operativ hesablanması gedir. Bu o ölkələrdə baş verir ki, onların iqtisadiyyatında rəqabət mühiti normal olur və hökumət inhisarçılara qarşı mübarizə aparır. Dünyada artıq 6 aydır buğdanın qiyməti aşağı düşüb. 2021-ci ilin əvvəli ilə müqayisədə, hazırda buğdanın qiyməti 50%-dək enib. Buğdanın qiyməti bahalaşanda Azərbaycanda unun və çörəyin qiymətini qaldırdılar. Onda buğdanın qiyməti cəmi 100 dollar bahalaşmışdı. Yəni 250 dolardan 350 dollara qalxmışdı. Azərbaycanda həmin vaxt bahalaşma qeydə alınanda sahibkarlar bildirdilər ki, qiymətləri qaldırmağa məcburuq. O vaxt 30-40 % bahalaşma olmuşdusa, indi buğdanın qiyməti 50% aşağı düşüb”.


Ekspert bildirib ki, Azərbaycan bazarı inhisarçıların işğalındadır:


“Bu problemi aradan qaldırmaq hansısa nazirliyin və dövlət qurumunun işi deyil. Bunun üçün siyasi iradə lazımdır. Bu məsələdə hökumət, siyasi hakimiyyət qarşısına hədəf qoymalıdır ki, inhisarçılığı aradan qaldıracağıq. Problemlə mübarizə üçün proqram müəyyənləşməlidir. Dünyada bunun təcrübəsi var. Biz ən azı Qazaxıstan variantına gedə bilərik. Bu da hökumətin işidir. Başqa heç kim bu problemi aradan qaldıra bilməz”.

Tarix: 7-06-2023, 22:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}