BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? – “Oliqarx məmurlar bazarı inhisara alıblar və...”

BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR?
May ayının ikinci həftəsidir, ancaq pomidorun qiyməti hələ də qış aylarındakından fərqlənmir. Marketlərdə və bazarlarda bu məhsul alıcılara 3.60-5 manat arasında təklif olunur. Hazırda paytaxtda satşa çıxarılan pomidorun əsas hissəsi Bakıətrafı qəsəbələrdəki istixanalardan, eləcə də Şəmkir, Göyçay və s. rayonlardakı fermer təsərrüfatlarından gətirilir.

Xatırladaq ki, ötən ilin may ayında pomidor 2.50-2.80 manat arası təklif olunurdu - indiki qiymətlərlə müqayisədə təxminən iki dəfə ucuz. Qiymətlərin yüksək olması alıcıları da narazı salır. Marketlərdə apardığımız müşahidələr göstərir ki, başqa tərəvəz məhsulları ilə müqayisədə pomidor alanlar azdır. Bəzi alıcılar isə bir neçə ədəd, ən yaxşı halda 1 kiloqram pomidor alır.

“Bazar Store” marketinin təsərrüfat bölməsinin işçisi deyir ki, qiymətlərin baha olması onlardan aslı deyil. Onun sözlərinə görə, şirkətin müqaviləsi olduğu fermerlər məhsula yüksək qiymət qoyur, ticarət şəbəkələri isə ən yaxşı halda onu 40-50 qəpik marja ilə satır.

“Ucuz olanda gündə azı yarım ton pomidor satılırsa, indiki halda bir neçə yeşik zorla alınır. Bu, market üçün də sərfəli deyil. Xarab olan məhsul da xərcləri artırır, market üçün məhsulun maya dəyərini artırır” – deyə, adının yazılmasını istəməyən “Bazar Store” əməkdaşı bildirir.

Araşdırmalar pomidorun region ölkələri ilə müqayisədə ən baha Azərbaycanda satıldığını göstərir.

Moskvada ticarətlə məşğul olan Maarif Əsgərov “AzPolitika”-ya bildirib ki, pomidor növünə, ölçüsünə görə fərqli qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, Azərbaycandan göndərilən birinici növ pomidor məhsulu topdansatışda 3.60 manata, pərakəndə ticarət mərkəzlərində 4- 4.50 manata satılır.

“Əlbəttə, ucuz qiymətə də yaxşı mal almaq olar. Əgər topdansatışda 2-3 gün ərzində satılmayan mal qalıbsa, onu yarı qiymətə əldə etmək mümkündür” –deyə, Əsgərov bildirir.

Tbilisidə yaşayan jurnalist Avtandil Məmmədov isə bildirir ki, Gürcüstan paytaxtındakı ticarət mərkəzlərində əsasən 2 növ pomidor satılır: “İstixanalarda yetişdirilən, xaricdən gətirilən xırda pomidor növü var, çox dadlıdır, onun qiyməti Azərbaycan valyutası ilə 3.80- 4 manatdır. Amma Azərbaycanda bizim də istehlak etdiyimiz pomidor burada 2.50-2.80, maksimum 3 manatdır”.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki ticarət mərkəzlərində yüksək keyfiyyətli salxım pomidorun qiyməti 2-2.50 manat arasında dəyişir. Dahaa aşağı qiymətə məhsul almaq da olar.

Maraqlıdır ki, Azərbaycanda pomidorun qiyməti yüksək həyat səviyyəsinin olduğu Avropa ölkələri ilə müqayisədə də xeyli yüksəkdir.

Almaniyada yaşayan azərbaycanlı Vüqar Niftiyev “AzPolitika”-ya bildirib ki, ölkədə pomidorun qiyməti 1,50 - 1,80 avro (2.80-3.30 manat) arasında dəyişir. Qeyd edək ki, Almaniyada minimum əmək haqqı 1500 avro (2742 manat), Azərbaycanda isə 345 manatdır.

Niderlandda da pomidorun qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur. Bu ölkədə yaşayan jurnalist həmkarlarımızdan aldığımız məlumata görə, bazarlarda 2.-2.50 manata pomidor almaq mümkündür. Marketlərdə isə toros tomatın kiloqramı 4-5 manata təklif olunur.

Bəs kifayət qədər məhsul yetişdirilən Azərbaycanın yerli bazarlarında pomidorun qiyməti niyə yüksəkdir?

Xatırladaq ki, Azərbaycan adambaşına pomidor istehsalı göstəricisinə görə Portuqaliya, Türkiyə, İtaliya, İspaniya kimi ölkələrdən geridə olsa da, qonşu İrandan, Gürcüstandan, Rusiyadan xeyli irəlidədir. Belə ki, Azərbaycan 2021-ci ildə adambaşına 81,5 kiloqram pomidor istehsal edib. Bu göstərici Türkiyə ilə müqayisədə 2 dəfə az olsa da, İranla müqayisədə 2 dəfə, Rusiya ilə müqayisədə 3,9 dəfə, Gürcüstanla müqayisədə isə 5,3 dəfə çoxdur.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycanda örtülü torpaqlarda yetişdirilən məhsulları istehlakçılara yüksək qiymətlərə təklif edirlər: “Apardığımız araşdırmalar göstərir ki, payız, qış və yaz aylarında Azərbaycan bazarlarında pomidorun qiyməti qonşu ölkələrlə müqayisədə hətta 2-3 dəfə baha satılır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinın məlumatlarına əsaslansaq ölkədə pomidor istehsalının ilbəil artdığını deyə bilərik. Son 10 il ərzində ölkədə pomidor istehsalı 75,2% artıb. Eyni zamanda Azərbaycanın pomidor idxalı 2,2 dəfə azalıb, ixracı isə 4 dəfə artıb. Bu müddət ərzində pomidor istehlakı isə 46,4% artıb”.

V.Məhərrəmli deyir ki, bahalığın səbəbini yalnız pomidor istehsalı sahəsində monopoliyanın olması ilə əsaslandırmaq olar.

Onun sözlərinə görə, istixana komplekslərinin yaradılması üçün dövət hesabına ucuz kredit resursları əldə edən oliqarx məmurlar indi də bazarı inhisara almaqla mal dovriyyəsini artırmaq hesabına deyil, yüksək qiymət hesabına daha çox qazanc əldə edirlər.

Tarix: 8-05-2024, 22:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}