"Niyə MM-də korrupsionerlərin milyardlarının büdcəyə qaytarılması müzakirə olunmur?.."


BMT rəsmisi deyib ki, İ.Maskın sərvətinin cəmi 2 faizi dünyadakı aclıq problemini həll edə bilər... Bəs görəsən, Azərbaycanda hansı oliqarxın varidatının yalnız 1 faizi ölkədəki yoxsulluq, işsizlik problemini kökündən həll etməyə yetər?..
 
-3 cümlə ilə bir quş...-
 
Son həftələr Milli Məclisin sonuncu müvafiq komitə iclasından başlayan və plenar iclaslarda davam edən 2022-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirələri fonunda əhalinin güzəranı, gerçək sosial-iqtisadi durumu, maaş, müavinət və pensiyaların artırılması, haqsız yerə sosial ödənişləri kəsilmiş vətəndaşlar, o cümlədən qazilərin haqlarının bərpası, Azərbaycan iqtisadiyyatını dolanbac yollara salan inhisarçılıq, kölgə iqtisadiyyatı və s. məsələlərlə bağlı polemikalarda, sağ olsunlar, Vahid Əhmədov, Əli Məsimli kimi deputatlar xalqın ürəyindən keçənlərin xeyli hissəsini söylədilər...
 
Fəqət, sual olunur: ölkədəki ifrat sosial ədalətsizliyə gətirən əsas səbəblərdən başlıcası – kütləvi məmur-oliqarx korrupsiyası, rüşvətxorluğu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hökumətin 2011-ci ilin fevralından bəri korrupsiyaya qarşı elan etdiyi mübarizənin nəticələri, korrupsiya ilə mübarizə komissiyasının, mübarizə idarəsinin hesabatı,  bu illər ərzində, heç olmasa, həbs olunmuş nazirlər, bank rəhbərləri, deputatlar, icra başçıları, idarə rəisləri, müdirlər, baş həkimlərin və s. məxluqların taladıqları milyonların, milyardların büdcəyə qaytarılması, hansı hesablara qaytarılması, buradakı və xaricdəki əmlaklarının müsadirə edilməsi, onların satışa çıxarılması, bütün bunlardan əldə olunan gəlirlərin haraya, necə xərclənməsi və s. müzakirə olunmur?.. 
 
Halbuki, son, xüsusən 20-25 ildə işdən azad edilmiş, həbs olunmuş, eyni zamanda həbs edilməli olan, amma naməlum səbəblərdən hələlik edilməyən, lakin korrupsionerliyi, rüşvətxorluğu, xalqa, şəhid ailələrinə, qazilərə qarşı qaniçənliyi Allaha da, bəndəyə də bəlli olan  bir sıra nazir, komitə sədri, deputatlar, icra başçıları və s. oliqarxların taladıqlarının, xarici banklara, ofşor hesablara yatırdıqlarının və s.  bəlkə də cəmi 20-30 faizi büdcəyə - bu zavallı, qeyrətli xalqın  kisəsinə qaytarılsa, bununla paralel belə “bərkgedən” məmur və inhisarçı iş adamlarının obyektləri, əmlakları vergiyə düzgün cəlb olunsa, işıq, qaz, su və s. pulları gərəyincə toplansa, iqtisadiyyatımız yetərincə dirçələr, hər il guya artırmağa çətinlik çəkilir deyə, müzakirə olunan maaşlar da, müavinət və pensiyalar da azı 3 dəfə artırılar(əlbəttə, artırmaq niyyəti olsa), neçə  nəhəng zavod, fabrik də tikilərək minlərlə iş yeri açılar və üstəlik, Qarabağa Böyük Qayıdış proqramına da xərcləməyə pul qalar...
 
P.S. Bu yaxınlarda BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib ki, İlon Maskın sərvətinin cəmi 2 faizi dünyadakı milyonlarla ac insanın, körpənin, qadının, qocanın aclıq problemini həll edə bilər... Bəs görəsən, Azərbaycanda hansı oliqarxın varidatının cəmi 1 faizi ölkədəki yoxsulluq, işsizlik problemini kökündən həll etməyə kifayət edər?..
 
Sultan Laçın

Tarix: 18-11-2021, 15:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}