Qafqaz uğrunda müharibə: Ukraynadan sonra ikinci cəbhənin, sərhəddə toqquşmaların və Nensinin səfərinin - Pərdəarxası...




  Kapituliyasiya imzalamış Ermənistan iki il sonra dirçəlməyə başlayır. İrəvan beynəlxalq dəstəyi əldə etməklə iki hədəfi nişan almaqdadır: Rusiyanın orbitindən çıxmaq və Azərbaycanla sülh müqaviləsi bağlamamaq, Zəngəzur dəhlizini açmamaq. Bu siyasətində Paşinyan administrasiyasına aşkar qahmar çıxan üç dövlət var - ABŞ, Fransa və İran. Bəli, yanılmadız, düşmən olan Tehranla Vaşinqtonun bu coğrafiyada mövqeləri uzlaşır, sadəcə hərənin öz maraqlarına görə... İran Zəngəzur dəhlizinə qarşıdır, Türkiyəni bölgədə qısqanır, Şərq-Qərb kommunikasiyası onu çörəksiz qoya bilər, Amerika Rusiya üçün alternativ qovşağın olmasının əleyhinədir, Fransaya gəldikdə, bəsit ermənipərəst mövqeyidir ki, heç zaman dəyişmir. Xüsusən Makron və Paşinyan kimi qlobalistlər eyni bloka daxildirlər. Burada İran da var və yeni politologiyada AİRANA adlanır. Azərbaycan isə anqlo-sakson dünyasına daxildir, Londondan Pekinə qədər uzanan "Bir kəmər, bir yol" layihəsindəyik, Zəngəzur dəhlizi də onun bir hissəsidir. Beləliklə, hadisələrin birinci paraqrafını Anaxeber.info oxucuları üçün elə bilirik ki, aça bildik. Yəni strateji və siyasi qütbləşmə dərinləşir, bloklaşmalar güclənir, merkantil və ideoloji maraqlar üzərindən yeni cəbhələr yaranır. 

Beləcə biz İranı da, ABŞ-ı da son proseslərdə qarşımızda görməli oluruq.  Bu strateji yaxınlaşma və qütbləşmə bir də Fransanın müraciəti əsasında BMT TŞ-nın iclasının təcili çağırılması ilə oradakı dövlətlərin mövqeyində və Səmərqənddəki Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında özünü ehtiva etdi. Qoy oxuculara hadisələrin bu prizması da agah olsun ki, Bakı və İrəvan hansı siyasəti yürütməkdədir. Bəli, BMT TŞ iclası getdiyi saatlarda Səmərqənddə ŞƏT sammiti gedirdi. Və Azərbaycan prezidenti Rusiya və Çin rəhbərləri ilə görüşərkən aydın məsələ idi ki, bu ölkələrin BMT-də nümayəndələri əleyhimizə mövqe sərgiləməz. Elə də oldu, Zəngəzur dəhlizini, Şərq-Qərb yolunu dəstəkləyən güclər Azərbaycana xoş niyyətini göstərdi, sadəcə sərhəddəki toqquşmalardan sonra tərəfləri atəşkəsə riayət etməyə çağırdılar. Eyni zamanda, gündəm olan foto - Ərdoğan başda, Əliyev yanında, Putin, Lukaşenko, Rəisi və digərləri maraqla Türkiyə liderinə qulaq asırlar, bir sözlə, istər strateji, istər müttəfiqlik səviyyəsində kimin kimin yanında olduğu özünü tam ifadə edir.
Təbii ki, belə bir zamanda Çini özünə ən böyük rəqib görən Vaşinqton Nümayəndələr Palatasının spikeri Nensi Pelosini mübahisəli Tayvana göndərir, diplomatik krizis yaşanır, bir müddət sonra Rusiyadan qoparmaq istədiyi Ermənistana Pelosi səfər edir. Bu da Pekindən sonra Moskvaya bir mesaj idi. Onun qondarma abidə önündə timsah göz yaşını tökməsi isə artıq Bayden administrasiyasının Türkiyəyə münasibətini göstərirdi. Əgər qoca Bayden uydurma soyqırımı tanıdığını deyirsə, Pelosinin də göz yaşı axıtması təəcüblü deyil. Demokratlar hakimiyyətə gələndə bilinirdi ki, bədnam 907-ci düzəlişin həmmüəllifi Bayden ermənipərəst siyasət yürüdəcək. Üstəgəl, noyabrda Nümayəndələr Palatasına seçkilərdi və Respublikaçılar qalib gələ bilər, o səbəbdən Pelosi İrəvana gedir, Ermənistana açıq dəstək vəd edir və erməni lobbisinin səsini almağa çalışır. Beləliklə, regionda bütün kartlar açılmaqdadır və sərhəddə erməni təxribatları böyük toqquşmalara, hər iki tərəfdən çoxlu itkilərə baxmayaraq, Amerikanın ermənilərə dəstəyi ilə müşayiət olunur. Paşinyanın isə Nensi ilə görüşdə üzü gülür. Normaldı. Çünki onu amerikalılar hakimiyyətə gətirib. Üstəlik ABŞ-ın ikinci ən böyük səfirliyi İraqdan sonra kiçik Ermənistandadır. Amma Paşinyan Saakaşvilinin bir başqa formada yolunu getməkdədir. Üstəlik, Ermənistanın Rusiyadan asılılığı Gürcüstandan daha çoxdur - Gümrü bazası, Erebuni aviabazası, sərhədləri rusun əlində, dəmiryol xətləri Rusiyanın mülkiyyəti, özü Avrasiya İqtisadi Birliyi və KTMT üzvüdür. Ona görə Paşinyan tərəfdarları blokdan çıxmaq tələbi ilə yürüşləri davam edərsə, İrəvan KTMT-dən çıxmaq hünəri özündə taparsa, Ermənistanın başına gələcəkləri təsəvvür etmək olar. Eynilə Ukrayna və ya Gürcüstan aqibəti də, bir başqa şəkildə cəza əməliyyatı da mümkündür. Ona görə Cənubi Qafqaz uğrunda gedən mübarizə kulminasiya nöqtəsinə çatıb və bizim üçün Nensinin səfəri əslində çox yaxşı manevr imkanları yaradır. Dünya qütbləşir, bloklaşmalar dərinləşir və indi strateji olaraq "kim haqlıdır" mübahisəsi etməyin yox, rəsmi Bakı üçün düzgün strategiya yürütməyin zamanıdır. Yəni biz Türkiyə və Rusiya yaxınlaşması kontekstində indi daha çox şey qopara bilərik, Putindən 10 noyabr sənədinin icrası ilə bağlı praktik nəticələr qazana bilərik. O baxımdan biz 12 və 13 sentyabrda sərhəddə baş verən toqquşmaların səbəblərinə, nəticələrinə və irəlidə nələrin olacağına bu rakursdan baxmalı, təhlil etməliyik. Yəni Azərbaycanı "təcavüzkar" adlandıran Fransa və Pelosi sülhə zərbə vurmağa müəyyən qədər nail oldular. İndi Brüssel, yoxsa Moskva platformasında danışıqlar intensivləşəcək, bunu zaman göstərəcək. Hər halda bölgədə sabitliyin pozulması, bu toqquşmalar Rusiyanın marağında görünmürdü, əksinə, Brüsseldən qayıdan Paşinyanın Vaşinqton - Paris - Tehran üçbucağında aldığı dəstək və təlimatla sərhəddən mövqelərimizin atəşə tutulması, genişmiqyaslı təxribatlar baş verdi. Amma əsgərimiz Göyçə gölünə qədər gedib çıxıbsa, bir neçə yüksəkliklərə nəzarəti ələ keçiribsə, deməli, Ermənistan Qərbdən dəstəyinə baxmayaraq, sülhə və Zəngəzur dəhlizini açmağa məcburetmə əməliyyatlarımızla çox ağır zərbə aldı, növbəti dəfə darmadağın oldu. Bəzi iddialara görə Paşinyan ABŞ qarşısında bəzi istəklərdə olub.
 Pelosi Vaşinqtona qayıdar - qayıtmaz ABŞ tərəfindən Azərbaycana qadağaların qoyulması üçün səy göstərəcək. İstəklər içərisində Azərbaycana silah tədarükünün uzunmüddətli dayandırılması, neft və qaz ixracına qadağa qoyulması, o cümlədən Avropa İttifaqının Azərbaycanla enerji siyasətinə limitlərin qoyulması aiddir. Bundan başqa, kəşfiyyat məlumatlarının ötürülməsi, İsrailin Azərbaycanla əməkdaşlığın dayandırılması dayanır. Əvəzində Ermənistan Rusiya təsirini tədricən aradan qaldıracaq. Paşinyan "əgər mən devrilsəm, ABŞ Qafqazı itirəcək" sətiraltı ifadələri ilə Vaşinqtonun dəstəyini qazanmaq fikrindədir. Ancaq dediyimiz kimi, bu ona baha otura bilər. Necə ki 2008-də rus tankları Tiflisin 25 kilometrliyinə çatmışdı, Sarkozi qaçaraq gəlib Saakaşvilini xilas etdi, Ukrayna NATO-ya üzvlük istəyini ortaya qoyduğu üçün 7 aydır şəhərləri bombalanır, rusların ömrü boyu tulası olmuş Ermənistanın da Paşinyan dövründə qucaq dəyişməsi ona baha başa otura bilər. Bütün hallarda Azərbaycan üçün yeni manevr imkanları var və qütbləşmə kəskinləşdikcə, Türkiyə ilə birlikdə bölgədə hədəflərimizə yaxınlaşa bilərik... 

Anaxeber.info
Tarix: 19-09-2022, 09:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}