"Xəzər dənizini dövlət sərhəddi kimi hasarlayıb baxmağa da həsrət qoyublar" - Kimlər cəzalanacaq?

"Xəzər dənizini dövlət sərhəddi kimi hasarlayıb baxmağa da həsrət qoyublar" - Kimlər cəzalanacaq?

"Xəzər dənizini dövlət sərhəddi kimi hasarlayıb baxmağa da həsrət qoyublar"
Bu gün nə qədər acınacaqlı olsa da, Bakıda Xəzər dənizi sahillərinin çox hissəsi müəyyən şəxslər, qurumlar, obyektlər tərəfindən hasarlanıb. Dənizi hasarlayanlar təkcə insanların hüquqlarını pozmur, eyni zamanda ətraf mühitə də zərər verir. Dəfələrlə bu obyektlərdən, evlərdən dənizə kanalizasiya sistemlərinin axıdılmasının şahidi olmuşuq. Məsələn, ötən il Buzaovna ərazisində xeyli obyektlər söküldü. Obyektlər söküldükdən sonra onların kanalizasiya sularının birbaşa dənizə axıdıldığı məlum oldu. Bu gün də hasarlanaraq vətəndaşlardan gizlədilən, sahil zolağında dəniz həmin obyektlər tərəfindən çirkləndirilir. Bəlkə heç aidiyyatı dövlət qurumlarının da, bu prosesə nəzarət etməyə gücü çatmır. Səbəb isə, məlumdur.
Bəs Xəzəri hasarlayıb, bizi Xəzərdən məhrum buraxanların cəzası nədir?
SİAM.AZ-ın məlumatına görə, hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında mülkiyyətin 3 növü - dövlət, bələdiyyə və xüsusi mülküyyət növləri var. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan hissəsində sahil boyu 20-50 metrlik torpaqlar Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyəti hesab olunur və dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aiddir.

Hüquqşünasın sözlərinə görə, 46-cı maddəni 2.1-ci bəndinə görə, heç bir halda Xəzər dənizinin Azərbaycan hissəsində olan olan sahil boyu 20-50 metrlik zolağın altında qalan torpaqlar özəlləşdirilə bilməz. Həmin ərazilər hansı rayonun ərazisində, icra hakimiyyətinin balansındadırsa, həmin icra hakimiyyətinin qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər.

Dənizin hasarlanması məsələsinə gəldikdə isə, hüquqşünas bildirib ki, qeyd olunan ərazidə hasarlar çəkilə bilər və bunla bağlı qanunvericilik məhdudiyyət qoymur. Ancaq sahil boyu hasarın və tikinti konstruksiyasının uzunluğu 200 metr olmalıdır və yalnız dövlət sərhəddinin mühafizəsinin təmin etmək məqsədilə çəkilməlidir.

“Hasarlar arasında hərəkət üçün nəzərdə tutulmuş yollar olmalıdır, bu yollar 6 metrdən az olmayaraq, birbaşa sahilə çıxışı təmin olunan yollar olmalıdır. Bu gün həqiqətən də Xəzər dənizi boyunca, hətta Sumqayıtdan başlayaraq, Ələtə qədər demək olar ki, dəniz təmamilə hasarlanmış vəziyyətdədir. Bu isə, qanunvericiliyin tamamilə pozulmasıdır. Hətta bəzi yerlər var ki, orda hasarların uzunluğu kilometrlərlə davam edir”-deyə qeyd edən hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması, İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinin 1-ci bəndinə görə pozuntu hesab olunur və buna görə fiziki şəxslər 4000 manat məbləğində cərimə oluna bilirlər.

Eyni zamanda bu əraziyə cavabdeh olan, bu hasarların çəkilməsinə icazə verən və ya onların çəkilməsinə rəvac verən və hərəkətsizlik göstərən vəzifəli şəxslər 8 min manat məbləğində cərimə oluna bilərlər. Bu hasarların çəkilməsini icra edən hüquqi şəxslər isə, 40 min manat məbləğində cərimə edilirlər.

Ramil Süleymanov bildirib ki, bu hasarların sökülməsi birbaşa dövlət tərəfindəm həyata keçirilməlidir. Əgər bu, hasarların söküntüsündən sonra eyni əməllər, eyni şəxslər tərəfindən təkrar törədildikdə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər 50 min manat məbləğində cərimə olunurlar.

Hüquqşünas vurğulayıb ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, dövlət mülkiyyətində olan torpaqlardan istifadə və icazə olmadan özbaşına hasarlama və becərmə, o cümlədən ümumiyyətlə başqa üsullarla istifadə etmə 8 min manatdan 10 min manata qədər cərimə cəzasına, 2 il müddətinə qədər azadlığın məhdudlaşdırılması və ya 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır.

Eyni əməllər tikinti və ya quraşdırma işləri istifadə və icarə hüququ olmadan aparıldıqda bu halda 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Bu əməllər təkrar törədilirsə və ya vəzifəli şəxslərin öz qulluq mənafeyindən istifadə etməklə törədildiyi halda 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır.

Xəzərin hasarlanması yolverilməzdir və digər vətəndaşların istirahət hüquqlarının pozulması, eyni zamanda milli sərvətimiz olan Xəzər dənizindən istifadə etmək hüququnun məhdudlaşdırılması deməkdir. Bu kimi hərəkətlərin qarşısını dövlət özü almalıdır.

P.S.Etiraf etməliyik ki, Xəzəri zəhərləyən, ekologiyaya zərər verən elə açıq şəkildə də edə bilir. Məsələn, Hövsan kanalından danışaq. Uzun illərdir ki, kanal dənizi çirkləndirir. Bir tədbir görən varmı? Xeyr!
Tarix: 4-08-2023, 23:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}