Azərbaycanlı turistlərə ən çox hansı ölkələrdə zərər vururlar


FransaParis, Fransa

Azərbaycan vətəndaşları üçün səyahət anlayışının son illər çox dəyişdiyini demək olar. Sanki azərbaycanlılar dünyanı gəzmək barədə daha çox düşünməyə başlayıb. Səyahət qruplarına nəzər yetirəndə buna əminlik yaranır. Azərbaycanlılar hətta uzaq Peruya, Yeni Zelandiyaya getməkdən də çəkinmir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan vətəndaşlarının səyahət zamanı zərər gördüyü məqamlar az olmur. Sosial şəbəkə qruplarının birindəki müzakirə xeyli adamın soyulduğunu, əziyyət çəkdiyini ortaya qoyub.
Osman Əlimirzəyevin “Böyük ümüdlərlə, həvəslə gedib, amma xəyal qırıqlığı yaşadığınız ölkə və ya şəhər olub?” sualına xeyli cavab gəlib. Səyahət edən azərbaycanlılar daha çox Parisin pinti görkəmindən, Milanın cansıxıcı obrazından, azadlıq şəhəri İzmirin gözləntilərə cavab verməməsindən gileylənib. Gözlənilməz səslənsə də, Finlandiyanın paytaxtı Helsinkidən, azərbaycanlıların sevimli şəhəri saya biləcəyimiz İstanbuldan da xeyli giley-güzar oxumaq mümkündür. Xaricə səfər edən Azərbaycan vətəndaşlarını daha çox Fransada soyublar.
Peyman Xəlilov Parisdə açıq havada nahar edərkən stolun üstündən şəxsi əşyasını gizlicə götürmək istəyiblər. Yan masadakı müştəri cəld tərpənib, oğruya məqsədinə nail olmağa imkan verməyib. Peyman Xəlilovun rəyinə münasibət bildirən Kəmalə Gülməmmədova Fransanın paytaxtında iki dəfə telefonunun oğurlanmasını xatırlayıb. Günel Sadıxova isə Parisdə tanışının 500 avrosunun necə aparılmasını təsvir edib. Salman Tanrıverdiyevin də başına iş bu qədim şəhərdə gəlib. Dələduzların küçədə həyata keçirdiyi məşhur “üç stəkan” oyununun növbəti qurbanı Azərbaycan vətəndaşı olub. Nuranə Teymurova gileylənib ki, Parisdə oğruların əlindən çantanı qucaqlayıb gəzmək məcburiyyətində qalırsan.
Aygün Zeynalova ilə Leyla Abbaszadə Neapolda çantalarının soyulmasını xatırlayıb. Onlar İtaliya şəhərində vahiməli gün keçirdiklərini yazıb. “Amazon”da işləyən azərbaycanlı Yaşar Əhmədlinin Mərakeşdə telefonunu oğurlayıblar. Ramal Lənkəranlının Meksikada icarəyə götürdüyü avtomobilin şüşəsini sındırıb telefonunu və başqa iki cihazı aparıblar. Ziya Camalın Yunanıstanın Saloniki şəhərində baqajı yoxa çıxıb. Ülya Bəylərin telefonu hətta Niderland kimi təhlükəsizliyin yüksək səviyyədə olduğu ölkədə oğurlanıb. Çinarə Xanbutaylı isə Kambocada sağ qalmaq üçün mübarizə apardığını yazıb.
Tarix: 27-08-2021, 18:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}