20 milyon dinləyicisi olan aparıcı- Hitlerin təbliğatçısı Nürnberqdən necə bəraət alıb?- FAKTLAR




Nürnberq məhkəməsi onu ən ağır maddələrlə ittiham edib. Haqqında ayrıca məhkəmə iclasının keçirilməsi üçün Hans Friçe ilə bağlı SSRİ-də saxlanılan hərbi alman əsirlərindən də ifadələr alınıb. Təkcə onun törətdiyi hərbi cinayətlərin qısa adları 32 səhifədən ibarət olub. Məhkəmə prosesi ilk günlərdən onun xeyrinə olmasa da, Hans Friçe bütövlükdə Nürnberq məhkəməsində bəraət alan üç nəfərdən biri olub...
1900-cü ildə Almaniyanın Bohum şəhərində anadan olan Hans Friçe məktəb illərindən jurnalistikaya böyük maraq göstərib. Amma o, arzularını gerçəkləşdirməyə tələsməyib, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ordudan tərxis olunduqdan sonra Friçe Berlin Universitetində filologiya, tarix və fəlsəfə üzrə ali təhsil alıb.
İlk jurnalistlik fəaliyyətinə “Preussische Jahrbucher” jurnalında başlayan Friçe 1924-1932-ci illərdə Almaniyada Beynəlxalq Xəbərlər Xidməti Agentliyində redaktor vəzifəsində işləyib, 1932-ci ildən isə Almaniya radio xəbərləri xidmətinə rəhbər təyin edilib. Friçe bu illər ərzində bir neçə dəfə nasist partiyasını, Adolf Hitleri tənqid edən reportajlarla da çıxış edib.

Nasistlər hakimiyyətə gəldikdən sonra Friçenin fəaliyyət istiqaməti tamamilə dəyişib. 1933-cü ilin fevral ayında 3-cü Reyxin təbliğat naziri Yozef Göbbels Friçeyə rəhbərlik etdiyi qurumda iş təklif edib. Göbbels jurnalistə Hitler haqqında mənfi reportajlarını da xatırladıb və qeyd edib ki, nasistlərə işləyəcəyi təqdirdə onun keçmiş fəaliyyəti unudulacaq. Təbliğat naziri Friçeni Almaniya Radio Xidmətinə rəhbər təyin edəcəyi halda qarşısına şərtlər də qoyub. Şərtlərdən birincisi xidmətdə çalışan bütün yəhudiləri işdən azad etmək, ikinci şərt nasist partiyasına üzv olmayanları xidmətdən uzaqlaşdırmaq, üçüncü şərt isə Friçenin nasist partiyasına üzvlüyə qəbul olunması olub.
Friçe bu şərtləri qəbul etsə də, birinci və ikinci şərtlərə qismən əməl edib, üçüncü şərti isə dərhal yerinə yetirib, nasist partiyasına üzv olub.
Nasistlərin informasiya və təbliğat işinin mükəmməl qurulması üçün bu sahəyə ayrılan vəsait 10 dəfə artırılıb. Əvvəllər bu sahəyə 400 min marka ayrıldığı halda, 1933-cü ildə bu rəqəm 4 milyon markaya çatıb.
Öz işinin peşəkarı olan Friçe 3-cü Reyxin informasiya sisteminə bir yenilik gətirib, bütün xəbər agentliklərinə və radiolara peşəkarlar cəlb olunub. 1942-ci ildə Friçenin vəzifəsi daha da böyüyüb, o, Hitler tərəfindən  Böyük Almaniya radiosunun və informasiya sisteminin səlahiyyətli nümayəndəsi təyin edilib.

Friçenin həftəlik efirə çıxan “Danışır Hans Friçe” verilişinin dinləyicilərinin sayı 20 milyona yaxın olub.
Friçe Göbbelsin sağ əli sayılsa da, təbliğat nazirinin ona qarşı münasibəti çox da səmimi olmayıb. Bütövlükdə 3-ce Reyxin informasiya və təbliğat işindən Hitler razı qalsa da, Göbbels heç vaxt Friçenin xidmətlərini dilə gətirməyib.
Müharibənin son gününə qədər Friçe mikrofon qarşısından çəkilməyib. Hitlerin və Göbbelsin ölümündən sonra isə o, könüllü olaraq sovet hərbçilərinə təslim olub.
Friçe həbs olunduqdan sonra Moskvaya aparılıb, onu “Lubyanka”nın təcridxanasında saxlayıblar. Sonralar özü yazdığı kimi, “Lubyanka”da o, həyatının ən ağır günlərini yaşayıb. Elə ilk gündən “NKVD” əməkdaşları Friçenin işgəncə ilə üç dişini çıxarıblar, lazımi ifadələr almaq üçün onun gündəlik çörək və su payını da azaldıblar. Payızda isə məhkəmədə iştirakını təmin etmək üçün radio aparıcısını Nürnberqə aparıblar.
Friçe müttəhimlər skamyasında əyləşən ən kiçik vəzifəli şəxs olub. Əslində, onu məhkəməyə intihar etmiş Göbbelsin əməllərinə cavab verəcək bir şəxs kimi gətiriblər. Mübahisəli məhkəmədə Friçe özünü müdafiə etməyi bacarıb. Hətta SSRİ-də əsirlikdə olan alman zabitlərinin onun əleyhinə verdiyi ifadələrin saxta olduğu da üzə çıxıb. Məhkəməyə şahid qismində gətirilən bir neçə nəfər Friçeni üzdən belə tanımayıb. Çıxışında Friçe aşağıdakıları qeyd edib:
“Müharibə illərində mən geniş antisovet təbliğatı aparmışam. Müharibə dəhşətlərinin günahkarları arasında SSRİ-nin də adını çəkmişəm. Amma SSRİ-nin Almaniyaya hücum etməkdə heç vaxt ittiham etməmişəm. Heç bir hərbi əməliyyatda iştirakım olmayıb, heç bir hərbi cinayət törətməmişəm. Hərbi cinayətlər törətməyə çağırışlarım olmayıb. Mənim araşdırılan fəaliyyətimdə bununla bağlı bir fakt varsa, ən ağır cəzanı çəkməyə hazıram...”

Həqiqətdə də Friçenin hərbi cinayətdə əli olması ilə bağlı heç bir tutarlı sənəd olmayıb. Bununla da məhkəmə ona bəraət verib. Daha dəqiq desək, Friçe ən ağır cəzadan qurtulub. Amma Nürnberq məhkəməsindən sonra Friçeni faşizm ideyalarının təbliğatında aşırı fəaliyyətinə görə ittiham edərək 9 il azadlıqdan məhrum ediblər. Üç il cəza çəkdikdən sonra Friçe 1950-ci ildə səhhətində yaranmış ciddi problemlərə görə azadlığa buraxılıb. Məşhur aparıcı ömrünü son üç ilini tibb müəssisələrində keçirib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Hans Friçe 1953-cü ildə, 53 yaşında xərçəng xəstəliyindən vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 2-04-2022, 19:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}