“UNO-lar ABŞ-ın nüvə raketlərinə hücum edib” xəbəri niyə yayıldı - pərdəarxası məqamlar



Ötən həftə ABŞ Konqresində yadplanetlilərlə bağlı sensasion dinləmələr keçirilib. Bu mövzuda dinləmələrə Konqres son 50 ildə ilk dəfə qərar verib. Tədbir canlı yayımda bütün dünya tərəfindən izlənilib.
Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin alt komitəsində keçirilən açıq dinləmədə Pentaqon rəsmiləri konqresmenlərə ABŞ hərbi texnikasının Uçan Naməlum Obyektlərlə (NUO-UFO) toqquşması ilə bağlı on bir hadisə barədə məlumat veriblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat üzrə direktor müavini Skot Breydən Amerika hərbi texnikasının UNO-larla toqquşması hallarının olub-olmaması soruşulub. “Bizim heç bir toqquşmamız olmayıb. Ancaq bunun az qala baş verdiyi ən azı on bir hadisə var idi”, - deyə Pentaqon rəsmisi bildirib. Brey bildirib ki, bu hallarda naməlum obyektlərdən toqquşma təhlükəsi barədə xəbərdarlıq siqnalı daxil olmayıb. O, ABŞ ordusunun UNO-larla əlaqə saxlamağa cəhd etmədiyini vurğulayıb.
Pentaqonun sözçüsü UNO-ların Amerika nüvə raketlərinə hücum etdiyini dedikdən sonra yayım qəfil kəsilib və dinləmə məxfiləşdirilib.
Rusiya ilə nüvə müharibəsi həddinə gələn ABŞ-ın 50 ildən sonra bu mövzuda canlı yayında dinləmələr keçirməsi maraq və sual doğurur. Niyə indi? Bu, nəyə hazırlıqdır? Ümumiyyətlə, hazırlıqdırmı?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Həmid Herisçi qeyd olunan xəbərə inanmadığını dedi:
“Yadplanetlilərin olub-olmaması tamamilə başqa mövzudur. Lakin deyə bilərəm ki, bu cür informasiyalar şifrəlidir. Heç bir xəbər olduğu kimi deyil. Hər biri xəbəri tapmaca kimi açmaq lazımdır. Əgər xəbər doğrudursa, bunun tamam başqa məqsədi var. Yəni ”qızım sənə deyirəm, gəlinim, sən eşit" estetikasında iş görülüb. Ola bilsin ki, yadplanetli hansısa ölkənin kod adıdır. Qəti inanmıram ki, ABŞ-da indiki vəziyyətdə bu informasiya realdır.

Həmid Herisçi: “Amerikada yadplanetlilərlə bağlı olan bütün  informasiya tam məxfidir, informasiyanı mətbuata ötürən adamı həbs edərlər”
Hamıya da məsləhət görürəm ki, bu cür xəbərlərə ciddi yanaşmasın.
Xatırladım ki, 1947-ci ildə Meksika ştatında oxşar hadisə olub və onun sənədləri indiyə qədər də məxfidir. ABŞ-da yadplanetlilərlə bağlı olan bütün  informasiya tam məxfidir. Orada informasiya mətbuata sıçraya bilməz, sıçrasa, bunu edən adamı həbs edərlər, çünki bu, Amerika qanunlarına görə qanun pozuntusudur. Yəni Pentaqonda UNO mövzusu məxfidir.
Bir daha qeyd edirəm ki, bu cür xəbərləri dəqiq yoxlamaq lazımdır. Bunu hakerlər düzəldə bilər. Hətta bu cür informasiyalar oturuşmuş xəbər saytlarına da gedib çıxa bilir. Mənim bu xəbərə böyük şübhəm var".

Fərhad Mehdiyev: “Ehtimal etmirəm ki, ABŞ Rusiyadan hər hansı təhlükə hiss etdiyi üçün bu cür hazırlıq görür”
Politoloq, beynəlxalq hüquqşünas Fərhad Mehdiyev də bu informasiyanın doğruluğuna inanmadığını dedi:
“Ehtimal da etmirəm ki, ABŞ Rusiyadan hər hansı təhlükə hiss etdiyi üçün bu cür addım atır, hazırlıq görməyə çalışır. Yəni bunu ehtimal hesab etmirəm. Hər halda, bu məsələ ilə bağlı ABŞ mətbuatını  yaxından izləmək lazımdır”.
Göründüyü kimi, UNO-ların varlığını qəbul edənlər olsa da, böyük əksəriyyət inanmadığını deyir.
Bəs həqiqətən Yerdən başqa sivilizasiya, yaşayış  varmı? Əgər doğrudan da yadplanetlilər dünyaya səyahət edirsə, onları maraqlandıran ən çox hansı amildir?
21-ci əsrdə yaşamağımıza baxmayaraq hələ də bu suallar tam olaraq çözülməyib. Xatırladaq ki, yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton ağırlığında olması, habelə onların divarlarında astronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.
Bəzən konus, üçbucaqlı, bumeranq və başqa formalarda da olmasına baxmayaraq, el arasında “uçan boşqab”lar adlandırılan UNO-ların müasir tarixi isə onların “ilk dəfə” 1896-cı ildə ABŞ-da müşahidə edilməsi ilə başlayır. Bu sahəni öyrənən elm isə ufologiya adlanır.
UNO-ları Yerdə nə maraqlandırır?
Ufoloqların fikrincə, UNO-lar Yer sivilizasiyasının inkişaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya və digər nüvə dövlətlərinin hərbi obyektlərinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar. Ufoloqların fikrincə, Yerin gələcək taleyindən narahatlıq keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası genişləndikcə - müharibələr, təbii fəlakətlər, ekoloji böhran dərinləşdikcə UNO-ların da narahatlıqları artır-bu da ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv edəcəyindən qorxurlar. Şayiələrə görə, Çernoblda baş vermiş məlum partlayış zamanı radiasiyanın fonu 3000 rentgen olub. “Uçan boşqablar” gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə endiriblər.
Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizinin öz gözləri ilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, “uçan boşqab”la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa cürət etməyiblər.
UNO-lar Azərbaycanda da insanlarla təmasa cəhd edib?
Sağlığında ufologiya ilə məşğul olan azərbaycanlı alim Fuad Qasımov da bildirirdi ki, Azərbaycanda il ərzində UNO-lar öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. UNO gördüyünü iddia edən şəxslərin iddialarına görə, yadplanetlilərin boyu təxminən 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları olduqca iridir, gözləri insanı vahiməyə salacaq qədər iridir, əlləri dizə qədər uzanılıdır və sairə.
Nazim Qaraməmmədov: “Hər hansı bir yadplanetlinin Yerə uçub gəlməsi ilə bağlı hansısa real fakt və ya sübut yoxdur”
Ufoloq Fuad Qasımov bəyan edirdi ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların “xoşuna” gəlir. Bu ərazilər Abşeronda Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. Onun sözlərinə görə, UNO-ları burada tez-tez görmək olar: “UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır”.
Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Nazim Qaraməmmədov mövzu ilə əlaqədar “Yeni Müsavat”a danışıb.
 “Sözün doğrusu, UNO-ların Amerika nüvə raketlərinə hücum etməsi haqda olan məlumatı oxumamışam. Hər halda, yəqin ki, internetdə bununla bağlı müəyyən məlumatlar var.
Məlumat nə dərəcədə realdır, onu ilk öncə araşdırmaq  lazımdır. Hazırda yadplanetli məsələsi elə ciddi konqreslərdə, konfranslarda müzakirə olunmayan məsələdir. Çünki onların varlığı və yoxluğu sübut olunmayıb".
Yadplanetlilər haradan gələ bilər?
"Birinci ondan danışmaq lazımdır ki, bizim qalaktikadan başqa haradasa sivilizasiya, “yadplanetli qardaşlarmız” varmı? Bu məsələ özü bir problemdir. Çünki ortada hansısa konkret fakt, dəlil-sübut yoxdur ki, haradasa yadplanetli var.
İkincisi də onların bizim planetə uçub gəlməsi, hücum etməsi məsələsi də bu gün gündəmdə olan məsələ deyil. Ona görə ki, bizə ən yaxın  olan ulduz Alfa Centauriyə kosmik sürətlə gedib çatmaq üçün 300 il vaxt lazımdır.
Məlum olduğu kimi, kainata ilk süni peyk 1957-ci ildə buraxılıb, ilk insan isə 1961-ci ildə uçub. Daha ciddi uçuşların tarixi isə 30-40 ildir, bundan artıq deyil. Yəni Marsa hansısa kosmik gəmilərin göndərilməsi 1977-81-ci ildə ABŞ-ın NASA təşkilatı  tərəfindən edilib ki, həmin gəmilərdən biri artıq Günəş  sisteminin hüdudlarını tərk edib, kənara uçub. Buna görə də hansısa kosmik yadplanetlilərin Yerdə hansısa nüvə raketinə hücum etməsi məsələsi ciddi səslənmir. Bu, çox qeyri-ciddi bir məsələyə oxşayır".
Nazim Qaraməmmədov qeyd etdi ki, ümumiyyətlə, hər hansı bir yadplanetlinin Yerə uçub gəlməsi ilə bağlı hansısa real fakt və ya sübut yoxdur:
“2012-ci ildə  ”Kainat" adlı kitabımı yazanda istəyirdim ki, kainata aid olan mövzuların hamısını qismən də olsa əhatə etmiş olum. Həmin vaxt  yadplanetlilər haqqında çox axtarıb, araşdırdım.  Məlum oldu ki, bu məlumatların böyük əskəriyyəti belədir - “deyirlər ki, filan vaxtı, filan yerdə filankəs görüb”. Sən demə, həmin vaxt ABŞ-da deyirmişlər ki, Sovet ölkələrində belə bir şey görünüb, Sovet ölkələrində də deyirmişlər ki, Amerikada görünüb. Yəni məsafə çox uzaq olduğundan bir-birilərini görmək üçün o qədər də imkan yox idi.
Xatırladım ki, illər öncə Amerika Dövlət Departamenti xüsusi bir komissiya yaratmışdı ki, “uçan boşqablarla” bağlı araşdırma aparılsın. Komissiyanın tərkibinə hərbi dəniz qüvvələrinin nümayəndələri və NATO-nun elmi əməkdaşları daxil idi.  Komissiya üzvləri “uçan boşqablarla” bağlı məlumatlarda olan şəxsləri tapıblar, baxıblar ki, həmin adamların psixoloji problemləri var və zaman-zaman nələrisə uydurub, danışırlar. Və yaxud araşdırılıb ki, sən demə, heç məlumatda adı çəkilən adam, ümumiyyətlə, yoxdur. Yəni qəti şəkildə heç bir real fakt, sübut yoxdur. Bütün bunlardan sonra  Amerika Dövlət Departamenti belə bir bəyanatla çıxış edərək bildirdi ki, “bu məsələ haqqında danışanlar elə hesab edirlər ki, daha mədəniyyətlidirlər, lakin rəsmi səviyyədə araşdırdıqdan sonra bəyan edirik ki, bu haqda danışan adamların səviyyəsi  çox aşağıdır, ona görə də onların dediklərini doğru qəbul etmək düzgün deyil”.
Tarix: 24-05-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}