Jukovun kapitulyasiya ziyafəti – məğlub alman generallarını təəccübləndirən qara kürü və şampan şərabı



Müharibələrin sonunda kapitulyasiya aktlarının imzalanması tarixə xüsusi bir hadisə kimi həkk olunur. Bu aktın imzalanması ilə tərəflərdən kimin qalib, kimin məğlub olması rəsmən təsdiq olunur.
Maraqlı faktlardan biri odur ki, II Dünya müharibəsində SSRİ-nin iştirakı ilə Almaniyanın məğlubiyyəti ilə bağlı iki dəfə kapitulyasiya aktına imza atılıb. Birinci dəfə protokol 1945-ci il mayın 7-də Fransanın Reyms şəhərində imzalanıb. Sənədi Almaniya tərəfdən general Alfred Yodl, ingilis-amerikan ordusu adından general Uolter Bedell Smitt, SSRİ tərəfdən general İvan Susloparov, Fransa tərəfdən isə müşahidəçi qismində general Fransua Sevez imzalayıb. Dörd bənddən ibarət olan kapitulyasiya aktı imzalananda SSRİ şərt irəli sürüb ki, istənilən müttəfiq ölkə tərəfindən daha bir kapitulyasiya aktı imzalana bilər. Tərəflər bu şərti qəbul edib. Bu şərt əsas götürülərək, mayın 8-də Berlinin Karlhorst qəsəbəsində Almaniyanın sözsüz və tam kapitulyasiyası ilə bağlı növbəti akt imzalanıb. Almaniya tərəfdən aktı general Vilhelm Keytel, general Ştumpf və Frideburq, SSRİ tərəfdən qələbə marşalı kimi tarixə düşən Georgi Jukov imza atıb.

Bu tarixi hadisə heç də sakit bir şəraitdə, yalnız aktın imzalanması ilə keçməyib. İmzalanma mərasimindən sonra marşal Jukov qalibləri və məğlubları ziyafətə dəvət edib.
Əslində Jukov ziyafətin təşkil olunması ilə bağlı kapitulyasiya aktının imzalanması mərasimindən bir neçə gün əvvəl göstəriş verib.
Ziyafətin başlanması mayın 8-i saat 15-00-a planlaşdırılıb. Amma müttəfiqlərin nümayəndələrinin imzalanma mərasiminə gec çatmalarına görə qaliblər və məğlublar süfrə arxasına gecə saat 2-də keçiblər.
Ziyafətin təşkil olunması Birinci Belarusiya Cəbhəsinin arxa cəbhə xidməti rəisi general  Nikolay Antipenkoya həvalə edilib. General sonralar öz xatirələrində bu haqda yazıb:
“Kapitulyasiya ziyafətinin menyusu o qədər zəngin idi ki, biz SSRİ qida sənayesi komissarı  (naziri) Vasili Zotova müraciət etdik. Jukov onunla birbaşa rabitə əlaqəsinə girdi, bildirdi ki, ona göndəriləcək siyahıdakı ərzaq məhsullarını təcili Berlinə çatdırmaq lazımdır. Elə həmin gün Jukovun xahişi yerinə yetirildi, ərzaq və içkilər təyyarə ilə Berlinə çatdırıldı. Ziyafət iki zalda keçirildi, birində qaliblər, digərində məğlublar kapitulyasiya aktının imzalanmasını qeyd edirdilər. Jukov göstəriş vermişdi ki, süfrədə Almaniya məhsulları olmamalıdır. Biz bu ciddi tapşırığa ciddi şəkildə riayət etdik. Bütün ərzaq və içkilər sovet məhsulları idi...”

Marşal Jukov Alman generallarını, xüsusilə də Vermaxtın qərargah rəisi, general-feldmarşal Vilhelm Keyteli ziyafətə dəvət edərkən fikirlərini belə açıqlayıb:
“Vaxtilə Hitler və Keytel Leninqradı işğal etməklərinə tam əmin idilər. Onlar hətta əvvəlcədən “Astoriya” restoranında keçiriləcək ziyafətə dəvətnamələr də çap etdirmişdilər. Amma bu ziyafət baş tutmadı, onlar bu restoranda öz hərbi uğurlarını qeyd edə bilmədilər. Biz xırdaçılığa getməyəcəyik, səxavətimizi əsirgəməyəcəyik, Keytelin ziyafət arzusunu ürəyində qoymacağıq, əsl ziyafətin necə olduğunu onlara nümayiş etdirəcəyik...”
Jukov onu da göstəriş verib ki, alman generallarının süfrələrində içki və yemək məhdudiyyəti olmasın.
Jukovun səxavəti, menyu zənginliyi alman generallarının təəccübünə səbəb olub. Keytel Nürnberq prosesi zamanı saxlanıldığı həbsxanada yazdığı gündəlikdə həmin ziyafət haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Sovet generalları Göbbelsin təbliğatında deyildiyi kimi sivil həyatdan uzaq, vəhşi xislətli insanlar deyildi. Ziyafət zamanı onların nümayiş etdirdiyi süfrə mədəniyyəti bunu bir daha sübut edirdi. Biz fərqli bir “ziyafət” gözləyirdik, yəni məğlub olmuş generallar kimi bizə yalnız normaya uyğun standart pay verilməli idi, şorba, kartof və yaxud kələm. Ən yaxşı halda isə bir qədəh şnaps(alkoqollu içki). Çeşid-çeşid soyuq və isti yeməklər, kürü, şampan şərabı və digər təamlar məni təəcübləndirməyə bilməzdi...”

Bəli, bu fərqli süfrə Keytelin sonuncu ziyafəti olub. Jukovun səxavəti, qara kürü və şampan şərabı feldmarşalı o qədər təəcübləndirib ki, o, ziyafət zamanı başının üstündə dayanan silahlı Britaniya əsgərlərini də görməyib. Bu zəngin süfrə feldmarşala Üçüncü Reyxin dağılmasını da unutdurub.
Qarşıdakı günlərdə isə feldmarşal Keyteli Nürnbürq prosesi, məhkəmədə üzünə oxunacaq edam hökmü gözləyib.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 29-05-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}