Qələmi satmaq olarmı


Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi davam etməkdədir. Onların ilkin ifadə verməkdən imtina etməsi, vəkilləri ilə görüş imkanlarının məhdudlaşdırılması söylənilir. Eyni zamanda “rüşvətxorluq” maddəsi ilə saxlanılan şəxslərin Ədliyyə Nazirliyinə deyil, DTX-ya təhvil verilməsi də maraqlı haldır. Bunun nə dərəcədə vacib olmasını, əsaslandırmasını bilmirəm, ancaq hansısa zavod direktorundan 20 min manat rüşvət alınması (iddia şəklində - bunu hələ məhkəmə sübut etməlidir) dövlətçiliyimizə bu qədərmi təhlükə yaradır?
Məsələyə tanınmış media eksperti, hüquqşünas, vəkil Rəşid Hacılının münasibətində çox maraqlı detala rast gəldim. Rəşid bəy "Turan" agentliyinə müsahibəsində belə bir fikir irəli sürür ki, jurnalist kiminsə piarını aparmaq üçün də ondan pul ala bilərdi.
Doğrudan da, belə bir situasiya düşünək: həbs edilən zavod direktorunun ailəsi vəkil vasitəsilə jurnalisti tapır, ona pul verir ki, bizim müsbət imicimizi yarat. Bizi internetdə, “Yutub” platformasında təbliğ elə. Haqlı olduğumuzu göstər və sairə. Jurnalist də piarı təşkil edir, lakin ailə təbliğatın yanlış, tərs istiqamətdə aparıldığını düşünüb pullarını geri istəyir.
O cümlədən vəkilə də ödənişlər edilməsi təbii haldır.
Belə bir durum mümkün deyildirmi? (Jurnalist və vəkilə qəsd qurulması, necə deyərlər, “ciblərinə pul atılıb tutulması” versiyasını da rədd etmirəm). Mümkündür. Bizim ölkədə hər şey mümkündür.
Əgər belə isə, o zaman jurnalist və vəkilə qarşı yalnız hansısa gəlirlərini vergidən gizlətmək ittihamı irəli sürülə bilərdi. Bu da hazırda elə şeydir ki, az qala vergilər idarəsinin işçiləri də maaşı bu cür, qara mühasibatlıqla alırlar. Məhkəmədə Rasim müəllimin söylədiyi kimi: “Sistem belədir”. 
Ancaq düşündürücü olan tək bu versiyalar deyil. Düşündürücü olan cəmiyyətin bu versiyalara münasibətidir. İlk növbədə, jurnalistin öz əməyinə görə kimdənsə ödəniş alması xalqa qəribə gəlir.
Bizim camaat jurnalist əməyinə (ümumən bütün yazı-pozu adamlarının zəhmətinə) adətən necə baxır? Sən özünü xalqın yolunda şam kimi yandırmağa borclusan. Evin-eşiyin olmamalıdır. Uşaqların acından köpük qusmalıdır. Arvadın zibillikdən paltar götürüb geyinməlidir. Lakin qələmini satmaq olmaz! Heç kimə! Nə hökumətə, nə oliqarxlara, nə xaricilərə, nə də başqa planetdən gələnlərə! Biz də səni müftə-müsəlləm oxumalıyıq, izləməliyik, hələ arada gərnəşib “Ayə, kopolunun gədəsi yaman danışdı bəyaq, yutub dağılırdı sən öl”, ya da “Qağa, sənin yazının alovuyla qışda evimizi qızdırırıq, qızıldan qiymətli başın haqqı” deməliyik.
Müqayisə qüsurludur (amma müftədir), Mirzə Cəlilin xanımı Həmidə ilə məktublaşmalarında bir detal vaxtilə diqqətimi çəkmişdi: Mirzə jurnalı sata bilmirmiş, satanda da pulunu ala bilmirmiş! Məsələn, redaksiya Tiflisdə olanda bunlar Bakıya jurnal göndərir, orada yaddaşım məni aldatmırsa, jurnalı Məmməd Səid Ordubadi satırmış, ancaq pulu Mirzə Cəlilə göndərmirmiş, türkün sözü, dalına keçirmiş. Mirzə məktubunda bundan gileylənirdi.
İndi də bizim millət çox nadir hallarda qıyıb sözə, sənətə pul ayırır. Nə qədər jurnalistimiz, yazıçımız aclıq üzündən xaricə qaçıb, lakin elə tiplər var min kitabın pulunu bir manısın göbəyinə taxmağıyla fəxr edir. İstisnaları çıxmaq şərtiylə, biz kitab-dəftərə, qəzet-jurnala, jurnalistə, yazara pul xərcləməyi itki hesab edirik. Bizə elə gəlir ki, müstəqil informasiya mənbəyinə qəti ehtiyacımız yoxdur, hökumətin dediyi, yaxud Vatsapdakı Mamedin yazdığı bəsimizdir. Jurnalistin işinə, zəhmətinə görə pul alması tək prokurorluğa çöçün gəlsəydi nə vardı? Az qala hamı belə fikirləşir, hətta jurnalistlərin özü də!
P.S. Üzrlü sayın, şəxsən mən bu yazı üçün qonorar almaq fikrindəyəm, versələr. Çirkin adamam da bə. Gərək mən qələmimi qıraydım, ancaq satmayaydım - şair demişkən. 
Tarix: 15-09-2022, 09:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}