Aclıq, səfalət və heyrət: “Əl-Qaidə” liderinin öldürüldüyü məkanda – FOTOLAR



Zəvahirinin yaşadığı iqamətgahı görəndə gözlərimə inanmadım…
Sizə Əfqanıstandan danışıram. Kabildə həmsöhbət olduğum insanlar, aldığım təəssürat, “Taliban” tərəfindən qurulan və hələ heç bir ölkə tərəfindən tanınmayan “İslam Əmirliyi”…
Bu gün BMT-nin Kabildə qala kimi qorunan bazasında operator dostum Özgür Balabanla birlikdə, Əfqanıstana yardım üzrə BMT-nin xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərovla həmsöhbət olduq. Həmçinin “Əl-Qaidə” lideri Zəvahirinin ABŞ pilotsuz uçuş aparatının hücumu zamanı öldürüldüyü binaya baş çəkdik.
BMT Əfqanıstanın nəfəsliyidir və onun yardımları olmasa, ölkədə milyonlarla insan acından ölər. Bəs, bu yardımlar yetərincədirmi? Bu yolla aclıq və susuzluqla mübarizə aparmaq mümkündürmü? “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra vəziyyət hansı istiqamətə yönəldi?
BMT təmsilçisi ilə söhbət
Görüşə getdiyimiz BMT təmsilçisi Ramiz Ələkbərovun çalışdığı BMT bazası qala kimi qorunur və müxtəlif axtarışlardan keçib qalın divarlardan o tərəfə addımlayanda bir çox millətlərdən olan əməkdaşların çalışdığı kiçik bir dünyaya rast gəlirsən.

Beləliklə, Ələkbərovla söhbətimiz:
- Əfqanıstanda nə qədər insanın ərzaq yardımına ehtiyacı var?
- Burada kütləvi yardım lazımdır. Keçən il ayırdığımız büdcə 4,4 milyard dollar idi və hələ ki, onun yarısını da yığa bilməmişik. Baxın, bu ölkədə 20 milyon insanın qidası çatmır. Bu insanları qida ilə təmin etməyə cəhd edə bilərsiniz və ya başqa bir şəkildə cəhd edə bilərsiniz.
- Hansı yolla?
- 20 milyona hazır yemək verməkdənsə, 2 milyon insana iş yeri yaradırsınız. Əfqanıstanda ailələr orta hesabla 7-10 nəfərdən ibarətdir. Əgər ailədə bir nəfər işləyirsə, qalanları ilə o məşğul olur. Ona görə də problemə hansı yöndən yanaşmağınız vacibdir: 20 milyona ərzaq yardımı etmək, yoxsa 2 milyona iş imkanı yaratmaq?
- Hansı daha bahadır?
- Qida yardımı.
- 20 milyon insanın ərzaq yardımına ehtiyacı olması əhalinin yarıdan çoxu deməkdir. Onların neçəsi uşaqdır?
- Onların əksəriyyəti uşaq və yeniyetmələrdir. Təəssüf ki, Əfqanıstanda 5 yaşa qədər ölüm nisbəti də çox yüksəkdir. Uşaqların 20-25 faizi qida çatışmazlığından əziyyət çəkir. Onların əksəriyyəti xəstəxanaya çatanda artıq gec olur. Amma təəssüf ki, bu, yeni deyil. Ancaq əvvəllər ölkənin bir çox bölgələrinə çıxışımız yox idi. Ona görə də “Taliban”dan əvvəl və sonranı müqayisə etmək düzgün deyil. Biz onilliklər ərzində əlimiz çatmayan yerlərə yenicə çatmağa başlamışıq.

- O zaman Əfqanıstana gələn yardımlar, pullar ölkənin məhdud bir hissəsinə çata bilirdi?
- Bəli, giriş problemi var idi. Təhlükəsizlik yox idi. Humanitar işçilərimiz çarpaz atəşə tutula bilərdi. Digər bir məsələ peyvəndlə bağlıdır. Peyvənd uşaqların sağ qalması üçün vacibdir. Qida çatışmazlığı və pis şəraitdə peyvənd olunmamış uşaqlar ən sadə xəstəliklərdən belə, ölə bilər.
- Peyvəndə müqavimət məsələsi nə yerdədir?
- Burada peyvənd əleyhinə tayfalar və qruplar var. Peyvənd etməyə gedən məmurların qətlə yetirilməsi halları yaşanıb. Ancaq bunlara baxmayaraq, peyvənd proqramları davam etdi, son bir neçə ildə kəsildi və indi yenidən başladıq.
- Bu gün Əfqanıstanda hər yerə çatmaq mümkündürmü?
- Artı          bəli, demək olar ki, hər yerə. Giriş problemimiz yoxdur, amma fərqli problemlərimiz var. Qadınlara müraciət etməkdə çətinlik çəkirik.
- “Taliban” hökuməti tanınmadığı üçün Əfqanıstanın vəsaitləri dondurulub və ölkəyə birbaşa pul axını demək olar ki, yoxdur. Bu, insanlara necə təsir edir?
- Tanınıb-tanınmaması hökumətlərarası məsələdir. Lakin bank və maliyyə sistemi böhranı ölkəni böyük iqtisadi depressiyaya sürüklədi. Bu, insanların hər gün daha çox köməyə ehtiyac duymasına səbəb olur.
Zəvahirinin öldürülmüyü məkanda
“Əl-Qaidə” lideri Zəvahiri Kabilin mərkəzində - “Yaşıl Zona”da yaşayırdı. Avqustun əvvəlində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus dron Ayman əl-Zəvahirinin yaşadığı iqamətgahı bombalayıb və Zəvahiri öldürülüb.
Kabildə olarkən Zəvahirinin öldürüldüyü binanı görmək istəyirdim və onun yerini öyrənəndə şoka düşdüm. Çünki dünyanın ən təhlükəli terrorçularından biri sayılan, başına 25 milyon dollar mükafat qoyan Zəvahirinin məkanı ucqar bir diyarda, künc-bucaqda deyil, Kabilin ürəyindədir. İqamətgah şəhərin mərkəzi və ən təhlükəsiz ərazisi olan “Yaşıl Zona” kimi qəbul edilən ərazinin ortasındadır. Qaldığımız otelin düz arxasında, Həmid Kərzainin evi və Türkiyə səfirliyi ilə üzbəüz, aralarında 150 metr məsafə var…

Bina şəhərin göbəyində yerləşsə də, ona yaxınlaşmaq asan deyil, qarşısında polis maşını və mühafizə gözləyir. Çəkiliş aparmaq istədik, icazə vermədilər. İcazə sənədimiz və uzun-uzadı danışıqlarımız nəticəsində yalnız foto çəkməyə icazə verdilər.
“Əl-Qaidə” lideri Zəvahiri bu binada ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb. Onun öldürülməsindən sonra “Taliban”ın bəzi fiqurları evlərini dəyişdirib, təhlükəsizlik tədbirlərini artırıblar. Onlar ABŞ dronlarının hədəfinə gəlməkdən qorxub…
Müəllif: Nagehan Alçı
Mənbə: “haberturk.com.tr”
Tərcümə AYNA
Tarix: 23-10-2022, 09:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}