Sui-qəsdlər yuvası – “pak insanların yurdu”nda Əzrayılla çiling-ağac oyunu


 223 
Pakistanın sabiq baş naziri İmran Əhməd Xan Niyaziyə qarşı yarımçıq baş tutan sui-qəsd cəhdi bu ölkəni yenidən dünya mediasının gündəminə çıxarıb.
Pakistan dünyanın unikal yerlərindən biridir. 222 milyon civarında əhalisi, 1 trilyon dollardan çox büdcəsi, 803, 940 kvadrat\kilometr ərazisi (dünyada 34-cü) olan bu ölkə 1947-ci ildə Böyük Britaniyanın müstəmləkəsi olmaqdan qurtulub müstəqil dövlətə çevriləndən bəri daxili sabitliyin, dinc hakimiyyət dəyişikliyinin, siyasi təlatümlər olmadan yaşamağın nə olduğunu bilməyib, bilmir.
Əslində Pakistan demokratik respublikadır, burada bir Asiya-Şərq ölkəsində ola biləcək qədər qanuni və dürüst seçkilər keçirilir, seçkiləri qazanan partiyalar parlamentdə çoxluq əldə etdikdə hökumət qururlar. Hakimiyyətə gələn qüvvələr heç bir halda təkpartiyalı siyasi sistem yarada, bir şəxsin uzun sürən avtoritarizmini bərqərar edə bilmirlər.
Bununla belə, Pakistan hərbi çevrilişlər yuvasıdır. Qiyamçı generallar dəfələrlə bu ölkədə hakimiyyəti ələ alıb, bir müddət hökmranlıq ediblər, sonra yenidən dövlətin idarə edilməsi səlahiyyətini seçkiləri qazanmış mülki şəxslərə verməli olublar. Bu cəhətdən Pakistanın daxili siyasi vəziyyəti 2002-ci ilə qədərki Türkiyəninkinə oxşayır.
Hərbi çevrilişlərdən başqa, Pakistanda, demək olar ki, dövləti idarə edənlərin hamısı səlahiyyətləri bitmədən müxalif siyasi qüvvələrin təzyiqi ilə istefaya getməyə məcbur olurlar. Bu ölkədə seçkiləri udmaq, baş nazir seçilmək hələ o demək deyil ki, həmin qüvvə dövləti uzun müddət idarə edəcək. İlk və ya ikinci fürsətdə parlamentin çılğın müxalifəti ilə birləşmiş qızğın kütlələr və qətiyyətli hərbçilər 3-4 il əvvəl xalqın seçdiyi şəxsi hakimiyyətdən kənarlaşdırır.
Dövlətin siyasi sisteminin özülü belə qoyulub və belə də gedir. “Pak, təmiz insaların yurdu” mənası verən ölkənin xalqının siyasi fəal kəsimi bu ənənəni ləyaqətlə qoruyur.
ilkler.JPG (44 KB)
Ölkənin ilk prezidenti, ondan əvvəl Pakistanın general-qubernatoru olan İsgəndər Mirzə (1899-1969) tələbkar xalqın qəzəbini soyutmaq üçün dörd il ərzində dörd nəfəri baş nazir postunda dəyişsə də, axırda istefa verməyə məcbur olub. Onu ölkədə fövqəladə vəziyyət tətbiq edərək, baş komandan təyin etdiyi Əyyub Xan devirib. Məhəmməd Əyyub Xan İsgəndər Mirzəni vadar edib ki, ölkəni tərk etsin. Ondan sonra general Xan özünü prezident elan edib.
Vaxt keçib, gün dolanıb, xalq 11 il ərzində (1958-69) Pakistanı idarə edən Əyyub Xandan da bezib və onun da istefası tələb olunub. Əyyub Xan vəzifəsini general Yəhya Xana verməli olub.
hqdefault.jpg (7 KB)
Əslən Azərbaycan türkü və qızılbaşlar nəslinin davamçısı olan Ağa Məhəmməd Yəhya Xanın bəxti onda gətirməyib ki, ölkəsi Hindistanla müharibəyə girib və Şərqi Pakistanda, indiki Banqladeşdə olan Paksitan ordusunun 90 minlik kontingenti milli-azadlıq mübarizəsi aparan benqallara kömək edən Hindistan ordusuna əsir düşüb. Bu hadisə ali baş komandan Yəhya Xanın reputasiyasını yerlə bir edib, ölkəsində ən bədnam şəxsə çevirib. Onun hakimiyyəti öz partiyasının az-çox nüfuzunu itirməyən üzvlərindən birinə - Zülfüqar Əli Bhuttoya verməkdən başqa çarəsi qalmayıb. Bhutto bu etimada görə Yəhya Xana “borclu” qalmayıb, 1972-ci ildə onun ev dustağı edilməsi haqqında göstəriş verib.
ikinc.JPG (65 KB)
Cənab Bhuttonu isə 1978-ci ildə özünün etimad göstərib müdafiə naziri təyin etdiyi general Məhəmməd Züya-ül-həqq devirib. General öz hamisini devirməklə qalmayıb, onun edam edilməsini də lazım bilib. Ancaq 10 il sonra hansısa qüvvə Ziya-ül-həqqin aviaqəzada həlak olmasını təşkil edib (bu işdə şübhələr SSRİ-nin üzərinə yönəlib).
Ziya-ül-həqq ölüncə Pakistanda hakimiyyətə yenidən Bhutto ailəsinin üzvü – 35 yaşlı xanım Benəzir Bhutto gəlib. İki dəfə baş nazir postu tutmağa nail olan xanım Bhutto 3-cü dəfə hakimiyyətə gəlmək üzrəykən, 2007-ci ildə sui-qəsd nəticəsində öldürülüb.
Sui-qəsdə məruz qalan Pakistan liderləri bunlarla bitmir.
1999-ci ildə “məxməri hərbi çevriliş” nəticəsində, qan tökmədən hakimiyyətə gələn general Pərviz Müşərrəfin həyatına 3 dəfə sui-qəsd təşkil edilib. Bundan başqa, ölkənin rəsmi strukturlarının iddiasına görə, ona qarşı daha 14 sui-qəsd cəhdinin qarşısı alınıb. Bu sui-qəsdlərdən ən səs-küylüsü 2003-cü ilin dekabr ayının 14-də və 25-də törədilənlərdir. Müşərrəfin keçəcəyi körpünün altına 5 partladıcı maddə yerləşdirilib, ancaq bu qurğular radiosiqnalları dəf edən xüsusi cihazların sayəsində prezidentin karvanı körpünü keçdikdən az sonra işə düşüb.
İsefaya məcbur edilmək və öldürülmək Pakistan liderlərinin başına gələn xoşagəlməz hadisələrdən yalnız ikisidir. Daha biri də var: cinayət məsuliyyətinə cəlb edilmək. Pakistanda bu da yayğındır. İstər hakimiyyət başında olan, istərsə də istefaya çıxan siyasətçilərə qarşı, tez-tez cinayət işləri qaldırılır və onlar ya həbs edilir, ya da xarici ölkələrə qaçırlar.
ucinci.JPG (63 KB)
Məsələn, hakimiyyətdən getdikdən sonra həbs təhlükəsi ilə üzləşdiyinə görə ölkədən qaçmış Pərviz Müşərrəf 2013-cü ildə Pakistana qayıdıb seçkilərə qatılmaq istərkən, ona qarşı cinayət işi açıblar və o, yenidən ölkəni tərk edib. Cənab Müşərrəf haqqında dövlətə xəyanət ittihamı ilə qiyabi şəkildə edam hökmü çıxarılıb və o, hazırda BƏƏ-də yaşayır.
Pakistanda 4 dəfə baş nazir olmaq imkanı qazanmış Nəvaz Şərif də cinayət məsuliyyətinə cəlb edilən liderlərdəndir. Ona qarşı irəli sürülən ittihamlar əsasən korrupsiya ilə bağlıdır. 2018-ci ildə qızı Məryəmlə birlikdə Pakistana qayıdan Şərif Lahor hava limanında həbs olunub.
Benəzir Bhuttonun əri, ölkəsinin ikinci ən varlı adamı Asif Əli Zərdari 2004-cü ildə iqtisadi cinayətkarlıqla əlaqədar həbsə və işgəncəyə məruz qalsa da, girov müqabilində azadlığa çıxıb, 2008-ci ildə prezident seçilib. Xalq Benəzir Bhuttoya verəcəyi səsi onun dul ərinə verib.
5d40258d-22bc-3851-9ba9-323cae0c4ab3_850-1667477060.jpg (221 KB)
İndi İmran Xanın başına gələn sui-qəsd olayı həmin silsilədəndir və heç kəsi təəccübləndirə biləcək gücdə deyil. Edam, sui-qəsd, impiçment, istefaya məcbur edilmək və həbsxana pakistanlı siyasətçilərin alın yazısıdır.
Rəqib qüvvələr bu ilin aprelində istefaya göndərilmiş İmran Xanın iri addımlarla hakimiyyətə qayıtdığını görürlər və onun qarşısını bu cür almaq istəyirlər. Aydın olub ki, adamı istefaya məcbur etməklə ondan can qurtarmaq mümkün deyil, gedər, bir də gələr, ən yaxşısı, onu gedər-gəlməzə göndərməkdir.
İmran Əhməd Xan Niyaziyə qarşı qəsdin motivi budur.
Bir sözlə, Pakistanda siyasətlə məşğul olmaq, prezident və baş nazir seçilmək Əzrayılla çiling-ağac oynamaq kimi bir şeydir. 75 ildir ki, belədir.
 
Xalid KAZIMLI
Tarix: 4-11-2022, 11:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}