Cehiz - maddi yük, yoxsa adət-ənənə?


Sosioloq: “Valideynləri cehiz almağa məcbur etmək vəhşilikdir”
“Qız beşikdə, cehiz eşikdə” deyə atalar sözümüz var. Bu deyim indi də keçərlidir. Belə ki, əksər valideynlər, xüsusən də bölgələrdə ailədə qız övladı dünyaya gəldikdə onun üçün cehiz toplamağa başlayırlar.
Bu adət ta qədimdən Azərbaycanda mövcuddur. Lakin keçmişdə adətən gəlin köçən qızlara çox da böyük olmayan cehizlər verilərdi, məsələn, qab-qaşıq, iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşək. Sovet dövründə də adətən qızlara bu cür cehizlər verilər, yalnız bir neçə müasir yeni məişət əşyalar da daxil edilərdi.
Hazırda isə bir qıza verilən cehiz bəzən böyük sərvət dəyərində olur desək, yanılmarıq. Qız tərəfi mütləq bahalı qab-qacaq, müxtəlif elektrik avadanlıqları, dekorativ əşyalar, çilçıraqlar, yataq və qonaq otağı üçün müasir mebel dəsti, hətta bəziləri uşaq otağı üçün dəst verir. Təbii ki, bütün bunlar gəlin köçən qızın baş ucalığı üçündür. Bəzən cehiz tam olmayanda qarşı tərəf, yəni oğlan evi narazılıq edir, arada küskünlük, söz-söhbət yaranmağa başlayır.
Hesablamalara görə, hazırda orta səviyyəli ailə qızına cehiz almaq üçün təxminən 10 min manata qədər pul xərcləyir. Lakin 30-40 min xərcləyənlər var. Bəzən isə “qonşudan geri qalmamaq” üçün valideynlər kreditlərə müraciət edir və illərlə kredit borcu ödəməli olur. Nəzərə alsaq ki, son bir neçə ildə mebel və digər avadanlıqların qiyməti xeyli artıb, qiymətlər sözün əsl mənasında “əl yandırır”. Əvvəllər cehizin məbləğini toydan yığılan puldan ödəmək olurdusa, indi toyların qiyməti o qədər qalxıb ki, yığılan pullar yalnız toyun özünə çatır.
Bəs ekspertlər çıxış yolunu nədə görür?

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O, son vaxtlar mənəviyyatımızın, humanitar, sosial məsələlərin başlı-başına buraxılmasından gileyləndi: “Artıq bu məsələlərə diqqət edən, fikir verən yoxdur. Ona görə də ortalığa bu cür problemlər çıxır. Məlum məsələdir ki, zaman sürətlə dəyişib, cəmiyyət xeyli mürəkkəbləşib. Yəni hazırkı cəmiyyət 20-30 il əvvəlki cəmiyyət deyil. İndiki cəmiyyətin öz tələbləri, yanaşmaları var. Toydan əvvəl  xınayaxdı, ciyəraxşamı, daha sonra toy, cehiz, bütün bunlar nəyə lazımdır? Ona görə lazımdır ki, iki gənc evlənir, bu toy hadisəsi onların yaddaşında qalsın. Toy o zaman daha məzmunlu olur ki, orada cütlüklərin gələcəyi üçün yaxşı bir özül, fundament qoyulur.
Cehizə gəldikdə isə, keçmişdə cehiz ona görə verilirdi ki, evlənən cütlüklərin ailədə bir yerdə yaşaması üçün müəyyən şərait yaradılsın, onlar çətinlik çəkməsin. Verilən cehizlər də böyük bir şeylər deyildi. Əsasən yorğan, yastıq, gündəlik işlədilən xırda məişət əşyaları və sairə olurdu. Təxminən 50 il əvvəl bir qızın cehiz xərci o vaxtkı pulla 300-500 manat olurdu. Xatırlayıram ki, həmin illərdə bir qohumumuzun toyu zamanı cehiz pulu 410 manat etmişdi. Yəni cehiz sadəcə, ümumi dəstək üçün idi. Lakin indiki vaxtda toy edənlər bəzən az qala bir evin xərci qədər cehizə xərc çəkir və sonra illərlə bunun əziyyətini çəkir.
Toy etməkdə istəyimiz nədir? İstəyimiz budur ki, evlənən cütlüklər gələcəkdə xoşbəxt olsun. Bunun üçün isə fikirləşmək lazımdır ki, ailənin əzəli, əbədi funksiyaları hansılardır? Yüz il də, min ildə, elə indi də ailənin əbədi, əzəli funksiyası ondan ibarətdir ki, iki gənc bir-biri ilə mehriban, xoşbəxt olsun, qarşılıqlı sevgi, hörmət münasibətində, bir-birinə arxa-dayaq olsunlar, xəstələnəndə, çətinliyə düşəndə birgə problemlərin öhdəsindən gəlsinlər, evdə böyüyən uşaqlar həyata hazırlansınlar, dövlətə əhəmiyyətli nəsil yetidirsinlər. Yəni bir sözlə, cehiz ona xidmət etməlidir ki, yekunda ailə daha xoşbəxt olsun. Amma həyat göstərir ki, indiki dövrdə ailələr daha çox maddiyyat üzərində qurulur. Əgər ailə, gənclərin münasibətləri maddiyyat üzərində qurulursa, maddi dəyərlər önə, mənəvi dəyərlər arxaya keçirsə, həmin ailə bəri başdan qurulmasa yaxşıdır, çünki çox da uzağa gedə bilmir.
Bu gün əksər hallarda oğlan evi qız tərəfini xeyli xərcə salır, hərisliklə gözləyir ki, qız nə gətirəcək. Tələb edilir ki, hökmən nələrsə gətirilməlidir, mütləq qonaq dəsti, yataq dəsti olmalı, bahalı paltaryuyan, televizor, soyuducu, tozsoran və digər əşyalar olmalıdır. Deyilənlər olmayanda isə ailələrdə narazılıqlar, söz-söhbətlər başlayır bu isə yeni qurulan ailənin sütunları sarsılır. Cehizə görə ailələrin dağılmasını az görməmişik. Cəmiyyətimiz anlamalıdır ki, iki gənc evlənəndə hər iki tərəfin ata-anası imkan daxilində onlara köməklik edə, hədiyyə bağışlaya bilər. Valideynləri cehiz almağa məcbur etmək vəhşilikdir, bunu ləğv etmək lazımdır.
Əslinə qalsa ən gözəl cehiz gənclərə verilən tərbiyə, mədəniyyət, mənəviyyatıdır. Əgər gənclər düzgün tərbiyə alıbsa, mədəniyyətləri yüksəkdirsə, onlar özləri gələcəkdə işləyib, özlərinə lazım olan əşyaları, cehizi alacaqlar, əsas odur ki, birlikdə xoşbəxt yaşasınlar. Bu baxımdan hesab edirəm ki, cehiz məsələsinə tamamilə yenidən  baxmaq, onunla bağlı indiki tabuları aradan götürmək lazımdır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gener, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.
Hazırladı: Xalidə GƏRAY
Tarix: 26-11-2022, 10:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}