Erməniyə xalat geyindirən, Zeynalovu nazir qarşısında əyən Rusiya

 

Ermənilər Kamilin onlara veriləcəyinə ümid edirdilərmi, ümumiyyətlə, Ermənistana Kamil lazım idimi?

Əvvəlcə başqa bir Zeynalov olayını yada salmaqda fayda var. 2013-cü ildə Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu öldürən Azərbaycan vətəndaşı, 31 yaşlı Orxan Zeynalov olayı yəqin ki, çoxlarının yadındadır. Bu qətli törətdikdən sonra Orxan Zeynalov hadisə yerindən qaçmışdı, bu da rusların qəzəbinə səbəb olmuşdu, miqrantlara, xüsusilə azərbaycanlıların Rusiyadan çıxarılması tələbi ilə aksiyalar başlamışdı. Qətldən bir neçə saat sonra Moskvanın Biryulyovo rayonundakı tərəvəz bazasında “Orxan Zeynalovun yerini deyin” tələbə ilə 1200-dən çox miqrant saxlanıldı, hətta buna etiraz olaraq o zaman “Amnesty International” bəyanat da verdi. 
ff4faba4d52324f93bf0072fe14afcea.jpeg (131 KB)
Onun yerini deyənə 1 milyon ruvl mükafat da vəd edildi. Amma polis tezliklə onu telefonundan etdiyi zənglə yerini müəyyən edərək meşəlikdə saxladı. Bundan sonra isə görünməmiş hadisə baş verdi. Azərbaycanlını xüsusi vertolyotla Petrovka- 38 ünvanına aparıldı-burada onun belini daha da bükərək daxili işlər naziri Vladimir Kolokoltsevin qarşısına çıxardılar.
2013-cü ilin yayında daha bir hadisə də baş verdi. Bu dəfə Moskvada 18 nəfərin ölümünə səbəb olan erməni “KamAZ” sürücüsü Qraçye Arutyunyan idi. Onu məhkəmə zalına xəstəxana palatasından və... arvad xalatında gətirmişdilər. O zaman bu hərəkət geniş müzakirələrə səbəb olmuşdu. Zatən həyatı sönmüş ermənini güllü-güllü arvad xalatında telekameraların qarşısına çıxarmaq hər şeydən əvvəl Moskvanın böyük ayıbı, Rusiyada hüquqi özbaşınalığın, milli ayrı-seçkiliyin göstəricisi idi. Ermənistanın bəzi dairələri bunu ölkələrini alçatmaq jesti kimi qiytmləndirdilər, İrəvanda anti-Rusiya aksiyaları oldu. 
DETAIL_PICTURE__51438031.jpg (41 KB)
Bir neçə ay fərqi ilə baş vermiş bu iki hadisədən 10 ildən çox vaxt keçib, o zamandan dünyada da, Rusiyada da, Qafqazda da dəyişən çox hadisələr olub. Ermənistan 2013-cü ildə Rusiyanın ən yaxın müttəfiqi idi, Qarabağ və ətrafında erməni işğalı davam edirdi, İrəvanda hakimiyyətdə də Kremlin yaxın kadrı Serjik Sərkisyan oturmuşdu. Amma Rusiya erməni sürücünün şübhəsiz ki, qəsdən törətmədiyi(məlum oldu ki, yük maşının əyləci xarab olubmuş) qəzadan istifadə edərək Ermənistana gözdağı verdi, aşağıladı. Bunu niyə etdikləri tam aydın da deyildi, çünki Rusiya miqrantlar ölkəsidir, üstəlik çoxmillətli federasiyadır. Bəli, 2013-cü ildə ölkədə millətçiliyi körükləyən skinxedlər var idi və Rusiya hakimiyyəti lazımı məqamlarda onlardan istifadə edirdi. Orxan Zeynalov olayında da əsas fəallıq göstərənlər “başıqırxıqlılar” idi. Rusiyada millətçi təşkilatlar indi əvvəlki gücündə deyil, bir çoxlarının fəaliyyəti qadağan edilib. Amma rus şovinizmi hələ ki, yaşayır və zaman-zaman özünü, üzünü göstərir.
Kamil Zeynalovun bir neçə saatlıq həbsi Azərbaycanda ciddi narazılıq yaratdı. Əvvəla, o səbəbdən ki, Rusiyaya Azərbaycanda münasibət birmənalı deyil, cəmiyyətin əksəriyyəti həmişə olduğu kimi Moskvaya inamsız yanaşır. Rusiya bundan narahatdırmı? Məntiqlə olmalıdır. Amma belə görünür ki, bu inamsızlığı aradan qaldırmaq üçün çalışmır, görünür, bu korlanmış imic məsələsi Kreml üçün o qədər də önəmli deyil. Kamilin əsassız olaraq və həssas erməni məsələsinə görə saxlanılması “qaşınmayan yerdən qan çıxarmağa” oxşadı. Rusiyaya qarşı haqlı narazılıq oldu, köhnə söhbətlər yada düşdü, “qaysaqlanmayacaq yaralar qanadıldı”. Bu 10-12 saat davam edən gərginlikdə maraq nə ola bilərdi, bunu anlamaq çətindir. Həbsə siyasi rəng nə qədər desən vermək də, hətta münasibətləri “qaralamaq” da olar. Amma bundan ölkə olaraq bizim qazancımız yoxdur... 

Kamilə qarşı Ermənistanın irəli sürdüyü ittihamlar əlbəttə ki, əsassız və qondarmadır. Rusiya polisinin ona qarşı görünən kobudluğu olmadı, döyülmədi və sairə. Qoluna qandal vurmamaq olardı, amma belə görünür ki, bu dramatizm lazım idi. Ermənistan az qala Azərbaycan kişilərinin yarısını axtarışa verib və Rusiya sərhədini keçən hər azərbaycanlıya bu cür “diqqət” mənasız zaman alacaq, əlavə gərginlik yaradacaq.
Ermənilər Kamilin onlara veriləcəyinə ümid edirdilərmi? Ümumiyyətlə, Ermənistana Kamil lazım idimi? Deyəsən, Rusiya yenə nəsə demək istədi...
 

Musavat.com
Tarix: 22-02-2024, 15:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}