ABŞ sanksiyası altına düşən Azərbaycan vətəndaşı kimdir? - GƏLİŞMƏ

ABŞ sanksiyası altına düşən Azərbaycan vətəndaşı kimdir?
Xəbər verdiyimiz kimi, ABŞ Ukraynadakı müharibəyə və rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketi tətbiq edib.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində daha 11 ölkədən 26 hüquqi və fiziki şəxsə qarşı da sanksiyaları açıqlayıb.

Nazirlik qeyd edib ki, üçüncü ölkələrin şirkətlərinə qarşı sanksiyalar Rusiyaya texnologiya, avadanlıq və ehtiyat hissələrinin tədarükünə görə tətbiq edilib.

Qaynarinfo-nun araşdırmasından məlum olub ki, ABŞ Azərbaycan Respublikası vətəndaşına qarşı da sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi Azərbaycan Respublikası vətəndaşı Qafarzadə Mehdi Fikrət oğlunu Amerika istehsalı olan təyyarələr üçün aviasiya komponentləri və ehtiyat hissələrini Rusiya Federasiyasına göndərməklə ABŞ-ın ixraca nəzarət qaydalarını pozmaqda ittiham edib.

O, Qırğızıstan Respublikasında qeydiyyatdan keçmiş "Ukon” MMC-nin baş direktorudur. Qeyd edilən şirkət də sanksiyalara məruz qalıb.

"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) "Ukon” və Mehdi Qafarzadə ilə bağlı hərəkətləri Sənaye və Təhlükəsizlik Bürosu (BIS) və ABŞ Gömrük və Sərhəd Mühafizəsi ilə sıx və davamlı əməkdaşlığın nəticəsidir", deyə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Əldə etdiyimiz məlumata görə, Qafarzadə Mehdi Fikrət oğlunun baş direktoru olduğu "Ukon” MMC Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən 6 ay sonra - 24 avqust 2022-ci ildə qeydiyyatdan keçib və xarici paya malikdir.

Qırğızıstanın "Budget.okmot” portalının məlumatına görə, şirkət 2023-cü ildə dövlət büdcəsinə 18,9 milyon som (359 min manat) vergi və digər ödənişlər edib.

Qafarzadə Mehdi Fikrət oğlunun Azərbaycanda kommersiya fəaliyyəti ilə məşğul olub-olmadığına dair açıq mənbələrdən məlumat əldə etmək mümkün olmayıb.
Tarix: 24-02-2024, 17:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}