Unudulan Novruz adət-ənənələrimiz

 
Sovet hakimiyyəti xalqımızın bu qədim bayramını yaddaşlardan silmək üçün ona dini don geyindirib, amma...
Bu gün xalqımız qədim adət-ənənələrlə zəngin olan Novruz bayramını qeyd edir. Bəs bu bayramın tarixi haqqında nə bilirik? 
Novruz bayramının nə zaman yarandığı haqda dəqiq məlumat yoxdur. Ehtimallara görə, Zərdüşt salnaməsi ilə səslənən bu bayramın tarixi 4 min il bundan əvvəl yaranıb. Roma mənbələrinə görə, Zərdüşt eradan əvvəl altıncı minillikdə yaşayıb. Zərdüşt əkinçilik mədəniyyətinin yüksəldilməsinə, insanların güzəranının yaxşılaşmasına çalışıb. Bu amillərin Novruz bayramının keçirilməsinə əsaslı təsir göstərdiyi deyilir. Lakin iddialar var ki, Novruz bayramı zərdüştlüyün geniş yayıldığı Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan, Pakistan və bir sıra başqa ölkələrdə hələ çox qədimdən keçirilib.
Beləliklə, mütəxəssislər bildirir ki, Novruz Şərq xalqlarının İslamdan çox-çox əvvəlki əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı keçirilən bayramdır. XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanğıcı kimi götürülən dünyəvi bayram adlandırırdı.
XI əsr tarixçisi Nizam-ül-Mülk özünün “Siyasətnamə”sində isə Novruzu yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafında cəmləşib.
Hansı Azərbaycan filmlərində Novruz bayramı öz əksini tapıb?
Lakin bəzən bu bayramı İslam dini ilə əlaqələndirməyə çalışırlar, yaxud əksinə, zərdüştlüklə əlaqələndirib, dinimizə aid olmadığını qeyd edənlər də var. Bu xüsusilə sovet dövründə özünü qabarıq şəkildə göstərib. Sovet hakimiyyəti xalqımızın bu qədim bayramını yaddaşlardan silmək üçün ona dini don geyindirib, keçirilməsi ilə bağlı təzyiqlər göstərmişdi. Lakin xalqımız öz əziz bayramını qoruyub saxlamağı bacarıb. Hətta sovet dövründə bir neçə filmdə Novruz bayramı öz əksini tapıb. Həmin filmlərdən biri “Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmidir (1969). Filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb. 
Rejissoru Xalq artisti Tofiq Tağızadə, ssenari müəllifi Yusif Səmədoğlu olan “Yeddi oğul istərəm” (1970) filmində də Novruzla bağlı epizodlar yer alıb. Kosa və keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. 
Rejissor Fikrət Əliyevin İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkdiyi “Qızıl uçurum” (1980) filmində də Novruz var.
Müstəqillik dövründə Novruz bayramı yenidən dövlət səviyyəsində, təntənəli şəkildə qeyd olunmağa başlayıb.
Folklorşünaslar qeyd edir ki, dövrümüzə qədər gəlib çatan Novruz adət və ənənələri o qədər çox deformasiyaya uğramayıb. Yəni bir bölgədə hansısa adət unudulubsa, digər bölgədə  icra edilir. Məsələn, Gürcüstanda yaşayan soydaşlarımız Novruzla bağlı elə adətləri icra edir ki, onlar bizdə yoxdur. Belə ki, Gürcüstanın Borçalı ərazisində yerləşən Muğanlı kəndində libas dəyişmə mərasimi var. İlin son günündə, yəni bayramda yeni libaslarını geyinirlər. Ümumiyyətlə, Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti çərşənbələri deyil, daha çox Novruz bayramını qeyd edirlər. Təkcə Gürcüstanda deyil, elə bölgələrimiz var ki, orada bir tək İlaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur, məsələn, Naxçıvanda. Amma digər bölgələrimizdə yalançı çərşənbələri də qeyd edənlər var.
Unudulan Novruz adətləri...
Təbii ki, unudulan Novruz adətləri də var. Məsələn, Muğanlı kəndində əllərində dəyənək, xüsusi heyvan dərilərindən hazırlanmış maskalar taxıb, geyimlər geyinmiş adamlar qarşılarına çıxan insanları dəyənəklə döyür, qabaqlarına qatıb aparırlar. Qarşısına çıxan adamı döyməmək üçün isə mütləq nəmər almalıdır. Nəmərin verilməsi sanki ilin qurbanıdır. Yəni köhnə ilin sonuncu həmlələri, hücumlarıdır. Köhnə il sanki hücuma keçib yeni ilə, yeni ideyalara, yaşayışa, həyata qarşı amansız döyüş aparır, yenilik də köhnənin qarşısında acizlik göstərməmək üçün əlbəttə ki, mütləq müqavimət nümayiş etdirməlidir. 
Novruz falları
Ən qədim zamanlardan insanlar öz yeni talelərini, bəxtlərini, uğurlarını və yaxud uğursuzluqlarını öyrənmək üçün fallar icra edirdi. Məlum olduğu kimi, Novruzla əlaqədar xeyli sayda icra olunan fallar var. Onların arasında su ilə, odla, həmçinin digər vasitələrlə icra olunan  fallar var. Məqsəd birdir - insan yeni ildə taleyinin necə olacağı ilə maraqlanır.
Qulaq falı, qapıpusma kimi fallar da var ki, bu falların həm də digər məqsədi insanları tərbiyələndirmək, yaxşı sözlər deməsinə, bayram gecəsi sevincli, coşğulu olmağa, kədərli olmamağa vadar etməkdir. 
Novruz bayramınız mübarək!
Yazını hazırladı: Xalidə GƏRAY
Tarix: 20-03-2024, 10:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}