Minalanmış Qarabağ: xəritələrin hamısını ala biləcəyikmi?


Minalanmış Qarabağ: xəritələrin hamısını ala biləcəyikmi?
Bakının əlindəki təzyiq rıçaqları kifayət qədərdir...
Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyev piyada əleyhinə minaya düşüblər. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistan 10 noyabr razılaşmasından sonra mina xəritələrini Azərbaycana təhvil vermək istəmir. Amma son aylarda Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələri alınıb. Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 25 vətəndaşı minaya düşərək həlak olub, 100-dən çox insan müxtəlif xəsarətlər alıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Xəbərlər vardı ki, vasitəçilərin köməyi ilə Ermənistandan mina xəritələri alınacaq. Belə ehtimallar səsləndirilirdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin regiona səfəri Azərbaycana yeni mina xəritələrinin verilməsi ilə nəticələnəcək. Ümid həm də ona görə yaranmışdı ki, az öncə ABŞ rəsmisinin üç ölkəyə səfəri Füzuli və Zəngilanın mina xəritələrinin 15 diversantın qarşılığında Bakıya verilməsi ilə nəticələnmişdi. Amma bu dəfə belə bir şey olmadı. Mişel Bakıya İrəvandan mina xəritələri gətirmədi.
Bəs Azərbaycan digər diversantlardan bu məqsədlə yenə istifadə edəcəkmi, yoxsa İrəvana güzəşt limiti bitdi? Bütün xəritələri geri ala biləcəyikmi?

AzTV-yə müsahibəsində prezident İlham Əliyev bir daha bu problemə toxunub. Sitat: “Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir?”

Politoloq Elçin Xalidbəyli “Yeni Müsavat”a deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin regiona səfərinin Azərbaycana yeni mina xəritələrinin verilməsi ilə nəticələnəcəyindən danışmaq bir qədər çətindir. Çünki Şarl Mişelin Ermənistanda verdiyi açıqlamaların məzmunu ilə onun Bakıda danışdığı mövzular arasında ciddi fərqlər mövcuddur.

“Şarl Mişel İrəvanda əsasən, ”status", davamlı sülhə nail olmaq üçün Minsk Qrupu həmsədrləri formatında “Dağlıq Qarabağ münaqişəsi”nin həllinin vacibliyindən danışmışdı. Eyni zamanda, Azərbaycan qanunlarına görə diversant hesab olunan erməni hərbçilərin geri qaytarılmasını gündəmə gətirmişdi. Ancaq Bakıda Şarl Mişelin açıqlamalarının məzmunu tamamilə dəyişdi. Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirtdiyi mətbuat konfransında Şarl Mişel bir dəfə də olsun “status” və “Dağlıq Qarabağ” ifadələrini dilə gətirmədi. Eyni zamanda, erməni diversantların geri qaytarılması mövzusundan da yayındı. Bunun əvəzində o, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsindən danışdı. Ancaq Şarl Mişel mina xəritələri mövzusunda danışarkən də tərəddüdlü olduğu diqqətdən yayınmadı", - deyə o qeyd edib.


Politoloq Şarl Mişelin mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində təmsil etdiyi beynəlxalq qurumun vasitəçilik imkanlarından o qədər də əmin olmadığı nəzərə çarpdığını da qeyd edib: “Ona görə də mina xəritələri ilə bağlı problemin həllində məhz Şarl Mişelə və onun rəhbərlik etdiyi quruma ümid bəsləmək yersizdir. Əlbəttə ki, Ermənistan mina xəritələrini əvvəl-axır Azərbaycana təhvil verməli olacaq. Ancaq bunun baş verməsində daha çox Azərbaycanın Ermənistana müxtəlif vasitələrlə göstərəcəyi təzyiqlər önəmli rol oynaya bilər. Hər halda, rəsmi Bakının ixtiyarında Ermənistana təzyiq mexanizmləri kifayət qədərdir. Bu təzyiq mexanizmlərinin daha sərt şəkildə işə salınması Ermənistanı çıxılmaz vəziyyətə salaraq, mina xəritələrini təhvil vermək məcburiyyətində qoya bilər. Eyni zamanda bu məsələdə Rusiyanın da xüsusi rolunun ola biləcəyi istisna deyil. Böyük ehtimalla yaxın vaxtlarda gözləninlən üçtərəfli müzakirələrdə Azərbaycan mina xəritələrini əsas gündəm maddəsinə çevirməklə, bu problem birdəfəlik həll edə bilər”.
Tarix: 24-07-2021, 08:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}