Sayı artan “sülhməramlılar”, susan nazirlik, dilə gələn məmurlar


Sayı artan “sülhməramlılar”, susan nazirlik, dilə gələn məmurlar
Son günlər Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı ölkəmizdə narahatlıq artmaqdadır. İlk gündən rusların əslində işğla siyasəti ilə gəldikləri məlum olsa da, bəzi siyasi səbəblərlə özümüzü, sözümüzü fərqli şəkildə ifadə etməli olur, addım-addım irəliləməkdə davam edirdik. Lakin son 1 ayda “sülhməramlılarla” bağlı Rusiyanın da ritorikası dəyişib, maskalar yavaş-yavaş düşür.
 
10 noyabr anlaşması ilə Qarabağın dağlıq hissələrinə və Laçın dəhlizinə yerləşdirilən sülhməramlıların sayının 1960 nəfər olması nəzərdə tutulsa da, bu rəqəmin artıq 7-8 minə çatması yönündə açıqlamaları rəsmi şəxslər də verməyə başlayıblar.
 
Məsələn, deputat Vahid Əhmədov mətbuata deyib: “Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz?”.
 
YAP-çı deputat Ceyhun Məmmədov da mətbuatdakı açıqlamasında “Rusiya sülhməramlılarının sayı 1960 olmalı idi. Amma bu gün Kreml bunun sayını artırır”. Bənzər açıqlamayla ilk dəfə deputat Elman Məmmədov çıxış edib.
 
Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov isə sosial şəbəkə hesabından bəzi maraqlı açıqlamalar da verib. O qeyd edib ki, 44 günlük müharibə dövründə aramızda silah satışına dair müqavilə olsa da, Rusiya və İran müqaviləyə əməl etməyiblər.
 
“Rusiya sülhməramli qüvvələrinin müvvəqəti nəzarət etdikləri ərazilərimizdə törətdikləri özbaşınalıqlar, onlarin 10 noyabr bəyənnaməsində qeyd olunan şərtin dördüncü maddəsini yerinə yetirməməsi, xalqımız arasında haqlı narazılığa səbəb olub...
 
Rusiya Həştərxan limanından gəmilərlə İranin Ənzəli limanına silahlar daşıyırlar və oradan da İran maşınlari vasitəsilə həmin silah və sursatlar Xankəndiyə çatdırılır. Bu Rusiya və İran tərəfindən Azərbaycan Dövlətinə qarşı bir hörmətsizlik və təxribatdır...
 
Artiq Türkiyə və Pakistan Silahlı Qüvvələrinin ərazilərimizdə yerləşdirilməsi barədə dərindən fikirləşməyimizin zamanı catib”,- deyə polkovnik bildirib.
 
Qarabağda sülhməramlıların yerləşdirilməsi, hansı sayda olması ilə bağlı imzalanan konkret rəsmi sənəd var. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin sənəddə göstəriləndən artıq olması imzalanmış üçtərəfli müqavilənin şərtlərinin pozulması deməkdir.
 
“Abxaziya cəlladı” ləqəbini qazanmış, “qaynar nöqtə”lərdə öz qanlı dəsti-xətti ilə tanınan general-mayor Mixail Kosobokovun Rüstəm Muradovu əvəzləməsi Kremlin Qarabağda Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərdə möhkəmlənmək və daha sərt addımlar atmaq planlarından xəbər verir. İş o həddədir ki, həmişə susan deputatlarımız dilə gəlib, Rusiya açıq-açıq çirkin, təxribatçı bəyanatlar verir, Müdafiə Nazirliyimiz isə hələ də susur. Deyirlər, müharibənin öz qanunları var. Sivil dünyada elə etmək lazımdır ki, məğlub xalqın mənliyi qırılmasın. Bəs qalib xalqla necə davranırdılar?(Bizimyol.info)

Tarix: 13-09-2021, 10:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}