Araik Qarabağın “müqəddaratını” Moskvaya ümid edir...

Araik Qarabağın “müqəddaratını” Moskvaya ümid edir...
Bu gün Azərbaycanda pandemiya ilə bağlı maskadan istifadə tələbi ləğv olunsa da, Xankəndində hələ də at oynadan separatçıların üzündəki əsl “maskası” qalmaqdadır. 
Əlbəttə rəsmi İrəvan məlum üçtərəfli bəyanatdan irəli gələn tələbləri yerinə yetirməyə cəhd edirmiş kimi görünsə də, separatçıbaşı Araik Arutyunyan öz gümanlarına uyaraq gora getmiş “status” və “müqəddarat” iştahasından əl çəkmək istəmir. O, hələ aprelin ortalarında “Artsax Dövlət Universitetinin” elmi şurası ilə görüşdə öz “müqəddaratını” Ermənistandan kənar ayrıca Rusiya ilə həll etmək barədə söz açmışdı. 
Diqqət edin, baş separatçı alimlərlə görüşdə “Stepanakert sülhməramlıların sayının artacağını gözləyir, paralel olaraq isə öz təhlükəsizlik mexanizmlərini yaxşılaşdıracaq. Artsax müstəqil dövlət quruculuğu prosesini dayandırmadan özünü müəyyənləşdirmək hüququ uğrunda mübarizəni davam etdirir... 44 günlük müharibədən sonra Artsaxın yeni təhlükəsizlik sistemi Rusiya Federasiyasının sülhməramlı kontingenti ilə, əməkdaşlıqla formalaşır. Sülhməramlılar yaranmış problemlərin həllində iştirak edirlər”, - deyirdi.
Görünür Araikin belə iddia ilə danışmasına Rusiya baş diplomatı S.Lavrovun bu ilin əvvəlində “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyanın Dağlıq Qarabağ tənzimlənməsinə aidiyyatı yoxdur” deməsindən ruh alır. Ruhlanmış Araik elə bu üzdəndir ki, indi hər yerdə ürəklə “Qarabağ özünü müəyyənləşdirmək hüququndan imtina etməyəcək” – deyir.
Onun fikrincə Qarabağ erməniləri sülh gündəliyini qəbul edirlər, ancaq  müzakirə olunan hər hansı sənəd “Artsaxda” məqbul olmalıdır və Ermənistan “Arsax xalqı”nın əksinə heç bir sənəd qəbul edilə bilməz.
İki gün öncə İrəvanda Araiklə görüşdə isə “Dağlıq Qarabağ münaqişəsinin həllinin ilk növbədə benefisiarı Artsax və onun xalqıdır” deyən və bununla öz məlum imzasını unudan Paşinyan da bir növ separatçı qardaşını müstəqil olmağa ruhlandırır. Paşinyan “Dağlıq Qarabağın” arxasında hər hansı danışıqları və müzakirələri istisna edir. O, bunu məntiqsiz və təsəvvür edilə bilməz adlandırır. Məhz bu səbəbdən Ermənistan hakimiyyəti “Artsaxdakı” həmkarları ilə daimi əlaqədə olduğunu bildirir. 
Əslində Nikol erməni məkrliyini gizlətmir. O, özünü dünyaya sülhpərvər göstərsə də, arxada Araikə “işinizdə olun” - deyir. Əgər belə olmasaydı “Dünyanın gündəliyi heç də məğlubiyyətin gündəliyi deyil. Bu, müharibənin fəlakətlərinin və sonrakı çətinliklərin aradan qaldırılmasının, eləcə də xalqın sülh və təhlükəsizliyinin təmin edilməsinin gündəliyidir... Əsas vəzifə artsaxların Artsaxda yaşamasıdır. Etiraf etməliyəm ki, fövqəladə çətinlik və səylərin qiymətinə bu gün bizə daim danışdığımız şeylərə gətirib çıxaracaq addımların yolunu və ardıcıllığını görürəm", deyərdimi? 
Elə Arutyunyan da öz növbəsində “hökumət”  üzvləri ilə Qarabağla bağlı  mövcud vəziyyəti, regiondakı siyasi prosesləri, həmçinin Ermənistanın baş nazirinin Brüssel və Moskvadakı görüşlərinin yekunlarını müzakirə edərkən, Paşinyanla aydın razılaşma olduğunu - status məsələsinin hər hansı bir müzakirəsində, istənilən beynəlxalq meydanda İrəvanın mövqeyi “Artsax xalqı” ilə razılaşdırılmalı olduğunu bildirir. 
Kim bilir, bəlkə Paşinyan Araiklə ikilikdə sövdələşir ki, qoy əvvəlcə  kommunikasiya açılsın, Ermənistan iqtisadi baxımdan dirçəlsin. Sərhədlərin delimitasiyası isə onsuz da tezliklə həll olunan məsələ deyil. Əsas odur ki, burada vaxt qazanaq, siz də “sülhməramlıların” arxasında hələlik yaşayın, sonra “status” və “müqəddərat” məsələsinə yenidən qayıdarıq?..  
Sözsüz ki, Nikol Araiklə nə oyun oynasa da, yuxarıda qeyd etdiyimiz kimi separatçıbaşının ümidi daha çox Moskvayadır. O, Paşinyana heç də inanmır. Bildiyiniz kimi İrəvanda Ermənistan və separatçıların birgə “təhlükəsizlik şuralarının” iclasının keçirilməsi planlaşdırılsa da, sonda Paşinyan bir qrup Qarabağ ermənisini Ermənistan hökumətində qəbul edərək, “Artsaxda proqramların və mövcud problemlərin həlli yolları”, adı altında görüş keçirdi. Ola bilsin ki, bu, Paşinyanın Brüseldə və Moskvada götürdüyü öhdəliklər qarşısında ermənisayaq maskalanmış siyasi gedişi idi. 
 
Ancaq burada iki erməni “başbiləni” öz maskalarını cırdığı bir məqamda, maraqlı detal üzə çıxır. Əgər Ermənistan nəşri olan “Hraparak”a inansaq Paşinyan çıxışında “Artsaxın öz müqəddəratını təyinetmə hüququnu” deyil, “təhlükəsizliyi” deyəndə Arutyunyan təəccüblü şəkildə Paşinyanı “redaktə edib” və “bizim öz müqəddəratını təyin etmək hüququndan kənara çıxmaq istiqamətimiz olmadığını” bildirib. “Hraparak”a görə, guya “Artsaxın siyasi dairələri hesab edir ki, Araik Arutyunyan Nikol Paşinyana yaxından əməkdaşlıq edib hesabat versə də, o, artıq özünü böyük Rusiya dövlətinin bir hissəsi kimi hiss edir, söz və davranışlarını İrəvanla deyil, Kremllə koordinasiya edir”.
 
Əlbəttə, Araik nəyə ümid və ya güman etməsindən asılı olmayaraq, bir gün onun üzündən maskası cırılıb, başına torba salınıb Bakıya gətiriləcək. Onun Rusiyaya ümid etməsinə gəlincə isə, Azərbaycanla Rusiya arasında bu ilin 22 fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”, qeyd edilir. Adı çəkilən bəyannamənin 18-ci bəndində isə “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər” yazılıb. 
 
İndi Araikə ən yaxşı məsləhət o olardı ki, bu maddələri yaxşı-yaxşı oxuyub, üzündəki “maskanı” çıxarıb ürəkdən bir asqırıb ayılsın və təslim olsun. Əks təqdirdə onu tezliklə elə Xankəndində oturduğu otaqda asqırdıb, Bakıda ayıldacaqlar. 
 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Tarix: 2-05-2022, 10:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}