"Günün günorta çağı düşmənin kəşfiyyat vasitəsi Şuşa səmasında uçursa, deməli..." - Diqqət, TƏHLÜKƏ!!!


Ermənilərə aid kəşfiyyat PUA-sının Şuşa ərazisinin üzərində müşahidə aparması və düşmənin əldə etdiyi videomaterialın seperatçı qurum tərəfindən sosial şəbəkədə paylaşılması, bəzi bölmələrin fəaliyyətində bir çox ciddi çatışmazlıqların olduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının haha hücumundan müdafiə qoşunlarının Qarabağ və Zəngəzur ərazisində ən mükəmməl şəkildə qorumalı olduğu Şuşa səmasına düşmən dronunun yaxınlaşması və kəşfiyyat aparması, məsul şəxslərin vəzifələrinə tam uyğun olmadığını sübut edir. Biriləri ya çox arxayınlaşıb, ya da Şuşaya döyüş və müharibədən xəbəri olmayan zabitləri komandir təyin ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İ.Əliyevin tez tez ziyarət etdiyi və demək olar ki, hər gün beynəlxalq tədbirlərin keçirildiyi Şuşa üzərində düşmən PUA-sının uçması və görüntülər əldə etməsi təbii ki, cəzasız qalacaq sıradan bir hadisə deyil. Burada cinayət məsuliyyətinin izləri də görünür. Çünki, düşmən bəzi komandirlərimizin fəaliyyətsizliyi nəticəsində Şuşada yerləşən qoşunlarımızın və texniki vasitələrimizin mövqeyi barədə məlumatlar əldə edib. Başqa bir tərəfdən, erməni silahlılarının PUA-sı Şuşada yerləşən hərbi hissəyə hava zərbəsi endirsəydi və ya bu hücumu gecə baş versəydi, hansı nəticə əldə edə bilərdik?

Əslində Azərbaycan tərəfi İrəvanın mərkəzindən reportajlar hazırlayıb ictimailəşdirəndən sonra ermənilərin də hansısa bir şəkildə cavab addımı ata biləcəyi gözlənilirdi.
İndi Şuşada yerləşən qoşunlarımızın və texniki vasitələrimizin mövqeyi barədə məlumatlar düşmənin əlində mövcuddur. Bu məlumatları düşmən dron vasitəsilə əldə edib. Bir çox suallara, o cümlədən dronun markası nədir, onu düşmənə kim, hansı marşrutla və nə vaxt çatdırıb məsələlərinə aydınlıq gətirməliyik.

Günün günorta çağı düşmənin kəşfiyyat vasitəsi Şuşa səmasında uçursa, deməli havadan müdafiədə həqiqətən də ciddi problemimiz mövcuddur. Odur ki, Şuşanın havadan müdafiəsinə cavabdeh rəhbər şəxslər məsuliyyət daşımalıdır. Bizim Qarabağ səmaslnda üçan PUA-ların idarəetməsini ələ keçirmək, hətta onları yerə endirmək imkanımız mövcuddur. Lakin bu baş verməyib. Odur ki, hadisənin gələcəkdə təkrarlanmması üçün ciddi və kompleks tədbirlər görməliyik.

İlk növbədə hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyinə nəzarət artmalıdır. Kadr siyasətində köklü dəyişiklik edilməlidir. Savadlı, ədalətli və döyüşlərdə fərqlənən zabitlər yüksək vəzifələrə təyin edilməlidir. Müharibənin sonuna qədər korona və digər xəstəliklər ilə qospitallarda yatanlar, müharibə bitən kimi nazir müavini əmisinin hesabına Şuşada komandir olmalı deyildi.

İkincisi, Orduya və digər güc strukturlarında real ictimai nəzarət mütləq təmin edilməlidir. Zabit, gizir, MAXE və əsgərlərimizlə hər ayda, heç olmasa rübdə bir dəfə müstəqil mütəxəssislər, o cümlədən aidiyyəti üzrə deputat komisiyası görüşlər və sorğular keçiriməlidir, onların problemləri, təklifləri ilə maraqlanmalıyıq. Nəticələr əsasında yekun raportlar tərtib olunmalıdır. Cavabdeh şəxslərin keçirdiyi sorğular real vəziyyəti əks etdirmir.

Üçüncüsü, Erməni silahlılarının rusların müvəqqəti nəzarətində olan ərazilərdən çıxarılmasına nail olmalıyıq. Erməni silahlılarına dron qaldırmağa imkan verən rus sülhməramlılarının izahatını almalıyıq.

Dördüncüsü, Rusiyanın Brüsseldə baş tutan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündə əldə olunan müsbət nəticələrdən narahatlıq keçirdiyi də kimsəyə sirr deyil. Məlum görüntülərin məhz rusların əldə etməsi və erməni silahlıları vasitəsilə ictimailəşdirilməsinin mümkünlüyünü nəzərə almalıyıq. Rus sülhməramlılarının komandanın Azərbaycana münasibəti fonunda, bu məsələdə rusların rolunun olub-olmadıına aydınlıq gətirməliyik. Amma bu Azərbaycan HHM qoşunlarının və Şuşa qarnizonunun rəhbərliyinin məsuliyyətini qətiyyən azaltmır.

Sonuncusu, Ermənistandan Qarabağa gələn hər bir şəxs, daşınan hər qram yük, o cümlədən sülhməramlılara göndərilənlər Azərbaycanın müvafiq strukturları tərəfindən diqqətlə yoxlanılmalıdır.

Nəticə

Mən Şuşada bir neçə dəfə olmuşam. Şəhərin təhlükəsizlik məsələlərinin həlli üçün dövlət Şuşa qarnizonunu gözlədiyimizdən və ehtimal etdiyimizdən daha üstün sistemlərlə təmin edib. Şuşa və onun ətrafında yerləşən mövqelərimizə həm müxtəlif qoşun növlərinə aid və kifayət qədər ciddi cayda canlı qüvvə, həm də müasir silah sistemləri cəlb olunub. Şəhərdə yerləşən qüvvələrimiz hava hücumundan müdafiə vasitələri, radielektron mübarizə kompleksləri, kəşfiyyat, rabitə, artilleriya və digər vasitələr ilə təchiz edilib.
Daha əvvəl Ermənistanın “Xankəndində mobil rabitə susurulub” bəyanatları və bu əməliyyatın məhz Şuşadan həyata keçirilməsi barədə yazmışdım. Şuşanın müdafiəsinə cəlb edilən hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat vasitələrinin sıxlığına bəlkə də Azərbaycanın heç bir yerində rast gəlinmir. Şuşada həm hava məkanına nəzarət vasitələri, həm PUA-ların ələ keçirilməsi üçün qurğular, həm də radioelektron mübarizə sistemləri mövcuddur. Şuşada mobil rabitə operatorlarının mülki təyinatlı qüllələri xaric, bütün hərbi təyinatlı texniki avadanlıqların hamısı mobil versiyada fəaliyyət göstərir, yəni vasitələrin yerdəyişməsi ən qısa müddətə həyata keçirilə bilir. Yəni dövlət Şuşanın müdafiəsi üçün lazım olan bütün müasir avadanlıqların alınmasını və çatdırılmasın təmin edib. Sadəcə HHM qoşunlarının havadan müdafiənin təşkilində yol verdiyi nöqsanlar, Şuşada yerləşən hərbi hissənin hava müşahidə məntəqələrinin yarıtmaz fəaliyyəti, sonunda bizi məlum hadisə ilə qarşı qarşıya qoydu. Adı çəkilən məsul komandirlərin Vətən Müharibəsində iştirakı da araşdırılmalıdır. Çünki, döyüş təcrübəsi olan zabitlərin Şuşa kimi strateji ərazinin və hərbi infrastrukturun düşmənin hava hücum vasitələrindən qorunmasına bu qədər etinasız yanaşması sağlam məntiqə sığmır.

Ədalət Verdiyev, hərbi ekspert
//moderator.az//
Tarix: 23-05-2022, 10:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}