“Ermənistana çox sərt cavab zərbəsi vurulmalıdır, yoxsa...” - ŞOK çağırış!


“Sərhəd çəkilməyənə qədər hər açılan düşmən gülləsinə Qərbi Zəngəzur torpaqlarının azad edilməsi ilə cavab verməliyik”
İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə, 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub. Azərbaycan hərbçilərinin cavab atəşi ilə düşmən susdurulub.
Xəbəri Azərbaycan Müdafiə Nazirliyi də təsdiqləyib. Bildirilir ki, iyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Zivel və Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bundan sonra Ermənistan tərəfi bir erməni əsgərin atışmada öldürüldüyünü iddia edir.

Paralel olaraq ermənilərin Laçında talançılıqla məşğul olması, Laçın koridoruna alternativ yol istifadəyə verildikdən sonra rayon mərkəzini tərk etməmək, müqavimət göstərməklə bağlı çağırışları yayılmağa başlayıb.
Ermənilər sanki eyni mərkəzdən təlimat alıblarmış kimi fəallaşıblar.
Ermənistanın sərhəddə təxribatlarının intensivləşməsi nədən xəbər verir? Azərbaycanın cavabı necə olmalıdır?

Hərbi ekspert, Hərbi Polisin sabiq rəisi Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın təxribatları, atəşkəsi tez-tez pozması halları müşahidə olunur. Diqqətçəkən odur ki, bu cür təxribatlar əsasən Kəlbəcər və Laçın istiqamətlərində həyata keçirilir. Ermənistana çox sərt cavab zərbəsi vurulmasa, bu cür təxribatlar dayanmayacaq: “Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı haqlı olaraq onlara 1 il müddət verdi. İndi ermənilər sanki arxayınlaşıblar və təxribatlara əl atırlar, tez-tez Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi məntəqələri atəşə tuturlar. Özü də ermənilər artıq Qarabağda yox, Ermənistanla sərhəddə təxribatları həyata keçirirlər. Ordumuz onlara tutarlı cavab verir və sonuncu təxribatlarına da sərt cavab verilib. Nəticədə 1 erməni əsgər ölüb. Bizim ordumuz bütün cəhətlərdə Ermənistan ordusundan güclüdür. Ona görə də Ermənistan hərbçilərinin istənilən təxribatlarına daha ağır zərbə ilə cavab verilməlidir. Azərbaycan Ordusuna atəş açılan düşmən hərbi məntəqələri darmadağın edilməli və həmin ərazi silahlı qüvvələrimizin nəzarəti altına alınmalıdır. Nə qədər rəsmi dövlət sərhədi müəyyənləşməyib, Ermənistana başa salınmalıdır ki, ordunuzun istənilən cəhdi məhz sizin ciddi itkilərinizlə nəticələnəcək”.
Ekspert həmçinin dedi ki, Rusiyanın Ermənistandakı 102-ci briqadasının bir hissəsinin Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədləri istiqamətinə dislokasiya edilməyə başlandığı haqda erməni mətbuatı xəbərlər yayıb: “Tovuz, Qazax istiqamətləri Azərbaycan üçün çox strateji ərazilərdir. Ehtimal edirəm ki, yaxın zamanlarda bu istiqamətlərdə də Ermənistanın hərbi təxribatları olacaq.
Delimitasiya və demarkasiya işlərini tezləşdirmək lazımdır. Nə qədər ki, bu məsələ həllini tapmayıb, təxribatlar hər zaman gözləniləndir".
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutması Ermənistan tərəfindən 10 noyabr üçtərəfli birgə Bəyanatın şərtlərinin dəfələrlə kobud şəkildə pozulması deməkdir.
Ekspert hesab edir ki, məğlub Ermənistana ordusunun real vəziyyətini bir daha xatırlatmaq üçün yaranan imkandan istifadə etməliyik. Bunun üçün əsgərimizə təhdid törədən düşmən mövqelərinin külü havaya sovrulmalı, həmin mövqelərdə üçrəngli bayrağımız dalğalanmalıdır: “Qərbi Zəngəzurumuzun 50-60 kv. km ərazisi, xüsusilə də su hövzələri və mənbələri mövcud olan istiqamətlərə nəzarət etmək Azərbaycanın maraqları çərçivəsindədir. Sərhəd çəkilməyənə qədər hər açılan düşmən gülləsinə Qərbi Zəngəzur torpaqlarının azad edilməsi ilə cavab verməliyik.
Əks halda, atəşkəs pozulması ilə bağlı xoşagəlməz və təhlükəli ənənə uzun müddət davam edə bilər".
Tarix: 21-06-2022, 09:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}