Ermənilər Qarabağda müharibəyə hazırlaşır: Biz nəyi gözləyirik?


Ermənilər Qarabağda müharibəyə hazırlaşır: Biz nəyi gözləyirik?



"Erməni deputatları Qarabağa Rusiya sülhməramlıları buraxıblar".
Ermənistan parlamentinin müxalifətin “Müqavimət” hərəkatında təmsil olunan deputatları vitse-spiker İşxan Saqatelyanın başçılığı altında iyunun 21-dən 23-nə kimi Qarabağda qanunsuz səfərdə olublar.
Onlar Qarabağdakı separatçılarla - keçmiş və hazıkı başçılarla, “siyasi qüvvələr”lə görüşlər keçiriblər. Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan Qarabağ səfəri barədə yaydığı açıqlamada qeyd edir ki, "Biz “Müqavimət” hərəkatının tərkibində Qarabağa səfər etmişik. Bu, kifayət qədər səmərəli, hərtərəfli və yalnız rəsmi görüşlərlə məhdudlaşmayan hadisəli səfər idi”.
Deputatın sözlərinə görə, onlar Ağdərə, Əsgəran, Xocavənddə, eləcə də Qarabağın mərkəzi şəhəri Xankəndidə müxtəlif peşə sahibləri ilə çoxlu sayda görüşlər keçiriblər.
“Əsas vəzifə danışmaq yox, soydaşlarımızı dinləmək idi”, - Abramyan qeyd edib. 
Bundan əlavə, Abramyan Qarabağdakı qondarma rejimin “parlamentində” yerli "siyasi qüvvələr"lə görüş keçirildiyini qeyd edib. “İştirak edənlərin hamısı razılaşdı ki, Ermənistan və Qarabağ heç bir halda azərbaycanlaşmamalı və türkləşməməlidir”, - deyən deputatın sözlərinə görə, bu, indi prioritet gündəmdir.
Onun sözlərinə görə, separatçıların keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanla görüşlərdə Qarabağda milli məsələlərdə ictimai-siyasi konsensusun olduğu, “Qarabağ xalqının” öz haqlı tələbini reallaşdırmaqda həmrəyliyi vurğulanıb.
Qeyd edək ki, erməni deputatların Xankəndi bazarında əhali ilə görüşlərini əks etdirən videolar da yayılıb.
Erməni deputatların Qarabağa qanunsuz səfəri Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. 
Həmin deputatların qanunsuz səfərinə kim şərait yaradır və buna nə vaxt son qoyulacaq?
Baş verən hadisə ilə bağlı ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya bildirdi ki, erməni deputatların Qarabağa səfəri ilə bağlı dünən Azərbaycanda olan Rusiyanın xarici işlər naziri Lavrovdan soruşulmalı idi:

"Təbii ki, erməni deputatların bu səfərinə çox pis baxırıq. Bu Azərbaycanın ərazi bütövlüyünə həqarət və hörmətsizlikdir. Günahı özümüzdə axtarmalıyıq. Atıq 44 günlük müharibənin iki ili tamam olacaq. Biz nəyi gözləyirik? Gündən-günə görürük ki, səsi-sorağı gəlməyən erməni rəsmiləri Azərbaycan ərazisində peyda olurlar. Onları oraya kim buraxır? Əlbəttə ki, Rusiya sülhməramlıları buraxıblar. Biz hər şeyə hazır olmalıyıq. Xüsusilə də hərbçilərimiz üçün çox çətin olacaq. Mülki vətəndaşların oraya köçməsindən sonra düşünün ki, evinizdə olan qonaq sizin evi dağıtmaq istəyir.
Yəni ona bənzər belə bir vəziyyətdir. Mən Lavrovun Bakıya səfərindən öncə Azərbaycan mətbatına müraciət etdim. Ancaq cürət edib Lavrova o sualı verilmədi ki, "Rusiya sülhməramlıları öz vəzifə borclarını yerinə yetirəcək, ya yox". Orada rus məktəbi, rus dili və s. kimi ümumi suallar verildi. Lavrov qeyd etdi ki, "Biz sülh müqaviləsi imzalamağa yardımçı ola bilərik". Hansı yardım? 30 ildə neçə mülki insan və hərbçi həyatını itirib. Bu məsələ başa çatmalıdır.
Rusiya generalı Azərbaycan ərazisi ilə bağlı təhdid səsləndirib, amma rəsmi  qurumların səsi çıxmır. Rüstəm Muradov Rusiya sülhməramlılarının müddət başa çatandan sonra qalacağını deyib. Bu səlahiyyəti ona kim verib? Ümumiyyətlə, Rüstəm Muradov niyə Azərbaycanın taleyini həll edir? Ona görə də hələ Abramyan, Saqatelyanlar, digər "yan"lar da gələcək, gedəcəklər. Bunlara vaxt lazımdır".
Polkovnikin sözlərinə görə, artıq ermənilər özləri açıq şəkildə etriaf edirlər ki, Qarabağda dirçəlməyə başlayırlar:
"Bu həqiqətən də narahatedici bir məqamdır ki, ermənilər Azərbaycan ərazisində müqavimət ocaqları yaradırlar. Saqatelyan deyib ki, "Müqavimət” hərəkatı  yaradırıq. Ona görə də özümüz-özümüzü aldatmayaq. İnsanlarımızı təhlükə altına atmayaq. Bu məsələ öz həllini tapmayacağı təqdirdə Azərbaycan oğullarını da, mülki şəxləri, hərbçiləri də itirəcəyik.
Dünən Lavrov Şəhidlər xiyabanına gəlib, özləri öldürdükləri Azərbaycan vətəndaşlarının üzərinə gül qoyur. Yalançılarla məsafə saxlamaq, Türkiyə ilə daha da yaxınlaşmaq lazımdır. O, İran Prezidenti ilə müzakirələr aparırdı ki, Xəzərdə Türkiyənin yerləşməsinə etiraz edirik. Burada onu soruşmaq lazım idi. İndi Saqatelyanın Qarabağa gəlməsini, müqavimət ocaqları yaradılmasını deyirik. Onlarda o güc, maliyyə dəstəyi hardandır? Təbii ki, Moskva onlara həyan durur. Burada bizim başımızın altına yastıq qoyurlar. Ancaq mövcud vəziyyət hamımızı narahat edir".
Tarix: 25-06-2022, 23:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}