Araik həddini aşdı: “Azərbaycan-Qarabağ münaqişəsi” və “yeni ordu qururam” dedi...


 
Azərbaycanın Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi açılan baş terrorçu özünü xilas üçün vurnuxur; siyasi şərhçi: “Arutyunyanın və digər separatçıların Azərbaycana təhvil verilməsi tələbini imperativ şəkildə Ermənistan və Rusiya qarşısında qaldırmaq lazımdır”
Son günlər İrəvan-Xankəndi yolunda qalmış separatçı rejimin “lideri” Araik Arutyunyan 44 günlük müharibədən sonra ən sərt mövqe ortaya qoymağa cəsarət edib. Qarabağdakı etnik ermənilərə müraciətində Arutyunyan ilk dəfə olaraq “Azərbaycan-Qarabağ münaqişəsi” ifadəsini işlədib.
Separatçı liderin sözlərinə görə, bu münaqişə həll olunmayıb və “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və qeyd-şərtsiz tanınması əsasında” həll edilməlidir. O, daha da irəli gedərək beynəlxalq ictimaiyyəti qondarma “DQR”in “müstəqilliyini” tanımağa çağırıb. Separatçı lider bildirib ki, bu xəyali məqsədə çatmaq üçün mübarizə davam edəcək. “Ermənistan hakimiyyəti dəfələrlə əmin edib ki, "Artsax"la bağlı heç bir sənəd bizimlə müzakirə olunmadan və "Arsax xalqının" rəyi nəzərə alınmadan imzalanmayacaq. Bir daha sizi əmin edirəm ki, biz "Artsax" xalqının maraqlarına zidd olan heç bir sənədi qəbul etməyəcəyik və mən bunu indi açıq elan edirəm", - deyə Arutyunyan bildirib. Separatçı lider etiraf edib ki, hazırkı “çox kövrək dünya nizamı və regional iğtişaşlar” şəraitində heç kim onlara uzunmüddətli təhlükəsizliyə zəmanət verməyə hazır deyil. Arutyunyan Rusiyanın vəd etdiyi təhlükəsizlik zəmanətlərinə etibar etmədiyinə eyham vurub. “Rusiyanın məşğulluğu və diqqətinin yayınması səbəbindən Rusiya sülhməramlılarının təminatları müəyyən dərəcədə pozulub və Azərbaycan bundan istifadə edir”, - deyə Arutyunyan bildirib. Araik Arutyunyan onu da bildirib ki, “Qarabağın müdafiə sisteminin modernləşdirilməsi və cari çağırışlara uyğunlaşdırılması üçün” bütün mümkün addımlar atılır. Yəni separatçıların lideri etiraf edib ki, o, nəinki qanunsuz erməni silahlı birləşmələrini tərk-silah etməyə hazırlaşmır, əksinə, “müdafiə ordusu”nun yenidən silahlanması və modernləşdirilməsi planlarından danışır. Sentyabrın 20-də axşam saatlarında Xankəndidə şübhəsiz separatçı rejimin təşkil etdiyi növbəti mitinq keçirilib. 2000-ə yaxın insanın iştirak etdiyi aksiyada çıxış edənlər ATƏT və BMT-yə müraciət ünvanlayıb. İştirakçılar bildiriblər ki, qondarma “artsax”ın tanınması üçün mübarizəni davam etdirmək lazımdır. Ermənilərin qondarma qurum təmsilçilərini Bakı ilə danışıqlar masasına oturtmaq cəhdi bir neçə ildir ki, davam edir. 44 günlük müharibədən sonra bu mövzunu arxa plana keçirən separatçılar indi yenidən bu “tələblər”lə çıxış etməyə başlayıblar. Azərbaycan Ermənistanla sülh danışıqlarında birmənalı olaraq Qarabağ erməniləri ilə bağlı məsələnin şərt kimi irəli sürülməsini bloklayıb. Bu mövqe Brüsseldəki bütün görüşlərin rəsmi bəyanatlarında əksini tapıb. İndi görünür ki, İrəvan yeni “taktikanı” işə salıb, bizimlə danışmırsızsa, Qarabağ erməniləri ilə “problemi həli edin” hiyləsini ortaya atıblar. Araikin müraciətindəki məlum ifadə də buna açıq işarədir.
Moderator.az xəbər verir ki, sentyabrın 13-də Ermənistanın təxribatı nəticəsində sərhəddə baş vermiş qanlı toqquşmalardan sonra  artıq  32-ci ildir Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarında qondarılmış və hazırda Rusiya “sülhməramlı” hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan verdiyi bəyanatı cəmi iki saat sonra dəyişməli olub. Ermənistanın “Past” nəşrinin yazdığına görə, Arayiki bəyanatı dəyişməyə baş nazir N.Paşinyan məcbur edib. “Sentyabrın 14-də Nikol Paşinyanın Ermənistan parlamentində ”sənədə imza atmaq" barədə məşhur bəyanatından sonra minlərlə vətəndaşımız Baqramyan prospektinə axışıb. Və bundan əvvəl böyük izdihamdan qorxan Nikol Paşinyan “Facebook”da canlı yayım vasitəsilə deyilənləri “təkzib etməyə” və ya “tərcümə etməyə” çalışıb.  Elə həmin vaxt Araik Arutyunyan da bəyanat yayıb və baş verənlərə kifayət qədər sərt qiymətlər verib: “Biz dəfələrlə bəyan etmişik və indi də təsdiq edirik ki, "Artsax"ı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”- erməni qəzeti  belə yazır. Ermənistan nəşri daha sonra yazır ki, bir neçə dəqiqəlik fərqlə separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” də oxşar nota-bəyanatla çıxış edib. Lakin bu bəyanatdan düz iki saat sonra Arutyunyan məzmunu əvvəlkindən açıq şəkildə fərqli olan daha bir açıqlama verib. “Ermənistan hakimiyyəti ilə əldə olunan razılaşmaya əsasən onların imzaladığı istənilən sənəddə "Artsax" xalqının maraqları və fikirləri nəzərə alınmalıdır”, - deyə Arutyunyan bu dəfə bildirib.

“Past” qəzetinin yazdığına görə, Arutyunyanın ilk bəyanatından sonra Nikol Paşinyan ona zəng edib və kifayət qədər sərt tonda bu cür davranışın yolverilməzliyini bildirməklə ondan yeni bəyanatla çıxış etməyi tələb edib.
“Görünür, bu, öz təsirini göstərib. Bunu həm ikinci bəyanat, həm də Araikin mesajları ilə müşayiət olunan son videomüraciəti sübut edir”- deyə erməni nəşri bildirib.
Bu yaxınlarda A.Arutyunyan eks-prezident Levon Ter-Petrosyanın qəbulunda oldu. Eyni zamanda N.Paşinyanı sədrliyi ilə keçirilən Təhlükəzlik Şurasının iclasında da yuxarı başa keçirildi. Eyni zamanda sülhməramlı kontingentin komandanı Volkovun separatçıların oyuncaq parlamentinin nümayəndələri ilə görüşüb, onlara hansısa vədlər verib. Paralel olaraq Rusiyadan qaçıb, Xankəndidə gizlənən erməni milyarderin separatçılara rəhbərlik etmiş quldurlarla bir araya gəlməsi də hansısa məkrli planların mövcudluğuna şübhə yeri qoymur. Eyni zamanda Ermənistan ordusunun növbəti dəfə Kəlbəcər istiqamətindən atəşkəs rejimini pozması düşmənin baş verənlərdə dərs çıxartmadığını göstərir. Düzdür, hələlik Arutyunyanın başçılıq etdiyi terrorçu şəbəkə qazdığı səngərlərdə sakit oturub, amma günün birində onların da təxribatlara əl atması mümkündür. Əgər Araik başından böyük danışmağa başlayıbsa, deməli, separatçılara stimul verənlər var, bunun ardınca xain hücumlar da ola bilər. Belə olan halda antiterror əməliyyatının keçirilməsi reallaşa bilər. Artıq A.Arutyunyan baş aparmağa başlayıb və deməli, barəsində dörd maddə ilə cinayət işi başladılan və İnterpol xətti ilə axtarış elan olunan caninin cəzalandırılması barədə hərəkətə keçməyin tam zamanıdır.

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Araik Arutyunyan adlı müharibə canisinin son açıqlamaları Ermənistandan aldığı və Ermənistanın aldığı təlimatlardan qaynaqlanır: “Bu açıqlamaların əsasında hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərin "təhlükəsizliyinə beynəlxalq təminat" almaq adı altında bölgəyə “sülhməramlı” adı altında regiondan kənar qüvvələrin cəlb edilməsi dayanır". E.Mirzəbəyli qeyd etdi ki, Ermənistan və onun separatçı tör-töküntüləri 44 günlük müharibədən sonra da bənzər iddialarla çıxış edirdilər: “İndiki şəraitdə məqsəd Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında genişmiqyaslı təxribatlara zəmin yaratmaq və bundan istifadə edərək, məsələnin yenidən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaqdır. Belə bir şəraitdə Araik Arutyunyan və digərlərinin sülhə və təhlükəsizliyə ciddi maneə yaratdığını əsas gətirərək Rusiya sülhməramlılarından sözügedən şəxslərlə bağlı konkret addımlar atmağı tələb etməkdir. Bununla yanaşı, Ermənistandan Azərbaycanın etnik ermənilərin yaşadığı ərazilərinə gələn yolları bağlamaq, kommunikasiyaları kəsmək və Arutyunyanın və digər separatçıların Azərbaycana təhvil verilməsi tələbini imperativ şəkildə Ermənistan və Rusiya qarşısında qaldırmaq lazımdır”.
Şübhə etmirik ki, Azərbaycanın müvafiq qurumları sözünü deyəcək. Ən azı ortada Baş Prokurorluğun mövqeyi var. Bu ilin əvvəlində Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirmişdi ki, özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq: “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”.
4 oktyabr 2020-ci ildə Azərbaycanın baş prokuroru Kamran Əliyev bildirmişdi:  ""Dağlıq Qarabağ Respublikasının prezidenti" tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanmışdır. Buna görə də tərəfimdən Araik Arutyunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır".
Arutyunyan özünü xilas etmək üçün vurnuxur və dəstək axtarır...Heç şübhəsiz ki, Araikin cəsarətlənməsinə separatçı Samvel Babayanın ABŞ Konqresində görünməsi və erməni lobbisi ilə təmasları da səbəb olub. Amma Azərbaycanın dövlət başçısı sonuncu xəbərdarlığında da qəti bəyan etdi: “Heç kimin telefon zəngi, bəyanatı bizi saxlaya bilməz!”  
Tarix: 23-09-2022, 09:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}