Polkovnikdən Qarabağla bağlı şok açıqlama: - Azərbaycan və Rusiya üz-üzə gəlir?

Polkovnikdən Qarabağla bağlı şok açıqlama:
Son günlərdə ermənilərin mövqelərimizi atəşə tutması intensivləşib.

Dünən də qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilən məlumata əsasən, noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Görünən odur ki, ermənilər vəziyyəti bilərəkdən gərginləşdirməyə çalışırlar. Onların bunu etməkdə əsas məqsədinin nə olduğu isə sual altındadır.

Nəzərə almaq lazımdır ki, başda Nikol Paşinyan olmaqla, erməni rəsmiləri ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını bildirirdi. Lakin son proseslər isə onların bu niyyətdə olmadığının əyani sübutudur.

Hətta iş o yerə çatıb ki, qanunsuz erməni silahlıları rus sülhməramlılarının gözü qarşısında mövqelərimizi atəşə tutur, amma ruslar tərəfindən bununla bağlı heç bir tədbir görülmür.

Bu, sülh müqaviləsinin imzalanmasını yubatmaq, yoxsa Azərbaycanı müharibəyə sövq etmək cəhdidir? Siam.az -ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, son günlər baş verən proseslər artıq vəziyyətin dözülməz bir həddə çatdığını deməyə əsas verir:

“Məncə, Qarabağda növbəti antiterror əməliyyatı həyata keçiriləcək, çünki o qaçılmazdır. Hətta atəşkəsi pozanın da, atəşi açanın da ruslar olduğunu düşünürəm. Bunu tam əminliklə deyirəm. Əgər bunu ermənilər etsəydi, Rusiya Müdafiə Nazirliyinin həftəlik məlumatında göstərilərdi. Amma artıq 4 gündür ruslar özlərini qanmaz vəziyyətinə qoyaraq, ərazilərimizin adını səhv yazırlar.

Məsələ burasındadır ki, vəziyyətin gərginləşməsi rus sülhməramlılarına sərf edir. Buna görə də gərginlik yaradılır. Orada olan ermənilərin isə nail olacağı heç nə yoxdur, Azərbaycan hücuma keçərək onları yer üzündən silə bilər. Sözsüz ki, ermənilərin də günahı var, amma günahın əsas hissəsi məhz rus sülhməramlılarının üzərinə düşür. Onlar məqsədyönlü şəkildə təxribatlar törədirlər ki, guya burada olmasalar, tərəflər arasında müharibə olar”.

Ekspert əlavə edib ki, Azərbaycan rus sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxmasını gündəmə gətirməlidir:

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını yubatmağa və prosesləri uzatmağa çalışır. Yəni utanmadan və tərbiyəsizcəsinə məsələni gələcəyə saxlamaq istəyirlər. 2 il əvvəl həll olunmuş məsələyə ruslar niyə belə kobud şəkildə müdaxilə etdiklərini başa düşmürəm. Hesab edirəm ki, Rusiya öz çirkin niyyətlərini Ermənistanla birlikdə həyata keçirmək istəyir. Onların hansısa iş görəcəklərinə də ümid etmək lazım deyil”.
Tarix: 28-11-2022, 22:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}