Laçın yolu 10 gündür xalqımızın nəzarətində - bundan sonra nələr olacaq...


Xankəndinə doğru möhtəşəm dirəniş aksiyası davam edir; milli iradə ortada, bu dəfə dinc döyüşə vətəndaş cəmiyyəti gedir; polkovnik: “Yalnız təzyiq və təsir imkanları onları məcbur edəcək ki, Azərbaycan dövlətinin sərvətlərini talamağa son qoysunlar”; politoloq: “Tələblər yerinə yetirilməlidir!”
Artıq 10 gündən çoxdur ki, azərbaycanlı gənc fəallar, QHT təmsilçiləri, ekoloqlar Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində dinc aksiya keçirirlər. Onlar Azərbaycanın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində baş verən ekoterrora, faydalı yataqların qanunsuz istismarına, dövlət qurumlarının bu ərazilərdə monitorinqinə imkan yaradılmamasına, Laçın yolu ilə qanunsuz yüklərin daşınmasına etiraz bildirir, buna son qoyulmasını tələb edirlər. Bir sıra ekspertlər Azərbaycan tərəfinin bu aksiyasını dinc antiterror əməliyyatı da adlandırır. Bu müddətdə beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələblərinə dəstək olmaq, ekoterrorun dayandırılması tələblərinin yerinə yetirilməsi üçün separatçılara, Ermənistana, yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlərə təzyiq göstərmək əvəzinə, yenə də ölkəmizə qarşı qərəzli mövqedən çıxış edir, ikili standartların şahidi oluruq. Hansı ki, bu beynəlxalq təşkilatlar özlərini qlobal ekoloji problemlərin carçısı kimi qələmə verirlər. Ancaq onlar hazırda da Qarabağın talan edilməsinə göz yumur, 30 illik saxtakarlıq ənənələrinə sadiq qalırlar. Üstəlik, belə fon yaratmağa çalışırlar ki, guya Azərbaycan Qarabağdakı erməniləri blokadada saxlayır. Hansı ki, reallıq tamam başqadır, yolu sülhməramlılar bağlamışdı, oradan qanunsuz yük daşıyanlar, ekoterroru törədənlər də ermənilər və xarici havadarlarına məxsus şirkətlərdir. Bu cür riyakar yanaşmaların nəticəsidir ki, ermənilər, özünü “artsax”ın dövlət naziri kimi qələmə verən Ruben Vardanyan və digərləri yenə də məzlum donuna girərək, yalanlar uydurur, yazıq görkəmlərini yaradaraq Azərbaycana təzyiq göstərilməsi üçün hiyləgər libaslarına bürünürlər. Vardanyan çərşənbə axşamı deyib ki, nə qədər orada azərbaycanlılar dayanırlar, ermənilər Laçın yolu ilə getməkdən imtina edirlər: “Onlar yol kənarındadırlar, istədikləri zaman maşınları saxlaya bilirlər. Ona görə də deyirik ki, bu, qəbuledilməzdir. Azərbaycanlılar oranı tamamilə tərk etməlidirlər”.
Vardanyan özünün də Xankəndidən çıxa bilmədiyini deyib. Sərsəmliyin həddinə diqqət edin: Deyirlər ki, Azərbaycan torpaqlarında azərbaycanlılar yola da nəzarət etməsin, ermənilər bildiyini etsin, Qarabağa qanunsuz gələn şirkətlər Laçın yolu ilə sərvətlərimizi daşıyıb aparsın. İkincisi, axı Rusiya vətəndaşı olan, Qarabağda doğulmayan, Xankəndidə heç zaman yaşamayan Vardanyanın burada nə işi vardı ki, indi də deyir heç yerə çıxa bilmirəm?! Azərbaycana fırıldaq gəlmək bu qədər asan görünürdü?..
Azərbaycanın mövqeyi qətidir: Qarabağdakı bütün qanunsuz fəaliyyətlərə son verilməlidir. Sülhməramlılar bunu təmin etmir, edə bilmir, ona görə də dinc Azərbaycan vətəndaşları yola nəzarəti özləri həyata keçirir. Bu o qədər prinsipial məsələdir ki, vətəndaşlarımız 20 dekabrda Şuşaya qar yağsa da, boran başlasa da, həmin ərazidə əzmlə dayanmaqdadır, aksiya davam edir. Bu aksiya vasitəsilə ortaya çıxan siyasi gerçəkliksə çox maraqlıdır. Bu gerçəklik bundan ibarətdir - ekofəalların start verdiyi, bütün cəmiyyətin dəstəklədiyi aksiya vasitəsilə Laçın yoluna nəzarət Azərbaycan xalqına keçib! Biz toplum və aksiyada iştirak edən xalq təmsilçiləri olaraq, Qarabağdakı erməni separatçılarının qida və nəfəs borusu hesab olunan bir nöqtəyə ayaq qoymuşuq, onu təpikləyir və elə bir təzyiq yarada bilirik ki, səsi Vatikandan, Vaşinqtondan, Parisdən gəlir. Rus sülhməramlılarının nəzarətində olan və 5 km enində olması nəzərdə tutulan bir yola nəzarət ələ alınıb. Bu, müvəqqəti və xəbərdarlıq xarakterli ola bilər. Lakin hər kəs gördü, ermənilərsə anladı - Azərbaycan istədiyi an və istədiyi qədər bu nəfəs və qida borusunu sıxa bilər, kimsə də buna heç nə edə bilməz. Hətta Rusiya sülhməramlıları belə! Heç şübhəsiz, istənilən an Azərbaycanın bölgədə və ən yaxında olan hərbi gücü dinc vətəndaşları əvəzləyə bilər. Zatən xalq etirazları ilə verilən mesaj da budur. Üstəlik, buna qanunlarımız da, beynəlxalq normalar da tam şərait yaradır. Rusiyanın dominantlığında qurulan və ermənilərin çox güvəndiyi - həm də üzvü olduğu - KTMT-nin baş katibi S.Zas da bəyan etdi ki, Laçın yolu Azərbaycan ərazisidir və bu qurum prosesə heç cür müdaxilə edə bilməz... Yəni məsələnin ideologiyası budur: erməni silahlıları və ərazimizdə qanunsuz məskunlaşan Vardanyanlar bölgədən çıxmırsa, Azərbaycanın təbii sərvətləri və bizim olan mədənlər qanunsuz istismar olunursa, sülhməramlılar üçtərəfli bəyanatı (10.11.2022) həyata keçirmirsə, ərazilərimizdəki talanı dayandıra, qanunsuzluqlara və təhlükəsizliyimizə nəzarət edə bilmirsə, Azərbaycan bunu həyata keçirməyə qadirdir. Məntiqi sonluq buna doğru gedir. Əgər Azərbaycanın təhlükəsizlik qüvvələri bu addımı atarsa, məsuliyyət kimin üzərində qalacaq? Sülhməramlılarınmı, Kremlinmi, yoxsa Ermənistanınmı? Bütün halllarda burada yeganə haqlı tərəf Azərbaycandır...

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ikinci həftədir Laçın-Xankəndi yolunda, bütün dünyanın gözü qarşısında çox maraqlı hadisələr baş verir: “Bu, dinc və sivil, normal aksiya həqiqətən də BMT Təhlükəsizlik Şurasına qədər təsir etməyi bacardı və bundan sonra mənə elə gəlir ki, indiyə kimi özlərini çox rahat və arxayın hiss edən Ermənistan və ona açıq havadarlıq edən Rusiya ciddi-ciddi düşünüb-daşınmalı olacaq. Əvvəla, onu qeyd edim ki, bütün baş verən və bundan sonra baş verəcək hadisələrə görə birbaşa məsuliyyət Rusiya siyasi rəhbərliyinin üzərindədir. Məhz onların öz imzalarına və üzərinə götürdükləri öhdəliklərə son dərəcə məsuliyyətsiz və biganə yanaşmasının nəticəsidir ki, Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri və onların arxasında, özünə var-dövlət toplamaqda davam edən separatçılar qalmaqda davam edirlər”.
Hərbi ekspert qeyd etdi ki, 44 günlük savaşdan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də qanunsuzluqlar və özbaşınalıqlar davam etməkdədir: “Vəziyyət dözülməz həddə çatdığından bizim müvafiq qurumlar bir balaca hərəkətə keçmək istədilər. Onlara gənc ekoloqların da qoşulması həm yerində oldu, həm də sərvətlərimizi talan edən cinayətkar rus-erməni dəstələrinin yuxusuna haram qatdı. Baş verənlərin fonunda qarşı tərəfin dünyaya səs salmaları da məhz bu cinayətkar şəbəkənin özlərinin və havadarlarının təşkil etdikləri informasiya hücumudur. Nəticəsi onlar üçün sıfıra bərabər olacaq. Qoy hay-küy salanlar dərindən düşünsünlər ki, söhbət hansı dövlətin ərazilərindən və kimə məxsus olan sərvətlərdən gedir. Hesab edirəm ki, bu taktikanı biz ağıllı və davamlı şəkildə davam etdirməliyik. Ta ki, separatçı ünsürlər və onlara havadarlıq edən rus sülhməramlı obrazında özünü göstərməyə çalışan, əslində isə bu cinayətlərin baş verməsində birbaşa rol oynayan Rusiya siyasi və hərbi rəhbərliyi doğru-düzgün qərarlarını verənə kimi...”
Ü.Cəfərovun fikrincə, prosesi il ərzində davam etdirmək lazımdır ki, onlar daim nəzarətin olmasını hiss etsinlər: “Onsuz da ötən illər ərzində kifayət qədər sərvətlərimizi talan edib dünyanın ayrı-ayrı nöqtələrinə daşıyıblar. Heç olmasa bundan sonra biz bu qanunsuzluq və cinayətkarlığın qarşısını almaqda davam edək. Beynəlxalq güclərin nə deməsindən asılı olmayaraq, biz proseslərə nəzarəti öz əlimizə almalıyıq. Belə olmayacağı təqdirdə isə qalan müddət ərzində Qarabağda və ətraf yerlərdə nə faydalı qazıntı və sərvətlərimiz varsa, onların da aqibəti yaxşı olmayacaq. Yalnız təzyiq və təsir imkanları onları məcbur edəcək ki, Azərbaycan dövlətinin sərvətlərini talamağa son qoysunlar”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov hesab edir ki, istənilən halda, ictimai fəallarımızın haqlı tələbləri ortadadır: “Bu tələblər yerinə yetirilməlidir! Hazırkı situasiyada hansısa toqquşmanın yaşanması o qədər də real görünmür. Çünki toqquşma baş verəcəyi halda, Rusiya-Azərbaycan münasibətləri tamamilə gərginləşə bilər. Eyni zamanda sülhməramlı missiyası bitə və tam gözdən düşə bilər. Sülhməramlıların komandanı Volkovun aksiya iştirakçılarına cavab tapa bilməməsinə səbəb Azərbaycan ekologiyasına vurulan zərbənin aradan qaldırılması, Azərbaycanın müşahidə-monitorinq missiyasının "Dəmirli" və "Qızılbulaq" yataqlarında fəaliyyətinə maneə yaratmaqdır. Təəssüflər olsun ki, hələ də rus sülhməramlıları müşahidə-monitorinq missiyasının yataqlara daxil olmasına əngəl törədir. Verəcək bir cavabları olduğunu düşünmürəm. Çünki yataqlarda aparılan müşahidə qanunsuz istismarın çapını ortaya çıxaracaq. Bu da növbəti dəfə ekoloji terrorda iştirak edən tərəflərin gün üzünə çıxması ilə nəticələnəcək". T.İsmayılov Şuşa-Xankəndi yolundakı aksiyada növbəti dəfə iştirakından da bəhs etdi və təəssüratlarını bölüşdü: “Keçirilən aksiyanı müşahidə etdim. Aksiya iştirakçıları böyük əzmlə tələblərini səsləndirirlər. Bu gün ölkəmizin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına növbəti dəfə nümayiş etdirirlər. Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatları söhbət milli maraqlardan gedən zaman necə birlikdə olmağı hər kəsə yaxşı nümayiş etdirdilər. QHT-lər tərəfindən milli birlik modeli bütün dünyaya ən uğurlu şəkildə nümayiş olundu”.
Politoloq onu da qeyd etdi ki, istənilən halda, vətəndaş cəmiyyətinin milli məsələlərdə fəallığı və iradə nümayişi qeyri-hökumət təşkilatları sahəsində aparılan islahatların nəticəsidir: “Çünki bu sahədə böyük işlər görülüb, agentlik təkmilləşdirilib və QHT-lərin inkişafı üçün dövlət tərəfindən yardımlar ayrılıb. QHT sektorunda aparılan uğurlu islahatların nəticəsi bu gün özünü aydın şəkildə göstərir. Eyni zamanda vətəndaş cəmiyyətinin inkişafında ardıcıl dövlət dəstəyi bu gün bəhrəsini verməkdədir”. Tural İsmayılovun sözlərinə görə, bu gün qeyri-hökumət təşkilatları bir çox sahələr üzrə uğurla fəaliyyət göstərirlər: “Həmçinin QHT-lər şəffaflığın təmin olunmasında da mühüm rol oynayırlar. Bu gün vətəndaş iştirakçılığının genişlənməsi, QHT-lərin millətin, dövlətin taleyi üçün vacib məsələlərdə tək yumruq olması Azərbaycanda vətəndaş cəmiyyəti institutunun bütün dünyaya örnək model kimi inkişaf etdiyini söyləməyə əsas verir. Aksiyanın siyasiləşdirilməsi ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatların heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Aksiya müşahidəçisi kimi görürük ki, burada heç bir siyasi şüarlar səsləndirilmir. İnsanların burada toplaşmasının mahiyyəti isə siyasi deyil. Aksiya ekofəalların və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiyamıza qarşı həyata keçirilən terrora etirazını ifadə edir. Günlərdir yüzlərlə insan ekoterrora etiraz etsə də, dünya bu etirazları görməyərək nə qədər ədalətsiz olduğunu bir daha göstərmiş olur”.
Ekspertlərimizin də dediyi kimi, bu gün ümummilli hədəfə, Xankəndinə doğru möhtəşəm dirəniş aksiyası davam edir. Artıq Xankəndi sakinləri də aksiyaya qatılaraq “Evimizə getmək istəyirik”, - deyə yolun açılmasını tələb edirlər. Bu isə yolun dinc etirazçılar tərəfindən deyil, erməni-rus qüvvələri tərəfindən bağlandığını bir daha təsdiqləyir. Beləcə, milli iradəmiz ortada, bu dəfə dinc döyüşə vətəndaş cəmiyyəti gedir. İnşallah, sonu zəfərlə bitəcək!
E.PAŞASOY
Tarix: 22-12-2022, 08:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}