“Qarabağda vəziyyət gərginləşir” - “Nezavisimaya qazeta”

“Qarabağda vəziyyət gərginləşir”
Ermənistanın xahişi ilə BMT Təhlükəsizlik Şurası Qarabağı Ermənistanla birləşdirən Laçın yolundakı vəziyyətə baxıb. İclas iştirakçılarının böyük əksəriyyəti Azərbaycandan dekabrın 12-dən bloklanmış yolun açılmasını tələb edib. Rusiya sülhməramlılarının rəhbərliyi yolun açılması üçün Azərbaycan tərəfi ilə danışıqları davam etdirir.

Bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rus nəşrinin təhlilində qeyd olunur ki, bir qrup azərbaycanlı ekoloq bütün bu illər ərzində Ermənistan tərəfinin işlətdiyi Qarabağın dağlıq hissəsindəki mis və qızıl mədənlərində vəziyyətlə tanış olmaq istədikdən sonra çıxılmaz vəziyyət yaranıb. “Rəsmi” Xankəndi ekoloji qrupdan şübhələnib. Bu səbəbdən qrup mədənlərə buraxılmayıb, buna cavab olaraq Qarabağı Ermənistanla birləşdirən Laçın yolunda hərəkət dayandırılıb.

Təhlildə bildirilir ki, Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfi arasında aparılan danışıqlar indiyədək nəticə verməyib. Bu səbəbdən, Ermənistan vəziyyətə baxmaq xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmək məcburiyyətində qalıb: “İclasda iştirak edənlərin əksəriyyəti Laçın dəhlizinin blokadadan çıxarılması tələblərini dəstəkləyib. ABŞ və Fransa blokadanın dərhal və qeyd-şərtsiz götürülməsinə çağırıb. Rusiya yaxın vaxtlarda Laçın dəhlizi ilə avtomobillərin hərəkətinin tam bərpa olunacağına ümid etdiyini bildirib”.

Diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının iclasını şərh edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sosial şəbəkədə Laçın dəhlizi məsələsində beynəlxalq konsensusun əldə olunduğunu yazıb.

Qarabağın “dövlət naziri” Ruben Vardanyan isə Qarabağa qazın Azərbaycan tərəfindən heç bir ilkin şərt qoyulmadan bərpa edildiyini bildirib. Onun fikrincə, bu, beynəlxalq ictimaiyyətin təzyiqi ilə baş verib.

Təhlildə qeyd olunur ki, Azərbaycanın baş verənlərlə bağlı öz izahı var. Rəsmi Bakı Qarabağda baş verən hər şeyi Azərbaycanın daxili işi hesab edir və əmindir ki, beynəlxalq ictimaiyyət obyektivlik sınağından keçir. Yəni Bakı hesab edir ki, nə Qərbin, nə də Rusiyanın Laçın yolunun blokadası ilə bağlı vəziyyətə müdaxilə etmək hüququ var.

Yeri gəlmişkən, çadır şəhərciyi quran azərbaycanlı fəalların tələbləri dəyişir. Onlar mədənlərin yoxlanılması ilə yanaşı, Azərbaycanın Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Gömrük Komitəsi tərəfindən Qarabağ ərazisinə tam nəzarət olunmasını, həmçinin Ermənistanla sərhəd-keçid məntəqələrinin yaradılmasını tələb edirlər.

Qəzet yazır ki, ekoloqların fəallaşmasının başqa izahı da var. Məsələ burasındadır ki, Bakı Britaniya şirkətləri ilə Xankəndinin işlətdiyi mis və qızıl yataqlarının istismarı ilə bağlı böyük sövdələşmələr bağlayıb. Deyəsən, Bakı “Rubikonu keçmək” qərarına gəlib. Bu versiya Britaniya Xarici Kəşfiyyat Xidmətinin MI6 rəhbəri Riçard Murun Ermənistana son səfəri ilə də dəstəklənir. O, Ermənistan rəhbərliyi ilə görüşüb, lakin danışıqların nədən getdiyi məlum deyil.

“Vəziyyət gərginləşir. Dekabrın 21-dən Azərbaycan Silahlı Qüvvələri canlı atəşlə taktiki təlimlərə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Azərbaycan Silahlı Qüvvələrinin raket və artilleriya qoşunlarının bölmələri ilə cari ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilir. Məlumata görə, “təlimlər zamanı əsas diqqət raket və artilleriya bölmələri komandirlərinin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, o cümlədən fəaliyyətin planlaşdırılması və digər döyüş növləri ilə qarşılıqlı əlaqə vərdişlərinin formalaşdırılmasına yönəldilib. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə saxta düşmənin hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub”, - deyə təhlildə qeyd olunur.

Reyting.az
Tarix: 22-12-2022, 14:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}