Xankəndiyə də öncə ƏSGƏRİMİZ DAXİL OLMALIDIR... - Yoxsa bu evcik-evcik oyunu bizi çox yoracaq...

Xankəndiyə də öncə ƏSGƏRİMİZ DAXİL OLMALIDIR...
Qarabağda Rusiya “sülhməramlı” kontingentin “mərhəmətinə” sığınan separatçı qalıqları üçün “oksigen balonu” bağlanandan - Laçının girişində nəzarət-keçid postu qoyulandan sonra erməni kriminal dəstələri üçün əsl ağlamalı günlər başlayıb.

“Yeni Müsavat”a gələn xəbərlərə görə, artıq onlar bir-birilərini didməyə, boğuşmağa başlayıblar, tələdən qurtulmaq üçün yollar axtarışındadırlar. Yol isə birdir: dövlətcik-dövlətcik oyununa təcili son qoyub ağ bayraq qaldırmaq və Azərbaycan dövlətinə tabe olmaq, onun əfvinə sığınmaq. Bu barədə “Hraparak” erməni qəzeti yazır ki, terrorçu kampına çevrilmiş “artsax”da daxili siyasi vəziyyət gərginləşib". Nəşr xəbər yayıb ki, bir tərəfdən Samvel Babayan və Ruben Vardanyanın simasında “müxalifət” qüvvələri fəallaşıb, eyni zamanda Babayan “dövlət naziri”nin təyin olunmasını tələb edir.

“Digər tərəfdən, "hakimiyyət" daxilində - “parlament”də və “hökumət”də sabitlik yoxdur. “Artsax parlamenti”nin “spiker”i də tələbi səsləndirdi: Araik Arutyunyan ya istefa verib yeni “seçkilər”ə gedir, ya da etimad “referendumu” keçirsin" - “Hraparak” bildirir. Qəzet həmçinin yazır: “Xatırladaq ki, bir neçə gün əvvəl "Artsax prezidenti" siyasi məsləhətləşmələrin başlandığını və “müxalifət” qüvvələrinin nümayəndələrinin, o cümlədən Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun formalaşdığını elan etmişdi. Lakin məsləhətləşmələr nəticəsiz qaldı, siyasi qüvvələr bir masa arxasında əyləşə bilmir, indiki “iqtidar”, “parlament” və “parlamentdənkənar müxalifət” arasında razılıq əldə olunmayıb. Məlum olub ki, Araik Arutyunyan etimad “referendumu”nun keçirilməsi təklifi üzərində dayanaraq qərar verib. Yaxın bir-iki ayda “referendum” təşkil olunacaq və “Artsax xalqı” bir suala cavab verəcək: “Artsax prezidenti”nə güvənir, yoxsa yox? Beləcə, daxili siyasi böhran bu və ya digər şəkildə həll olunacaq".

Görünür, haylar başlarını əməlli-başlı itiriblər. Nə “etimad referendumu”, nə “yeni seçki”, nə “səsvermə” qutuları? Bunlar yenə nə sarsaqlayır, görəsən? Ağılları gedib yəqin köhnə əyyamlara, işğal (cəzasızlıq) dönəminə! İndi çıxmağa deşik tapmırlar, Ruben “Qarabağdan çıxsam, vertolyotu vuracaqlar” deyərək səksəkə içindədir, hələ bir “seçki”dən, müqavimətdən dəm vururlar. Məlum məsələdir ki, Azərbaycan dövləti oyuncaq rejimə bir daha bu lüksü tanımayacaq. Onlara ərazimizdə konstitusiyamıza zidd, qeyri-legitim seçki keçirməyə imkan verilməyəcək. Bəs Bakı buna qarşı konkret hansı addımlar ata bilər? O sırada Rusiya “sülhməramlı” kontingentinin komandanlığına bu təxribatı önləmək üçün çağırış ediləcəkmi? Bəlkə “Bayraktar”ları qaldırmaq zamanıdır?

Analitik Elxan Şahinoğluna görə, Qarabağda separatçılar arasında fikir ayrılıqları mövcud olduğundan artıq şişirdilir: “Misal üçün, yazırlar ki, "parlamentin spikeri prezidentin istefasını və ya yeni seçkilər tələb edib", “Qarabağ prezidenti ilə təhlükəsizlik şurasının keçmiş katibi arasında fikir ixtilafı mövcuddur”, “Samvel Babayan vəzifə istəyir” və ya “Ruben Vardanyan Araik Arutyunyana qarşı yeni hərəkat formalaşdırıb”. Bu cür xəbərlərin yayılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı “siyasi fiqurların” mövcud olduğunu aşılamaqdır. Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda “özünüidarə uğrunda mübarizə gedir” və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər. Biz isə beynəlxalq aləmə Qarabağda separatizmin günlərinin azaldığını, onların tərk-silah olunacağını və Xankəndidə Azərbaycan qanunlarının işləyəcəyini təlqin etməliyik". Politoloqun fikrincə, başqa təhlükə də ondan ibarətdir ki, erməni separatçıları işğalda saxladıqları əraziləri silah deposuna çeviriblər, əllərdə və evlərdə xeyli silah və sursat var, torpaq altında da basdırmamış deyillər, vaxtilə torpaqlarımızın işğalı belə başlamışdı: “İndi də ara-sıra Kalaşnikov avtomatları ilə Şuşaya doğru atəş açırlar. Bu, Rusiya hərbi kontingentini narahat etmir, əksinə, bölgəyə daha çox silah onların dəstəyi ilə keçirilib. Gələcəkdə separatçıları tərk-silah etməklə yanaşı torpaq altında basdırdıqları silah və sursatı da aşkar etmək vacib olacaq ki, bizə yenə arxadan atəş açmasınlar”.

Siyasi təhlilçi Turan Rzayev separatizmin mövcudluğuna görə Rusiyanın dəstəyini xüsusi fərqləndirir: “Sülhməramlıların separatçıları silahlandırması qəbuledilməzdir. Rəsmi Bakı bu prosesin qarşısını ən qısa zamanda almalıdır. İlk növbədə bu barədə Azərbaycan tərəfi həm Rusiyaya, həm də sülhmərmalıların komandanlığına xəbərdarlıq etməlidir. Bundan başqa, Rusiya sülhməramlılarına gətirilən silah-sursat və texnika yalnız quru yolu ilə olmalıdır. Yəni müvafiq qaydada və rotasiya qaydalarına uyğun olaraq Laçın postundan keçməklə həyata keçirilməlidir. Rusiya sülhməramlıları bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə rəsmi Bakı separatçıların təyin edilən postlarına zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir. Ümumiyyətlə, erməni separatçılarının tərk-silah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında, ya da istəyində deyilsə, Azərbaycan özü prosesi reallaşdırmalıdır”. Onun fikrincə, sülhməramlılara davamlı şəkildə silah-sursat ya birbaşa Rusiya ərazisindən, ya da Ermənistandakı hərbi bazalarından quru və hava yolu ilə gəlir: “Laçın postumuzun qurulmasından sonra bu proses dayanıb. Davam edirsə belə, ən azından proses Bakının nəzarətindədir. Lakin indiki məqamda separatçılara verilən silahları Rusiya sülhməramlıları hava yolu ilə həyata keçirir".

Siyasi şərhçi Ramiyə Məmmədova isə separatizm ocağında klanların qarşıdurmasının müşahidə edildiyini düşünür. Rusiya ilə Ermənistanın Xankəndidəki oyuncaq rejim uğrunda mübarizə apardığını deyən təhlilçinin sözlərinə görə, bundan qalib Azərbaycan çıxacaq: “Bir yanda Paşinyana yaxın Araik dəstəsi, digər tərəfdə onu istefaya çağıran qüvvələrdir. Bizim üçün fərqi yoxdur, istər terrorçu Araik, istərsə dələduz Ruben olsun, onları bölgədən iti qovan kimi qovmalıyıq. Babayan 90-cı illərdən tanınan fiqurdur. Onu da rədd etməyə az qalıb. Ekofəallar aksiya keçirəndə Gorusdakı hotellərin birində qalıb ulayırdı ki, Qarabağa qayıda bilmir. Məncə, bu xunta qüvvələrinin bir "Bayraktar"lıq canı var. Biz 10 min erməni hərbçisini tabeliyində saxlayıb Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə ərazilərində onların axıra qədər özbaşınalıqlarına dözməyəcəyik".

Onun sözlərinə görə, Ermənistanın baş naziri təsdiqləyir ki, 86.6 kvadrat kilometr ərazi bütövlüyümüzü tanıyır. O zaman Ordumuz həmin rəqəmə daxil olan Qarabağın dağlıq ərazisində istədiyi zaman antiterror əməliyyatı başlaya bilər. Oradakı mülki əhalinin təhlükəsizliyinə zəmanət verməklə bu torpaqlardan murdar və cinayətkar qüvvələrin meyitini çıxarmaq lazımdır. Zaman və proses buna doğru gedir. Mən əvvəllər də demişəm ki, növbəti addımlarımız bizi Xankəndi və ətraf ərazilərdə üçrəngli bayrağımızın dalğalanmasına aparır".

“Yeni Müsavat”
Tarix: 23-05-2023, 10:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}