Ermənilər təxribat hazırlığında: “Hərbi toqquşmalar qaçılmazdır”

Polkovnik: “Birmənalı şəkildə bilməliyik ki, ermənilər revanşa hazırlaşırlar”
Son bir ayda Ermənistan ordusu tərəfindən Azərbaycanla şərti sərhəddə atəşkəs pozulur. Eyni zamanda, Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar. Məsələn, iyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun  Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan  atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan əvvəl isə erməni separatçıları tərəfindən hərbi yüklərin daşınmasını özündə əks etdirən videolar yayılıb. Həmçinin müxtəlif mənbələrin məlumatına görə, separatçılar Qarabağda kənd sakinləri olan ermənilərə silah-sursat paylayırlar. Ekspertlər baş verənləri qiymətləndirərkən bildirirlər ki, separatçılar təxribatlara hazırlıq görürlər. Buna isə rəsmi İrəvan o qədər də biganə deyil. Analitiklərin qənaətincə, baş verənlər Qarabağda Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsini qaçılmaz edir.
AYNA-nın suallarını cavablandıran hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyilənlərlə razıdır:

- Danışıqlar adı altında Ermənistan və separatçılar zaman qazanmaqdadırlar. Ötən müddət ərzində Ermənistan da, separatçılar da müəyyən hazırlıq işləri görüblər. 2020-ci ildə ordusu tamamilə dağılan Ermənistan indi ordusunun gücündən danışır. 2023-cü ildə Fransa vasitəsilə Ermənistan ordusu üçün Hindistandan artilleriya qurğuları tədarük olundu. Fransanın öz istehsalı olan silahların Ermənistana verilməsi və s. kimi məsələlər var. Birmənalı şəkildə bilməliyik ki, ermənilər revanşa hazırlaşırlar. Qarşıda bizi hərbi qarşıdurma gözləyir. Bu, nə birinci, nə də ikincidir, nə də sonuncu olacaq. Mənə elə gəlir ki, ya bu ay, ya gələn ay hərbi toqquşmaların şahidi olacağıq.
Təəssüflər olsun ki, bu gün Ermənistan, Rusiya imitasiya ilə məşğuldur. Fransa da sülhə mane olan addımlar atır. Rusiya sülhməramlı adlandırılan kontingentin Qarabağdan getməsi müddəti azaldıqca, təxribatların da sayı artacaq. Bu, sonda hərbi toqquşmaya gətirib çıxaracaq.
- Amma sülhlə bağlı nikbin bəyanatlar verilir...
- Biz erməni ilə rusun oyunlarına aldanmamalıyıq. İndiyədək belə bəyanatlar çox verilib, amma ortada heç nə yoxdur. Onlar sadəcə zaman qazanırlar. Rusiya əvvəlki ssenarini təkrarlamaqla, separatçıları hazırlamaqla məşğuldur. Baxın, Paşinyan dörd  gün əvvəl Putinlə görüşdü, yenə şikayət etdi ki, guya Laçın yolu “bağlıdır”, guya “blokada” var və s. Bu, sülh bəyanatı deyil, əvvəlki siyasətin davamıdır, oyun oynamaqdır. Biz onlar tərəfindən verilən sülh bəyanatına inanmamalıyıq. Bu nağıllara qulaq asmaq mənasızdır.
- Dediniz ki, toqquşmalar baş verəcək. Bu, genişmiqyaslı müharibəyə çevrilə bilərmi?
- Toqquşmalar mütləq olacaq. Çünki Azərbaycan güc tətbiq etməsə, separatçılar ərazilərimizdən çıxmayacaqlar. Dinc vasitə ilə, danışıqlarla erməni qanunsuz silahlı birləşmələrinin Qarabağdan çıxması mümkün  deyil. Biz indiyədək çoxlu belə danışıqların, onların verdiyi vədlərin şahidi olmuşuq. Hər dəfə də bizi aldadıblar. Müharibə bitəndən sonra gedən proseslərə nəzər salsaq, hər şeyi aydın görərik. Üç il müddətində Rusiya bir dəfə də olsun Paşinyana Qarabağdan qoşunlarını çəkmək əmri verməyib. Çünki Moskva bunu istəmir. Bundan sonra da istəmək niyyəti yoxdur. Erməni silahlıları Qarabağdan çıxarılsa, sülhməramlı adlandırılan qoşunların Azərbaycan ərazisində hansısa bir işi qalmayacaq. Rusiya isə Qarabağı tərk etmək niyyətində deyil. Ona görə də hesab edirəm ki, yeganə çıxış yolu hərbi toqquşmadır. Amma böyük müharibə gözlənilmir. Çünki bunun üçün nə separatçıların, nə Ermənistanın, nə də Rusiyanın özünün gücü var. Ermənilər məlumdur, Rusiya Azərbaycanla müharibə aparacaq?! Əlbəttə, yox. Bunlar Azərbaycan Ordusunun gücünü bilirlər. Ona görə də böyük müharibə gözləntisinin olduğunu deyə bilmərəm.
- Bildirdiniz ki, Ermənistanla yanaşı, Rusiyanın da gücü yoxdur ki, Azərbaycanla müharibə aparsın. Yəqin ki, Rusiyanın Ukraynada çətin günlər yaşadığından dolayı belə dediniz. Bəzi fikirlər var ki, Rusiya Ukraynada məğlub olduqdan sonra diqqətləri Cənubi Qafqaza, xüsusilə, Qarabağa yönəldəcək. Sizcə, Rusiyanın Ukraynaya məğlubiyyətinin Qarabağa nə qədər təsiri var?
- Bu gün Rusiyanın əlində imkan olsaydı, Qarabağda çox oyunlardan çıxardı. Məsələn, Azərbaycanın Laçın yolunda post qoymasına qətiyyən imkan verməzdi. Axı Lavrov birmənalı şəkildə Bakıda bildirdi ki, Laçın yolunda məntəqə qoyulmasında söhbət gedə bilməz. Amma Azərbaycan orada post qurdu, bu gün də ermənilər Qarabağa yoxlanılaraq buraxılırlar. Rusiya nə etdi ki?! Bu, Ukrayna bataqlığındakı çabalamanın nəticəsidir. Bu gün Şoyqu Priqojin kimi axmaq adamla bacara bilmir, Türkiyə kimi ölkənin müttəfiqi Azərbaycanla müharibə edə bilər? İkinci cəbhə Rusiyaya lazımdırmı? Əlbəttə, yox. Ona görə də hesab edirəm ki, Rusiyanın Ukraynada məğlubiyyətinin Qarabağ üçün müsbət nəticələri olacaq. Rusiyanın diqqətlərini Cənubi Qafqaza yönəltməsinə gəlincə, nə edir-etsin, mənası yoxdur. Məğlub və heydən düşmüş Rusiya diqqəti hara yönəldir-yönəltsin, heç bir effekti olmayacaq.
Düşünürəm ki, Azərbaycan başladığı işi yarımçıq qoymamalı, addımlarını tez zamanda atmalı və problemi kökündən həll etməlidir. Bunun isəı yolu danışıqlardan yox, antiterror əməliyyatından keçir.
Tarix: 13-06-2023, 11:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}