Erməniləri yeni müharibəyə hazırlaşdırırlar - NƏ BAŞ VERİR?

Erməniləri yeni müharibəyə hazırlaşdırırlar
Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikasında irəliləyişlər müşahidə olunsa da, İrəvan yeni problemlər yaratmağa davam edir.

Ermənistanın müdafiə naziri Suren Papikyan dünən Azərğaycanla şərti dövlət sərhədində inşa edilmiş yeni fortifikasiya qurğularına və müdafiə istehkamlarına baş çəkib, görülən işlərlə tanış olub.

Onu müşayiət edən generalların dediklərinə görə, sərhədin perimetri boyunca belə istehkamların inşası davam edəcək.
İlk baxışdan yetərincə normal və hətta rutin prosesdir. Ermənistan süni yaradılmış olsa da, faktiki dövlətdir, şərti olmasına rəğmən sərhədini qorumaq hüququ var və ordusunun da inkişaf etdirmək özəl hüququdur.

Bütün bunlar aksiomlar, hətta bəsit həqiqətlərdir. Amma Ermənistan rəhbərliyinin, xüsusilə də siyasi mühitinin indiki vəziyyəti qonşu dövlətin fortifikasiya qurğuları və müdafiə istehkamları adlandırdığı səngərlər revanşist istəklərin məcmusunu təmin etmək üçün hazırlanır.

Faktlar budur ki, artıq istifadəyə verilmiş qurğulardan və səngərlərdən Azərbaycan Ordusunun mövqeləri sürəkli atəşə tutulur, bölgədəki gərginlik məqsədli şəkildə artırılır.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasına tərəfdar olduğunu, stabilliklə sülhün bərqərar olması üçün əlindən gələni etdiyini bəyan etsə də, reallıq tam əksidir.

44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya məruz qalan və ordusu yarıtmaz vəziyyətə düşən Ermənistan indi sürətlə silahlanır.

Ermənilər revanş almaq, "Kür çayının sol sahillərinədək əraziləri azad etmək" kimi qələmə verdikləri yeni işğalı reallaşdırmaq istəyirlər. Ermənistanın dövlət mənsubları, hakimiyyət təmsilçiləri istəklərini aşkar deməsələr də, erməni cəmiyyətinin sosial çağırışının və tələbinin bu olduğu az qala vurğulanır.

Ermənistanı silahlandıran dövlətlər arasında isə, bəlli, Fransa və Hindistan əlahiddə yer tutur.

Azərbaycanın Pakistan və Türkiyə ilə qardaş münasibətlərinə qıcıqla yanaşaraq bunu regional maraqlarına ciddi təhlükə hesab edən Dehlidəki ifrat millətçi isteblişment Ermənistanı bölgədə Bakı və Ankaraya təsir rıçağı, bir qədər geniş anlamda isə Pakistanın Cənubi Qafqazdakı planlarına mane olmaq üçün imkan sayır.

Fransa prezidenti Emmanuel Makronun maniakal "erməniçiliyi" psixoz vəziyyətini alaraq Parisin maraqları ilə geosiyasi mənafelərinə zidd olsa belə, Ermənistana tam dəstək davam edir.

Makron üçün Ermənistanı silahlandıraraq regionda militar güc olmasa da, Azərbaycanı fasiləsiz narahat edən amil səviyyəsinə çatdırmaq idefiksə dönüb.

Parisin İrəvan üçün nəzərdə tutduğu hərbi texnikannın 50 zirehli transportyordan ibarət ilk partiyası artıq İrəvana göndərilib.
Xatırladaq ki, Fransa Senatının sədri Jerar Larşe Parisdə Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündən sonra Twitter-də yazmışdı: "Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinin dərhal açılmasını, habelə Ermənistanın təhlükəsizliyinin təminatı üçün ona müdafiə məqsədli silahların verilməsinin tezləşdirilməsini tələb etdim".

Göründüyü kimi, Larşe Fransanın Ermənistana silah-sursat və hərbi texnika verməyə hazırlığını yox, prosesin tezləşdirilməsini istəyərək ermənilərin artıq belə silahları və texnikanı almağa başladıqlarını təsdiqləyib.

Ermənistan parlamenti və Müdafiə Nazirliyi isə Parisin İrəvana sistemləşdirilmiş şəkildə hərbi texnika yollamağa başlaması ilə bağlı məlumatları şərh etməkdən boyun qaçırıblar.

Rusiya onillərdən bəri Ermənistanı silah və hərbi texnika ilə təmin edən dövlət statusuna malikdir. Hələ mərhum prezident Boris Yeltsinin dönəmində Moskva tamamən qeyri-rəsmi olaraq İrəvana 3 milyard dollardan artıq silahla texnika hədiyyə etmişdi.
2019-cu ilin noyabr ayına qədər Rusiya Federasiyası Ermənistana silahz-sursat, hərbi texnika və s.-ni daxili qiymətlərlə, yəni çox ucuz qiymətə "satırdı".

"Satış" mexanizmi sadə idi: Rusiya Ermənistana güzəştli kredit ayırır, sonra həmin kredit həcmində silah və texnika verir, sonda isə kredit ermənilərə "bağışlanaraq" silinirdi.

Faktiki olaraq Ermənistana silah-sursat və texnika hədiyyə edilirdi. Proses 2020-ci ilin əvvəllərində dayandı.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Ermənistanın bəhs etdiyimiz sxemi davam etdirmək niyyəti olsa da, Moskva Ukraynada hərbi əməliyyatlara başladığından niyyəti gerçəkləşmədi.

Belədə hami axtarışına çıxan Ermənistan isteblişmenti Fransaya üz tutdu, rəsmi Paris də Cənubi Qafqazda Azərbaycana və Türkiyəyə qarşı effektiv təsir imkanı əldə etmək arzusu ilə İrəvanı intensiv şəkildə dəstəkləməyə başladı.

Ermənistanda iqtidarda olan "Mülki müqavilə" partiyasından olan deputat, ölkə parlamentinin müdafiə məsələləri komitəsinin sədr müavini Armen Xaçatryanın açıqlaması bu baxımdan maraq kəsb edir: "Silah və hərbi texnika məsələlərində Rusiya Federasiyası əsas müttəfiqimiz olaraq qalır. Lakin məlum səbəblərə görə Rusiya indi Ermənistanın hərbi texnikaya olan tələbatını ödəyə bilmir. Bu səbəbdən də ordumuzun təminatı üçün yeni tərəfdaşlar axtarırıq".

İlk olaraq Ermənistanla Hindistan arasında hərbi-texniki təminat sahəsində razılıq əldə edildi. İmzalanmış sazişlərə görə, Hindistan Ermənistana 150 milyon dollar məbləğində raket qurğuları, reaktiv yaylım atəşi və hava hücumundan müdafiə sistemləri, özüyeriyən və daşınan minaatanlar və s. verəcək.

Eyni zamanda, Ermənistan Yunanıstanla da hərbi-texniki əməkdaşlığı sürətlə genişləndirir. İrəvanla Afina birgə hərbi manevrlərin və komanda-qərargah təlimlərinin keçirilməsini razılaşdırıblar. Bundan başqa, yunanlar ermənilərin xüsusi təyinatlı qüvvələrinə də təlim keçirlər.

Fransaya gəldikdə isə, ermənilər Parisi Azərbaycanla danışıqlar prosesinə təkan verə biləcək vasitəçi yox, İrəvanın müttəfiqi kimi görürlər və bu, Emmanuel Makronun planlarını alt-üst etsə də, nəyisə dəyişmək artıq gecdir.

Fransa ilə Ermənistan faktiki eyni mövqe tutan tandem halını aldıqlarından rəsmi Parisin sülh sazişinin imzalanması prosesində guya vasitəçilik etmək cəhdləri erməniləri tam dəstəkləmək cəhdlərindən başqa heç nə deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası da məhz belə "hamilik"cəhdlərini hiss etdiyindən yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizi layihəsinin işə salınması, hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlı dəstələrinin tərksilah edilməsi və s. məsələlərdə proseslərə süni maneələr yaratmağa davam edir.

Danışıqlar prosesinin dinamikasında bilavasitə ABŞ və Avropa İttifaqının mövqeyi ilə səyləri nəticəsində müəyyən irəliləyişlər müşahidə olsa da, rəsmi İrəvan destruktiv fəaliyyətini dayandırmır.

2025-ci ildə səlahiyyət müddəti başa çatacaq Rusiya Sülhməramlı Kontingentinin Azərbaycan ərazilərindən çıxarılması qaçılmazdır və bu, mütləq baş verəcək. Ermənistan şimaldan aldığı təlimatları tam yerinə yetirə bilmədiyindən və ya yetirmək istəmədiyindən, qarabğlı ermənilərin son vaxtlar süni şəkildə siyasi aktivləşməyə məruz qoyularaq prosesdə yeni vahid qismində tanınmasına çalışan qüvvə bölgədə gərginliyi maksimum həddə çatdırmaq niyyətindədir.

Fransa, Hindistan, Yunanıstan təki hamilər Ermənistana yardımlar etsələr də, situasiyanı dəyişə bilməyəcəklər.
Ermənistanın kasad dövlət büdcəsini, zəif iqtisadiyyatını və fiaskoya uğramış geosiyasi potensialını normal vəziyyətə gətirmək üçün onilliklər gərəkdir.

Kimsə Azərbaycanın həmin müddətdə laqeyd müşahidəçi mövqeyini tutmaqla kifayətlənəcəyini düşünürsə, yanılır.

Elçin Alıoğlu
//trend//
Tarix: 20-07-2023, 14:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}