Necə ola bilər ki, 50, lap 100 min adam unitar ölkənin bir parçasını 10 milyon vətəndaşın əlindən alsın?! - HƏQİQƏTƏN DƏ...

Necə ola bilər ki, 50, lap 100 min adam unitar ölkənin bir parçasını 10 milyon vətəndaşın əlindən alsın?!
Xankəndidə ermənilər yığışıb deyiblər: "Biz Azərbaycanın tərkibində yaşamaq istəmirik".
Hə, nə olsun ki?! Barselonada da kataloniyalılar yığışıb demişdi ki, İspaniyanın tərkibində yaşamaq istəmirlər. Bir zaman çeçenlər də Rusiyanın tərkibində yaşamaq istəməmişdilər. Şotlandiyiyada da xeyli adam Britaniyada yaşamaq istəməmişdi. Kvebekdə fransızlar da Kanadada yaşamaqdan "yorulmuşdu" bir ara. Şərqi Timorlular da bir zamanlar İndoneziya pasportu daşımaqdan boyun qaçırırdılar. Hətta Almaniya kimi rifah ölkəsindəki Şlezviq serbləri də oxşar fikrə düşmüşdülər...

Ancaq nəticədə heç kim heç yerə getmədi. Hamı elə öz ölkəsində qaldı. Əgər Qarabağdakı erməni azlığı da Azərbaycan kimi varlı və güclü ölkəni deyil, kasıb və zəif Ermənistanda yaşamaq istəyirsə, buyursunlar: getmək üçün yol açıqdır. Sovet İttifaqı dağılanda xeyli alman postsovet coğrafiyasından Almaniya Federativ Respublikasına köçdü. Ancaq nə Tomas Ştadler Omsk vilayətini Rusiyadan qoparıb özü ilə götürüb Frankfurta daşıdı, nə də Matias Bekker Qaraqandanı Qazaxıstandan ayırıb Hannoverə köçürdü. Əgər dünya ölkələrində bir gün etnik azlıqlar hamısı bir ağızdan: "Öz ölkəmdə yaşamaq istəmirəm" desə, dünya dağılmazmı?! Ancaq xəstə təxəyyül bir qrup, lap elə bir neçə min insana diqtə edə bilər ki, bir gün durub desin: "Daha bu ölkədə yaşamaq istəmirəm, torpağı da ayırıram". Bu, nə düşüncə tərzidir?! O üstündə yaşadığın torpağa əvvəla, sən sonradan gəlmisən. Ondan da başqa, ümumiyyətlə, o torpaq tək sənə məxsus deyil ki! Xankəndi orda yaşayan, tutaq ki, lap sayı 50 min olan erməninin deyil axı, 50 milyonluq Azərbaycan türkünün coğrafiyasının bir parçasıdır. Necə ola bilər ki, 50, lap 100 min adam unitar ölkənin bir parçasını 10 milyon vətəndaşın əlindən alsın?! Bəhanələri də budur ki, guya blokadadırlar, acdırlar. Qərb siyasətçiləri də bu bayağı, boyat bayatının ritminə uyub Planet boyu rəqs etməkdə!

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə komissarı Cozeb Borrell də elə bir bəyanat verib ki, nə siyasətə sığır, nə təhlükəsizliyə. Həmin o Borrell gedib öz İspaniyasında Barselonanı katalonlara buraxsın, biz də baxaq. Bir də siyasi pozisiyasına görə daha üstün olan - Borrellin üstü sayılan Şarl Mişel (Avropa İttifaqının prezidenti) də Azərbaycanın təklifini dəstəkləyib: Qarabağdakı ermənilər ac qalmaq istəmirsə, Ağdam yolu açıqdır. Daha doğrusu, Azərbaycan tərəfdən açıqdır. Ermənilər özləri qapatdığı yolu açsınlar, hər şey yaxşı olacaq. Çadırda oturub siyasi gəvəzəliklə məşğul olmaqdansa, durun, gedin, bağladığınız yolunuzu açın. Oturaq aksiyaymış! Hamılıqla pəhrizə oturmaqdırsa, bu, başqa məsələ...

Bahəddin Həzi, Bizimyol.info
Tarix: 27-07-2023, 14:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}