Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüququdur

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüququdur
44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edildi.
Postmüharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük Qayıdış Konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün lazımi işlər görülür. Ən başlıcası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir.
23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır. Əldə olunmuş bu tarixi nailiyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.
Bu gün Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar.
Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.
Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, gələcəkdə yaranacaq hər hansı mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Azərbaycan hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınmasının qarşısını alır. Məlumat üçün onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırıldıqdan bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə 299 nəfər vətəndaşımız mina terrorunun qurbanına çevrilmişdir. Onlardan 55-i həlak olmuş, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu xüsusda Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Laçında Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Zəfərdən sonra əldə edilmiş əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-keçid məntəqəsində pasport yoxlanışı həyata keçirilir. Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsində fəaliyyətə başlamışdır. Bir sözlə, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Tarix: 27-08-2023, 18:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}