Xankəndidə çalxalanma və böyük qaçış siqnalı – Moskva da qərarsız qalıb

Mərkəz rəhbəri: “Ya Bakının şərtlərini qəbul edəcəklər və məsələlər tədricən həll olunmağa başlayacaq, ya da...”
Qarabağdakı qondarma rejimin daxilində gərginlik yaşanmaqdadır. Vəziyyət kritikləşdikcə, separatçılar bir-birilərni didməyə başlayıblar. Avqustun 28-i gecə saatlarında xuntanın “rəhbəri” Araik Arutunyanın oturduğu “hökumət binası” atəşə tutulub. Hücum edənlər Arutunyanın addımlarından narazı olduqlarını bildiriblər.
Dünən axşam saatlarında sakinlər Xankəndinin mərkəzinə toplaşıblar. Həm Azərbaycana etiraz ediblər, həm də qondarma rejimin “rəhbərliyini” tənqid atəşinə tutublar.
Əhalinin kortəbii mitinq iştirakçıları "rəhbərlik"dən onları qarşıda nə gözlədiyi barədə açıqlama tələb ediblər. Sonda etirazçıların qarşısına çıxan Arutunyan yaranmış vəziyyətlə bağlı deyib ki, təkləniblər: “Biz təkik. Bizim nə dostumuz var, nə də dəstəyimiz. Biz bütün məsələləri birlikdə həll edəcəyik".

Çörək çatışmazlığı probleminə toxunan terrorçubaşı bunun yaxın vaxtlarda öz həllini tapacağını söyləyib: "O ki qaldı bəzi şəxslərin Laçın dəhlizinin açılması və çıxışı ilə bağlı tələblərə, ictimaiyyətin geniş müraciəti olarsa, istəyənlərə dəhliz açılacaq".
Bu arada, Azərbaycan bu gün Qarabağdakı ermənilərə Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə humanitar yardım göndərib. Ağdam-Xankəndi yolu ilə ilkin mərhələ üçün 40 ton un erməni sakinlərə yollanıb.
“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”, - deyə açıqlamasında Cəmiyyətin rəhbəri Novruz Aslanov bildirib.
Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Xankəndidəki hadisələrin bu məcraya gələcəyi əvvəlcədən proqnozlaşdırılırdı və gözlənilən idi:

- Rusiyadan Qarabağa göndərilən erməni oliqarx Ruben Vardanyan son günlər açıqlamalar verdi, Arutunyanı hədəfə aldı. Vardanyan açıq şəkildə Arutunyanı təhdid etməkdən çəkinmədi. Digər separatçı ünsürlər də Arutunyana qarşı çıxışlara başladılar. Qarabağda vəziyyət ağırlaşdıqca, separatçılar arasında ixtilaflar da dərinləşəcək. Qondarma rejimin “parlamentinə” hücum, xuntanın “hökumət binasına” silahlı basqın dərinləşən ixtilafların nəticəsidir. Mümkündür ki, Arutunyana qarşı qiyam qalxsın, daxillərində atışmalar baş versin. Silahlı qarşıdurmanın hər an başlayacağı mümkündür. Hesab edirəm ki, Azərbaycan baş verənlərə müşahidəçi kimi qalmamalıdır. Separatçılar arasında silahlı qarşıdurma olsa da, bu, Azərbaycan ərazisində baş verir və verəcək.
Hesab edirəm ki, separatçılar arasındakı qarşıdurma daha da dərinləşəcək. Nə qədər ki, ərazilərimiz işğal altında idi, separatçılar arasında da fikir bötüvlüyü var idi. Elə ki, məğlubiyyətlə üzləşdilər, Laçında Azərbaycan sərhəd-keçid məntəqəsini qurdu, separatçılar bir-birini günahlandırmağa başladılar. Son hadisələr rejim daxilində silahlı çevrilişə gətirib çıxara bilər. Buna Azərbaycan hər an müdaxilə etmək hüququna malikdir. Biz onlara görüş təklif etdik, reinteqrasiya məsələlərini müzakirə etmək şansı tanıdıq. Hər dəfə imtina etdilər. Hələ də müqavimət göstərməyə çalışırlar.
- Görüş demişkən, separatçılar görüş, dialoq üçün Rusiyaya müraciət ediblər. Onlar Qarabağda sülhməramlıların iştirakı ilə Azərbaycan rəsmiləri ilə görüşmək istədiklərini bəyan ediblər. Sizcə, Azərbaycan bunu qəbul edəcəkmi, görüş baş tutacaqmı?
- Hesab edirəm ki, sonda Azərbaycanın təkliflərini qəbul edəcəklər. Azərbaycan dialoq üçün Bakıda görüş təklif etdi, amma onlar imtina etdilər. Daha sonra Yevlax variantı təklif edildi, bundan da imtina etdilər. Hətta Bərdədə görüş təklifi də gündəmə gəldi, amma buna da “yox” dedilər. Lakin öz aralarında müzakirə edirlər, nə edəcəklərini müəyyənləşdirməyə çalışırlar. Onlar rusların vasitəçiliyi ilə danışıqların baş tutmasında maraqlıdırlar ki, bu, Azərbaycanın marağında deyil. Azərbaycan Qarabağın erməni sakinləri ilə dialoq aparırsa, reinteqrasiya məsələsini həll edirsə, burada xarici qüvvənin vasitəçiliyinə nə ehtiyac var?! Qarabağ Azərbaycanın ərazisidir, orada yaşayan əhalinin reinteqrasiyası da Azərbaycanın daxili məsələsidir. Bunu beynəlmiləlləşdirmək, vasitəçi ilə müzakirə etmək nəyə lazımdır?!
Azərbaycan mövqeyini ortaya qoyub, fikrini də çatdırıb. Hesab edirəm ki, sonda Bakının şərtlərini qəbul etmək məcburiyyətində qaldıqlarını anlayacaqlar. İndi ümid edirlər ki, hansısa “sehirli çubuq” Azərbaycana təzyiq edəcək, Azərbaycan geri çəkiləcək və Laçın yolunu açacaq. Amma bunun olmayacağını da anlayırlar. Bir aydır ki, yüklərin Laçın yolundan gətirilməsinə icazə vermir, Ağdam-Xankəndi yolunu təklif edir. Bakının mövqeyi qətidir və o yüklər sərhəddə bir ay yox, bir il də qalsa, Azərbaycan geri addım atmayacaq. Ermənilərin bu məsələdəki arzuları gerçəkləşməyəcək.
Yeganə alternativləri Azərbaycanla təmasa keçməkdir. Amma Azərbaycan bəyan edib ki, Arutunyan kimi cinayətkarlarla heç bir təmasa keçməyəcəyik. Vardanyan isə Qarabağa yad ünsürdür. Hansısa icma nümayəndələrini Bakıya, Yevlaxa, yaxud Bərdəyə göndərsələr, bəli, dialoq baş tuta bilər.
- Görüş olsa, Azərbaycanın şərtlərini tam qəbul edəcəklərmi?
- Əlbəttə ki, tam qəbul edəcəkləri inandırıcı deyil. Birincisi, icma nümayəndələri göndərsələr belə, aydındır ki, o nümayəndələr qondarma rejimin təlimatına uyğun davranacaqlar. Yenə də öz ağılları ilə müəyyən şərtlər irəli sürəcəklər və s. Bununla da danışıqlar uğurlu olmayacaq. Bütün hallarda isə iki seçimləri var: ya bizim şərtləri qəbul edəcəklər və məsələlər tədricən həll olunmağa başlayacaq, ya da Qarabağı tərk etmələrinin sürəti artacaq. Başqa yolları, variantları yoxdur.
- Məlumdur ki, Arutunyan da, Vardanyan da Moskvadan idarə olunan şəxslərdir. O zaman bu ünsürlər arasındakı qarşıdurmanın səbəbi nədir?
- Görünən odur ki, Rusiya bunları şahmat fiqurları kimi oynadır. Lazım olanda Arutunyanı qabağa verir, lazım olanda Vardanyanı. Lazım olanda da bunları bir-biri ilə qarşı-qarşıya gətirir. Qarabağda Rusiyanın təlimatı ilə davranan başqa separatçı ünsürlər var ki, onlardan da istifadə edir. Ümumiyyətlə, Qarabağdakı separatçıların demək olar ki, əksəriyyəti Moskvaya bağlıdır. Məncə, Rusiya qərar verə bilmir ki, separatçıların lideri olaraq kimi müəyyənləşdirsin, qondarma qurumu kimin vasitəsi ilə ayaqda saxlasın. Amma bu, mümkün deyil, çünki Azərbaycan buna imkan vermir, verməyəcək. Necə ki, Vaqif Xaçaturyan adlı canini yaxalayıb Bakıya gətirdik, eləcə də digər cinayətkarlar cəzalarını alacaqlar.
- Başqa bir məsələ dünən gecə saatlarında Xankəndidə keçirilən mitinqdə Arutunyanın çıxışıdır. Quldurbaşı elan etdi ki, bazar günü “istefası” ilə bağlı qərar verəcək. Eyni zamanda, əvvəllər “mübarizədən” danışan Arutunyan dəstəklərinin olmadığını bildirdi. Ümumiyyətlə, Arutunyanın taleyi necə olacaq?
- Dediyim kimi, separatçılar anlayırlar ki, vəziyyət kritikdir, Azərbaycan geri çəkilməyəcək. Çıxış yolu axtarırlar, amma rejimi saxlaya bilməyəcəklərini də dərk etməkdədirlər. Məlumdur ki, Arutunyan İkinci Qarabağ müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi. Müharibədən sonra aradan çıxmağa çalışdı. Amma buna Moskvadan icazə verilmədi. O indi də “istefa” vermək istəyir, amma görünür ki, Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq.
Arutunyan anlayır ki, “vəzifəsinin” icrasına davam edərsə, bu, separatçıların və bölgənin erməni sakinlərinin durumunu daha da ağırlaşdıracaq. Gedişat Qarabağdakı ermənilərin sosial problemlərini dərinləşdirəcək. Qazları, elektrikləri, internetləri kəsiləcək. Çünki  bunların hamısı işğal dönəmində qanunsuz çəkilib. Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmayana qədər işğal dövründəki rahat həyatlarına qayıda bilməyəcəklər. Arutunyanın Xankəndidəki toplantıda “Laçın dəhlizinin açılması və çıxışı ilə bağlı tələblərə, ictimaiyyətin geniş müraciəti olarsa, istəyənlərə dəhliz açılacaq" deməsi də Qarabağın erməni sakinlərinə əslində bir mesajdır. Arutunyan demək istəyir ki, artıq məsələ bitib, kim istəyir getsin.
- Günün maraqlı prosesindən biri də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağdakı ermənilərə humanitar yardım aparmasıdır. Məlumdur ki, Cəmiyyət ilkin olaraq 40 ton unu Ağdam yoluna aparıb. Sizcə, bu, necə bir qərardır və Azərbaycanın bu xoşməramlı addımını separatçılar necə qarşılayacaqlar?
- Bu, düzgün addımdır və dəstəklənməlidir. Hətta, deyərdim ki, bir qədər də gecikmiş addımdır. “Humanitar şou” başlamamış Azərbaycan bu addımı atsa, daha səmərəli olardı. Amma gecə də olsa, belə bir addımın atılması təqdirəlayiqdir.
Erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımının qəbuluna əngəl yaratsa, “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq. Sadəcə bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək. Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq. Bununla məsələni yenidən BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmaq istəyən Fransa da oyundankənar vəziyyətə düşəcək.
Tarix: 29-08-2023, 17:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}