“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...” - Başqa cür ola da bilməz...

“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...”
“Biz Qarabağın dağlıq hissəsində hərbi əməliyyatlara başlayanda Rusiyadan nəsə soruşası deyilik...”

SİAM.AZ Moderator.az-a istinadla araşdırmaçı jurnalist Elçin Alıoğlunun Qarabağ ətrafındakı gündəmlə bağlı müsahibəsini təqdim edir.

-Elçin bəy, regionda yaranmış hazırkı geo-siyasi durumda Azərbaycanla Ermənistan arasında genişmiqyaslı savaş ehtimalı nə qədərdir?

-Ermənistanla savaş ehtimalı qətiyyən yoxdur. Nə genişmiqyaslı, nə kiçikmiqyaslı... Uzaqbaşı, hazırda Rusiya “sülhməramlı” kontingentinin nəzarət arealında olan ərazilərdəki erməni dəstələrinə qarşı kiçik, lokal antikriminal və antiterror əməliyyatları həyata keçirilə bilər. Bu zaman düşmənin Qarabağın dağlıq hissəsindəki zirehli texnikaları, istehkamları, kazarmaları dəqiq atəş zərbələri ilə məhv ediləcək. Sonra da həmin adamlar özləri tərksilah olub təslim olmaq məcburiyyətində qalacaqlar. Çünki təminat, təchizat və hərbi əməliyyatı aparmaq vasitələrini itirəcəklər. Bundan sonra isə “Kalaşnikov” avtomatlarıyla zirehli texnikaya qarşı mübarizə aparmaq intiharın ən ağır forması olacaq...

-Belə çıxır ki, Qarabağın dağlıq ərazisinin Rusiyanın nəzarətində olan hisssəsində antitteror əməliyyatı keçirilməsi ehtimalı çoxdur?

- Daxili qoşunlar, Sərhəd xidməti və Azərbaycan ordusunun kiçik, lokal bir hissəsinin iştirakıyla. antiterror əməliyyatı olacaq. Yəni orada böyük və genişmiqyaslı bir əməliyyata taktiki və operativ baxımdan ehtiyac yoxdur...

-Nəticəsi nə olacaq? Xocalını, Xankəndini, Əsgəranı, Ağdərəni və s. yurisdiksiyamıza qaytara biləcəyikmi?

-Nəticəni indidən proqnozlaşdırmaq çətindir. Çünki bölgədə həddindən artıq çox oyunçular var, burada marağı olan dövlətlər çoxdur. Bölgədə müxtəlif müstəvilərdə ciddi qarşıdurmalar var...

-O halda necə hesab edirsiz, Rusiya “sülhməramlı”ları orada ola-ola Azərbaycan yalnız kiçikmiqyaslı, nöqtəvi antiterror əməliyyatı keçirməklə Xankəndini, Xocalını, Əsgəranı, Ağdərəni və s. öz yurisdiksiyası altına qaytara bilərmi? Yəni Rusiya buna “şərait” yaradarmı?

-Əslində Rusiya “sülhməramlı”larının bizə mane olmaq və ya “şərait yaratmaq” kimi bir mandatı yoxdur. Ümumiyyətlə, onların yurisdiksiyası buna imkan vermir. Belə bir vasitələri yoxdur onların... Rusiya “sülhməramlı”ları sadəcə qarşı duran tərəflər arasında bir bufer zolağı yaradırlar. Onların nə silah tətbiq etməyə, nə hər hansı operativ əməliyyat tədbirləri həyata keçirməyə ixtiyarları belə yoxdur. “Sülhməramlı”ların uzaqbaşı, müşahidə və müşayiət funksiyaları var. Və ən əsası, biz Qarabağın dağlıq hissəsində hərbi əməliyyatlara başlayanda Rusiyadan nəsə soruşası deyilik. Çünki biz Rusiya Federasiyasının federal vahidi olmamaqla Moskvadan asılı deyilik. Yəni biz kimsədən soruşmayacağıq ki, ərazi bütövlüyümüzü, suverenliyimizi və vətəndaşlarımızın təhlükəsizliyinin təminatı üçün hansısa addımlar atırıq. Bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsindədir...

-Belə bir versiya var ki, guya Rusiya özü Qarabağın dağlıq ərazisinin qalan hissəsinin də Azərbaycanın yurisdiksiyasına qaytarılmasına “şərait” yaratmaqda maraqlıdır. Ancaq bu şərtlə ki, onun “sülhməramlı” qoşunu nəinki 2025-ci ilədək, daha uzun müddətə Azərbaycanın Qarabağ torpağında qalsın...

-Bir daha deyirəm, Rusiyanın şərtləri, Rusiyanın nə istədiyi, onun nə dediyi bizə maraqlı deyil. Kreml çox şey istəyə bilər. Rusiyanın öz xarici siyasəti var, Azərbaycanın öz xarici siyasəti... Bizə Moskvanın istəkləri maraqlı deyil. Bizə maraqlı olan vətəndaşlarımızın təhlükəsizliyi, sərhəd toxunulmazlığımız, separatizimin aradan qaldırılması və Qarabağdakı ermənilərin reinteqrasiyasıdır. Vəssəlam... Bunları da edəcəyik... Kimsədən nə icazə, nə məsləhət almaq – belə şeylər olmayacaq...
Tarix: 16-09-2023, 18:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}