Sülhməramlılar çıxır: BMT-yə də ehtiyac yoxdur - Ekspert danışır...

Sülhməramlılar çıxır: BMT-yə də ehtiyac yoxdur
“ABŞ hesab edir ki, Qarabağın müstəqil beynəlxalq missiyaya ehtiyacı var. Lakin Rusiya sülhməramlılarının regionda olması narahatlıq doğurur”. Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel keçirdiyi brifinqdə belə deyib. “Mən spekulyasiya etməyəcəyəm, lakin bu mövcudluq narahatlıq üçün səbəb olmaqda davam edir. Birləşmiş Ştatlar bu məsələlərlə bağlı Ermənistan və Azərbaycan hakimiyyəti ilə əlaqə saxlayır, ədalətli və davamlı sülhə nail olmaq üçün əlindən gələni edir”.

Patel Azərbaycanın Qarabağa nəzarəti tam bərqərar etməsindən sonra Rusiya sülhməramlılarının bu regionda qalması üçün əsasların olub-olmadığına dair sualı cavablandırarkən bunu deyib.

Eyni zamanda, Patel qeyd edib ki, Birləşmiş Ştatlar hətta BMT nümayəndə heyətinin Qarabağa səfərindən sonra da regionda müstəqil müşahidə missiyasının yaradılmasında israr etməkdə davam edir.

“Biz BMT-nin səfərinə baxmayaraq, Qarabağda uzunmüddətli müstəqil müşahidə missiyasına ciddi ehtiyac olduğuna inanmağa davam edirik. İnanırıq ki, bu, həm vəziyyətin şəffaflığını, həm də əhalinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”, - deyə o bildirib. DİA.AZ bildirir ki, millət vəkili Hikmət Babaoğlu “Cümhuriyət”-ə açıqlamasında Vedant Patelin açıqlamasını beynəlxalq hüququn prinsiplərinin pozulması kimi şərh edib.

Politoloq hesab edir ki, Qarabağ İqtisadi rayonunda erməni azlığının yaşadığı ərazilərdə Azərbaycanın suverenliyi bərpa olunub və hər hansı xarici missiyaya ehtiyac yoxdur:

“Hər bir ölkənin rəsmi nümayəndəsi müəyyən təkliflə çıxış edəndə onun beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərə uyğun olub-olmadığına diqqət yetirməlidir. Azərbaycan ABŞ kimi beynəlxalq hüququn subyektlərindən biridir və müstəqil suveren dövlətdir. Azərbaycanın ərazisinə hər hansı beynəlxalq missiyanın göndərilməsi dövlət rəhbərliyi ilə razılaşdırılmalıdır. Ona görə də bu cür bəyanatların siyasi və hüquqi əsasları yoxdur. Azərbaycan özünün hər qarış ərazisində özünün suveren hüquqlarını bərpa edib.

Rusiya sülhməramlıları da 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti sülhməramlı missiya həyata keçirir. Azərbaycan ərazisində hansı missiyanın fəaliyyət göstərəcəyini və ya gətiriləcəyini Azərbaycan dövləti həll edir. Hazırda ölkəmizə üçüncü, yaxud dördüncü missiyanın gətirilməsinə ehtiyac yoxdur. Eləcə də heç kim bizə Azərbaycan ərazisindəki sülhməramlı qüvvənin çıxıb getməsi ilə bağlı məsləhəti lazım deyil. Hesab edirəm ki, ABŞ diplomatı tərəfindən belə bəyanatların səsləndirilməsi Azərbaycanın suveren hüquqları və BMT-nin Nizamnaməsi ilə ziddiyyət təşkil edir. Qarabağın hər qarışında Azərbaycanın öz suverenliyini bərpa etməsi bəzi ölkələrinin siyasi dairələrində isterika yaradıb.

Ona görə də bu cür əsaslandırılmamış bəyanatlara fikir vermək lazım deyil. Azərbaycan konstitusion quruluşunu ölkəmizin hər yerində olduğu kimi, Xankəndidə və ətraf bölgələrdə də bərpa etməklə məşğuluq. Bunu təmin etmək üçün Azərbaycanın nə yardıma, nə də hansısa missiyanın gəlib yoxlama aparmasına ehtiyac var. Beynəlxalq missiyanın göndərilməsi barədə təkliflər əsassız fikirlərdir və onlara əhəmiyyət vermək lazım deyil”.
Tarix: 6-10-2023, 14:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}