Qorxduğumuz başımıza gələrsə - qapanmaya gedilərsə... Bəribaşdan nə etməli?


Qorxduğumuz başımıza gələrsə - qapanmaya gedilərsə...           Bəribaşdan nə etməli?
Arzuolunmaz ssenariyə hazırlıq: sosial-iqtisadi, pxisoloji və sağlamlıq tədbirləri
 
Ölkəmiz üzrə yoluxma sayı barədə statistik göstəricilərdə sürətli artımın müşahidə edilməsi və “Delta” ştammının aşkarlanması karantin rejimin sərtləşdirilməsi, yenidən qapanmaların olacağı barədə fikirlərin yaranmasına yol açıb. Əgər yenidən sərt qapanmalara gediləcəksə, əhali bununla bağlı hansı hazırlıq (sosial-iqtisadi, pxisoloji, sağlamlıq baxımından) tədbirləri görməlidir? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.
Elşən Bağırzadə: “Dünya səviyyəli universitet olmağı hədəfləmişik”
İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin sözlərinə görə, bu cür hallarda insanlara qənaət tövsiyə edilsə də, bunun özü belə, iqtisadiyyatda böhranları dərinləşdirir: “Əvvəlki kimi sərt karantin rejimi tətbiq edilərsə, şübhəsiz ki, bu, bütün insanların rifahına mənfi təsir göstərəcək. Eyni zamanda düşünürəm ki, bu halda dövlət aztəminatlı təbəqə və sahibkarlar üçün müəyyən dəstək paketləri də qəbul etməlidir. Böhranlara hazırlıq üçün adətən insanlara standart olaraq qənaət tövsiyə edilir. Ancaq nəzərə almaq lazımdır ki, əhalinin satınalmalarını kəskin azaltması da iqtisadiyyatda böhranları dərinləşdirir”.
 
“Ona görə aztəminatlı ailələrin bu dövr üçün qənaətkarlığını artırması, dövlətin isə başda bu təbəqə olmaqla, bütövlükdə əhalinin satınalma gücünü dəstəkləməsi ən ideal yanaşma kimi qəbul edilə bilər. Şübhəsiz ki, bu tədbirlərin miqyasını indidən proqnozlaşdırmaq mümkün deyil. Hər şey dünyada və ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq”, - deyə ekspert bildirib.
 
Həmsöhbətimizin fikrincə, dövlət yenidən qapanma olacağına hazırlıqlı olmalıdır: “COVID-19-un dünyadakı yeni ştamları və səhiyyə sistemlərinin bunlar qarşısındakı mövcud durumu məsələnin kifayət qədər ciddi olduğunu göstərir. Dünya yenidən kütləvi qapanmalara gedəcəksə, enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi, qida məhsullarının qiymətlərinin isə yüksəlməsi qaçılmaz kimi görünür”.
 
“Azərbaycan da buna hazır olmalıdır. Dövlət maliyyəsində idarəetməni daha da təkmilləşdirmək, aqrar sektorun və qida sənayesinin inkişafı istiqamətində zəruri addımlar atmaq və bütövlükdə ölkədə istehlak bazarının tənzimlənməsi və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri proaktiv tədbirləri reallaşdırmaq əsas vəzifələrdən olmalıdır”, - deyə Bağırzadə vurğulayıb.

Qapanmalara psixoloji hazırlıq məsələsinə gəldikdə, klinik psixoloq Xanım Quliyeva hesab edir ki, insanlar sərt karantin rejimi, məhdudiyyətlər baxımından artıq təcrübəlidir və bu vəziyyət cəmiyyətə bir çox məqamların fərqində olmağı öyrədib: “Karantin şəraiti hər kəs üçün yeni təcrübə idi və bu təcrübə bizə bir çox yeni, dəyişik vərdişlər öyrətdi. Bunlardan demək olar ki ən əhəmiyyətlisi evdə qalmaq oldu. Evdə qalmaq bizə bir çox tərəfdən təsir edirdi, əvvəlcə çox da məlum olmayan bir xəstəliyin necə irəliləməsi və nə dərəcədə təhlükəli olması barədə bizdə öncədən məlumat yox idi, bu isə təkbaşına narahatlıq mövzusu ola bilər. Çünki insanların ən təməl ehtiyaclarından biri güvəndə olmaq hissidir. Yeni bir virus isə bu hissə tamamilə əks idi.  Üzərinə evdə qalma məcburiyyəti gələrək vəziyyəti bir az daha çətinləşdirdi. Məsələnin psixoloji tərəfini ələ aldıqda ilk olaraq sosiallaşma ehtiyacımızın uzun müddət məhdudlaşdırılması bizi təbii olaraq narahat edir. Əslində fərqində olmadan gündəlik vərdişlərimizin necə vacib olduğunu görürük”.
 
Mütəxəssisin sözlərinə görə, psixoloji sağlamlığımız üçün ehtiyaclarımızı diqqətdə saxlamalıyıq: “Digər bir məsələ də ondan ibarətdir ki, bizim psixoloji sağlamlığımızın vacib şərtlərindən biri də təmiz havada olmaqdır. Günəşlə gün ərzində müəyyən qədər təmasda olmaq bir çox canlı kimi insanlar üçün də çox əhəmiyyətlidir. Heç bir halda biz bu ehtiyacı nəzərdən qaçırmamalıyıq”.
 
“Sevindirici hal ola bilər ki, artıq biz bir dəfə bu təcrübəni yaşamışıq, növbəti dəfə bu hala daha asan adaptasiya ola bilərik. Amma istənilən halda insanları qapanmanın olub-olmamasından daha çox bu barədə mücərrədlik narahat edir. Bu barədə narahatlıqları nisbətən azaltmaq üçün karantin olması ehtimalında edilə biləcək faydalı fəaliyyətlərə fokuslanmaq olar”, - deyə psixoloq fikrini davam etdirib.
 
Qapanmaya əvvəlcədən hazırlaşmağa qaldıqda, Quliyeva bunun faydalı olacağını düşünür: “Əvvəlcədən qapanmaya hazırlaşmaq bizim bu müddəti daha rahat keçirməyimizə yararlı ola bilər. Öncə bizim üçün çox vacib olan və bizi ayaqda tutan gündəlik vərdişlərimizi davam etdirərək əhval-ruhiyyəmizi stabil saxlaya bilərik. Sağlam həyat tərzini müəyyən qədər mənimsəmək də bizi daha dayanıqlı edəcək. İnsanlarla ünsiyyəti davam etdirmək və özümüzə vaxt ayırmaq da əhəmiyyətli olacaq. Məlumatları güvənli mənbələrdən oxumaq və təşvişə qapılmadan təlimatları izləmək olduqca vacibdir”.
 
“Vərdişlərimizdən kənara çıxma səbəblərindən biri də müəyyən qədər təşvişə qapılmaq ola bilər. Bu kimi hallarda isə təşvişin olması labüddür. Hətda bəzi araşdırmalar göstərir ki, karantindən sonrakı müddətdə təşviş pozuntusu olan insanların sayı çoxala bilər. Bu kimi problemlərin təməli də, əvvəldə də qeyd etdiyimiz kimi, güvənsizlik və qeyri-müəyyən vəziyyətdə olma hissindən qaynaqlana bilər”, - deyə psixoloq fikrini yekunlaşdırıb.

Terapevt Elçin Abbasov isı qarşıdan gələn payız-qış aylarına daha gümrah və güclü immunitetlə daxil olmaq üçün tövsiyələrini verib: “Artıq sərt karantin rejimi barədə kifayət qədər təcrübəmiz var. Epidemioloji vəziyyətlə bağlı standart qızıl qaydalara əməl etməli, öz sağlamlığımızın qayğısına qalmalıyıq. Payız-qış aylarına qədər immunitetimizi güclü saxlamaq üçün mövsümi meyvələrdən bol-bol istifadə etməli, maye qəbulunu və hərəkətliliyi artırmalıyıq”.
 
Həkim əlavə edib ki, “Delta” ştammının daha sürətlə yayılma gücünü nəzərə alaraq qaydalara əməl etməyi diqqətdə saxlamalıyıq: “Özümüzü qorumalıyıq. Bunun üçün vaksinasiyada aktiv iştirak etməli, qapalı məkanlarda ara məsafəsini gözləməyə və maskadan, dezinfeksiyaedicilərdən istifadə etməyə diqqətli yanaşmalıyıq”.
 
Profilaktik tədbir kimi hansı müayinələrdən keçməklə bağlı sualımıza Abbasovun cavabı belə olub: “Vacib olmasa da, istəyənlər qanın ümumi analizini etdirə, laxtalanma müddətini yoxlatdıra, vitamin D3 qəbul edə, döş qəfəsini rentgen müayinəsindən (skopiya, qrafiya, füloroqrafiyası) keçirə bilərlər”.
Tarix: 19-07-2021, 22:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}