İnsafınız olsun, imkan verin, öz əcəlimizlə ölək


İnsafınız olsun, imkan verin, öz əcəlimizlə ölək
Ölüm gələnə kimi yaşamaq iradəmiz də əlimizdən alınıb, geri qaytara bilmirik
 
Yaşadıqları lüks həyat onları reallıqdan çox uzaq salıb. Sərbəst hərəkət məhdudiyyətimizi də əlimizdən alıblar. Açıq-aşkar “dünya zənginlərindir” deyə bağırırlar.
 
Bayram günü ictimai nəqliyyatın işləməyəcəyi xəbərini oxuduğum andan bilirdim ki, bayram-filan qeyd edə bilməyəcəm, heç o əhvalda da olmayacam. Sərbəst hərəkəti bu və ya başqa cür məhdudlaşdırılan insan, axı necə yüksək əhval-ruhiyyədə ola bilər?
 
Hələ bir də düşünəndə ki, çox uzaq keçmişdə yox, bir neçə gün əvvəl elin turisti üçün, onun rahatlığı naminə xüsusi ictimai nəqliyyat belə, təşkil edilmişdi, amma özümüz aylardır həftəsonu zülm çəkirik. Pulumuz yollarda taksilərə tökülür. Bayram “hədiyyəsi” olaraq “Kasıb nədir, istirahət nədir?” deyirmiş kimi ictimai nəqliyyatın fəaliyyətini dayandırmaqları da tam oldu.
 
Məgər bu qərarı vermiş bir Allah bəndəsinin insafı dilə gəlib demədimi ki, bayram günü bu fəhlə sinif ictimai nəqliyyat olmayacaqsa, istirahəti dörd divar arasındamı keçirəcək? “Yox, niyə dörd divar arasında keçirir, taksilər ki işləyir” deyirmiş kimi səslər eşidirəm. Həmin səslərin sahibləri bilmirsə, oxusun, bilirsə də, daha bəsdir, özlərini də, bizi də axmaq yerinə qoymasınlar!
 
Bu ölkədə həftəsonu yolpulu dərdi çəkən, pulu çıxanda canı çıxan müdirlərdən hər həftəsonu utana-utana yolpulu istəyən boynubükük insanlar var. Onları görməzdən gələ bilməzsiniz. Bayramlar da sizin olsun, amma həftəsonu ictimai nəqliyyatın fəailiyyətini bərpa edin!
 
Absurd qərarlarınızla min bir əziyyətlə çörək qazananların həyatını baxın belə çətinləşdirirsiniz:
 
Ən yaxşı halda 400 manata 10 saatdan artıq iş başında olan, göz qırpmağa macalı olmayan “ortastatistik” insanımız, axı niyə həftəsonu qazandığını yolpuluna verməlidir? Taksi şirkətləri hər nə qədər bir-biri ilə rəqabətdə qiymətləri endirmək məcburiyyətində qalsa da, həmin günlərdə evdən çıxmaq üçün ən yaxın məsafəyə gedəcəyin halda, minimum 5 manat yolpulu xərcləyirsən. Dediyim kimi bu, ən yaxın məsafə üçün minimum məbləğdir.
 
Nəzərə alsaq ki, hər gedəcəyimiz yer evimizdən 5-10 dəqiqəlik məsafədə yerləşmir, bu zaman ən yaxşı halda günə 10-15 manat yolpulu xərcləmiş olursan. Reallıq isə belədir ki, insanlarımız aldığı 350-400 manatla ailə saxlamaq məcburiyyətindədir və o, bu puldan aylıq yolpulu üçün ən yaxşı halda 50 manat ayıra bilir. İctimai nəqliyyat işləmədikdə isə yolpulu üçün qat-qat artıq xərcləməli olur.
 
Çox qazanan, pulunun haradan gəldiyini “bilməyən” adamlar üçün belə xərclər qəpik-quruşdur. Mən borca düşməmək, bu ay aldığı maaşı gələn aya çatdırmaq məcburiyyətində qalan, buna görə, az qala hər loxmasını sayan, daha doğrusu, saymaq məcburiyyətində qalan insanlardan danışıram. Belələrini görməmək üçün gərək kor, kar olasan.
 
Yox, bundan xəbərsiz olduğunu iddia edən, “belə bir şey yoxdur, hamımız yaxşı dolanırıq” deyən olacaqsa, bircə dəfə səhər və axşam ictimai nəqliyyatda yuxulayan, nimdaş geyimli fəhləni görmək üçün onların arasına qatılsın. Qorxmasın, virusa yoluxmaz, yolussa da, əcəli gəlməyibsə, ölməz. Biz aylardır o nəqliyyatda ağız-ağıza gedib-gəlirik, yoluxanımız yoluxur, sağalanımız sağalır. Real vəziyyəti inkar edənlərdən fərqli olaraq bizim yoluxduğumuz halda necə sağalmaq, dərman ala bilməmək, işdən qalmaq və buna görə aclıq, səfalətlə üzləşmək kimi qorxularımız da var.
 
Nitqimi çox uzatmayacam, görünən dağa bələdçi lazım deyil.
 
Sonda isə Qurban bayramını bayram kimi yox, dörd divar arasında keçirən, insanların ağrı-acısına, əziyyətlərinə göz yuma, qulaqlarını tuta bilməyən həmdərdləri olaraq deyirəm ki, İlahi, bu bayram günündə qərar verənlərimizin könlünə insaf sal! Məhrumiyyətlərlə həyatımızı yaşanmaz hala gətirməkdən əl çəksinlər. İmkan versinlər, heç olmasa öz əcəlimizlə ölməyə səbrimiz çatsın!
Tarix: 24-07-2021, 22:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}