“Müəyyən qadağalar mümkündür, amma tam qapanma olmayacaq” – ƏMİROV


“Müəyyən qadağalar mümkündür, amma tam qapanma olmayacaq” –       ƏMİROV
Ekspert: “Hökumət gözəl başa düşür ki, sərt qapanma hansı fəsadlarla nəticələnəcək”
 
Son günlərdə ölkəmizdə COVID-19 statistikasında yoluxma sayında sürətli artım müşahidə edilir. Bunun fonunda isə sərt karantin rejiminə keçilməsi, yenidən qapanmalara gedilməsi barədə müzakirələr açılıb. Bugünlərdə yayılan xəbərlərə görə, Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi, yenidən qapanmalara gedilməsi ilə bağlı müzakirələr aparılır.
 
İnsanlar bir tərəfdən statistikada yoluxma sayındakı artıma görə narahat olarkən, digər tərəfdən də karantin rejiminin sərtləşdiriləcəyi, yenidən qapanmalara gediləcəyi halda, yaşanacaq iqtisadi çətinliklərin təlaşındadırlar.
 
Sərt karantin rejiminə keçilməsi gözləniləndirmi? Karantin rejiminin sərtləşdirilməsi nə vəd edir?
Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”
AYNA-nın müsahibi iqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, qarşıdan gələn günlərdə ötən ilki kimi sərt qapanmalara gedilməyəcək: “Düzdür, müəyyən məhdudiyətlərin tətbiqi gözləniləndir, ancaq məhdudiyyətlərin ötənilki kimi SMS-icazə, mağazaların, ictimai-iaşə obyektlərinin tamamilə bağlanması, ictimai nəqliyyatın fəaliyyətinin tamamilə dayandırılması formasında olacağını güman etmirəm”.
 
“Qapanmalar zamanı keçənilki kimi bu dəfə də hökumət işsiz əhali qrupuna 190 manat vəsait ödəməli olacaq. Eyni zamanda da nəzərə alaq ki, 190 manat ötən il üçün nəzərdə tutulmuşdu və bu il rəsmi olaraq 5%-ə qədər inflyasiya var və buna görə 200 manat verilməlidir. Bu isə kifayət qədər valyuta itkisi, xərc deməkdir”, - deyə Əmirov söyləyib.
 
Ekspert bildirib ki, qapanmalar bir neçə istiqamətdən dövlətin yükünü artırmış olur: “Bundan da əlavə qapanmalara gedilməsi təkcə bu vəsaitin ayrılmasını zəruri etmir, eyni zamanda başqa itkilər də olur. Keçən il işsizlərə 190 manat verməklə yanaşı sahibkarlara müəyyən dəstək paketləri ayrıldı və bu dəfə bunları da etmək lazımdır. Bundan da əlavə təsərrüfat subyekləri dövlət büdcəsinə vergi verir. Onların fəaliyyətinin dayanması dövlət büdcəsinin həmin vergi hissəsindən də məhrum edir”.
 
“Başqa sözlə, sərt qapanmalara gedilməsi ilə 3 əsas istiqamətdə dövlətin yükü artır: iş adamlarına işçilərini saxlamaq üçün göstərilən dəstək, tamamilə işsizlərə veriləcək vəsait, eyni zamanda da büdcənin onların verəcəkləri vergidən məhrum olması. Digər məqam da bu fəaliyyətlər zamanı gömrükdəki aktivlikdir. İdxal məhsulları zamanı müəyyən rüsumlar, vergi tutulmaları həyata keçirilir ki, qapanmalar zamanı dövlət bundan da məhrum olur”, - deyə həmsöhbətimiz vurğulayıb.
 
Onun fikrincə, məhdudiyyətlərə məktəblərin bağlanmasından başlanılacaq: “Açıq havada maska taxmaq da məcburi olacaq. Bu iki halda dövlət büdcəsinə əsaslı bir yük yaranmayacaq. Dərslər onlayn olacaq, müəllimlər maaşlarını alacaqlar. Açıq havada maska məcburiyyəti də maska satışında aktivliyi artıracaq. Bunların da iqtisadi olaraq mənfi təsirləri olmayacaq”.
 
Əmirov hesab edir ki, qapanmalara gediləcəyi halda, hökumət dərinləşəcək problemləri nəzərə alaraq bu addımı atmamağa çalışacaq: “İqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin hansındasa problem olursa, onu pul aradan qaldırır. Pul iqtisadiyyatdır. Obrazlı desək, hansı sahədə problem olursa, onu iqtisadiyyat müalicə edir. Amma iqtisadiyyatda problem olursa, məcburdur ki, özü özünü müalicə etsin. Buna görə də sərt qapanmalar Azərbaycan iqtisadiyyatını çətin vəziyyətə salacaq”.
 
“Onsuz da ümum daxili məhsulda, əsas kapitala yönəlmiş investisyaların həcmində, ümumiyyətlə, bir çox sahələrdə, hətta orta aylıq əmək haqqında belə, müəyyən azalmalar var. Biz qapanmalara gedəcəyimiz təqdirdə bu göstəriciləri bir az da pisləşdirmiş olacağıq. Bu zaman da iqtisadiyyatımızda mənfi tendensiya müşahidə olunacaq. Bəs bu zaman iqtisadiyyata nə kömək edəcək? İqtisadiyyatı yalnız iqtisadi azadlıq, fəalllıq qaldırır. Düşünürəm ki, hökumət bunu çox gözəl bilir və buna görə də çalışılacaq ki, müəyyən istisnalar olmaqla sərt qapanmalara gedilməsin”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Tarix: 13-08-2021, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}