"Covid-19": İngiltərə alimləri A vitaminin iybilmə hissinin bərpasına faydasını araşdırırlar


İngiltərə alimləri "Covid-19"-a yoluxma zamanı iybilmə hissinin itməsini və ya dəyişməsini A vitaminli burun damcılarıyla müalicə etməyin mümkün olub-olmadığını araşdırırlar.

"East Anglia" Universitetinin araşdırması 12 həftə davam edəcək. Daha əvvəl Almaniyada baş tutmuş eksperimentin nəticələri bu məsələdə A vitamininin faydalarını üzə çıxarıb.

Müalicə iştirakçıların bir qisminə tətbiq ediləcək, onlardan lax yumurta və gül iyləmək xahiş olunacaq.

Beyin taramaları vasitəsilə vitaminin zədələnmiş hissiyat bölgələrini və ya "qoxu sinirlərini" yaxşılaşdırıb-yaxşılaşdırmadığı öyrəniləcək.

İybilmənin zədələnməsinə qrip virusu və digərləri də səbəb ola bilir, amma bu hissin itməsi və ya iybilmə qabiliyyətinin azalması "Covid-19"-un əsas əlamətlərindən biridir.

Koronovarusa yoluxanların çoxunda iybilmə bir həftə ərzində təbbi şəkildə bərpa olunsa da, bəzilərində davam edir.

Bu xəstəlik 29 yaşlı londonlu Lina Alnadidə parosm yaradıb, yəni bir çox şeyin iyini dəyişib. Məsələn, kran suyu Lina üçün bataqlıq və ya kanalizasiya suyu kimi qoxuyub, kişnişdən dezodorant iyi gəlib. Ən çox sevdiyi yumurtadansa o, yanıq rezin qoxusu alıb.

Linda deyir ki, insanlar iybilmə hissinin qiymətini bilmirlər:

"Bu hissi itirmək adamı məhv edir. İlk növbədə qidalanmama çox mənfi təsir etdi, xeyli şeydən vaz keçməli oldum. Həqiqətən çox kədərliydi".

İybilmə hissinin dəyişməsi duş almaq və ya dişlərini fırçalamaq kimi bəsit şeyləri də çətinləşdirib.

Ancaq vəziyyət yavaş-yavaş dəyişməyə başlayıb və Linda fərqinə varıb ki, artıq nisbətən yaxşı iylər hiss edir.

"Yeməklərə limon suyu və ya acı bibər əlavə etmək onların iyini yaxşılaşdıra bilir. Məndə qusmaq hissi yaratmayan yeməklərin siyahısını tutmuşdum. Sağlamlığımı qorumaq üçün faydalı ərzaqlardan kifayət qədər istifadə etdiyimdən əmin olmalıydım" - Linda belə deyir.

Qoxu soğancığı

"East Anglia" Universitetinin "Norwich" Tibb Məktəbinin araşdırmaçısı, professor Carl Philpott eksperimentlə bağlı bunları deyib:

"A vitaminli burun damcıları vasitəsilə xəstələrin beyinlərindəki zədəli qoxu yollarının böyüklüyündə və fəaliyyətində hər hansı artım olub-olmadığını öyrənmək istəyirik. Qoxu soğancığının - qoxu sinirləriylə beyin arasında əlaqənin yarandığı sahənin ölçüsündəki dəyişikliyi analiz edəcəyik. Bundan başqa, beyində iybilməylə əlaqəli bölgələrin fəaliyyətinə də baxacağıq".

A vitamini və ya retinol:

  • orqanizmin xəsətəliyə və ya infeksiyaya qarşı müdafiə sistemi olan immunitetin qorunmasına,
  • görmə qabiliyyətinin (xüsusilə də zəif işıqda) artmasına,
  • burun da daxil olmaqla, orqanizmin bəzi hissələrində dərinin qorunmasına yardım edir.

Bəzi süd məhsulları və tərəvəzlərdə yağda həll olunan A vitamini var.

Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, A vitaminin normadan artıq qəbulu orqanizmə zərər vura bilər.

Tarix: 24-10-2021, 15:08




Xəbər lenti