Koronanın ən təhlükəli ştamı gəlir?


Həkim-pulmonoloq: “Bu cür proqnozlar daha çox biznes maraqları güdür, nəinki...”

İki ildən sonra maskasız həyatın bir həftəsi başa çatır. Dinamika nə deyir? Maraqlıdır ki, qonşu Gürcüstanda maska tələbi nəqliyyat və klinikalar üçün saxlanılıb. Hərçənd orada da yoluxma sayı bizdəki kimidir. Buna gərək varmı?
Bu arada “Microsoft”un yaradıcısı Bill Qeyts “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, dünyada hələ də koronavirusun ən təhlükəli ştamının ortaya çıxma ehtimalı var. “Daha yoluxucu və ölümcül bir variantla (COVID-19) qarşılaşma riskimiz hələ də var. Mən bədbin proqnoz vermək istəmirəm, amma pandemiya zamanı onun ən pis təzahürünü hələ görməmişik”, - Qeyts deyib.
Milyarderin fikrincə, əsas vəzifəsi qlobal sağlamlığa təhlükələri tez bir zamanda müəyyən etmək olan beynəlxalq qrup yaratmaq lazımdır. O, ölkə liderlərini sağlamlıq böhranına diqqətlə baxmağa və gələcək pandemiyanın qarşısını almaq üçün investisiyaları artırmağa çağırıb.
Daha əvvəl Qeyts vurğulamışdı ki, əgər elm adamları daha əvvəl müalicə icad edə bilsəydilər, COVID-19 pandemiyası başqa cür ola bilərdi. Doğrudanmı daha bir qorxulu ştam ola bilər?
Baku Medical Plaza - Dr. Əsəd Beydullayev
Əsəd Beydullayev
Həkim-pulmonoloq Əsəd Beydullayev mövzu il bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İki il davam edən yoluxmalar, hökumətin bu istiqamətdə apardığı işlər koronavirusa yoluxanların sayını xeyli azaltdı. Hər bir infeksiya, pandemiya kimi bu da gec-tez bitməli idi. Xəstəlik də azalmağa doğru gedir. Nəzərə alsaq ki, insanlar maskadan aktiv şəkildə istifadə etmirdilər. Əksəriyyət demək olar ki, maskasız gəzirdi. Ona görə maska qadağasının aradan qaldırılması yerində verilmiş qərar idi.
Maska qadağasının hansısa ölkədə saxlanmasını da mənasız qərar hesab edirəm. Fikrimcə, dövlətimizin verdiyi qərar doğrudur. Düşünürəm ki, yaxınlarda müəyyən yerlərdə COVİD pasportu tələbi də aradan qaldırılacaq. Sadəcə bunun bir neçə həftə hökumətin nəzarətinə olması təbiidir. Çünki bu müddət ərzində yoluxma sayında artım ola bilər, ona görə bütün karantin qaydaları aradan qaldırılmır. Bir hissəsini saxlayırlar ki, ehtiyac yarandıqda, yoluxma təzədən artarsa, vəziyyəti kontrol edə bilsinlər. Təbii ki, bu işi bizdən də yüksək səviyyədə həll edən dövlətlər oldu. Amma biz də o ölkələrdən geri qalmırıq".
Həkim quru sərhədlərin açılması ilə bağlı məsələyə də münasibət bildirib: “Sərhədlərin açılması kiminsə istirahətə getməsindən ötrü deyil. Xeyli sayda insan quru sərhədlərin açılmasını gözləyir, maddi cəhətdən bu məsələdən asılıdırlar. Ticarətlə bağlı problemlər yaranıb, insanlar sıxıntı yaşayır. Bu vəziyyəti çox davam etdirmək olmaz. Hesab edirəm ki, maska tələbi götürüləndən 15 gün sonra, əmin olandan sonra ki, yoluxma sayında artım yoxdur, bütün qadağalar aradan qaldırılacaq”.
Həkim koronavirusun daha təhlükəli ştamın olacağı ilə bağlı proqnozlara da münasibət bildirdi: “Dünya tarixində rahat, sakit bir dövr olmayıb. Davamlı olaraq müxtəlif xəstəliklər, pandemiyalar, müharibələr olub. Bunlar yenilik deyil. Sadəcə, insan ömrü qısa olduğu üçün bunu yenilik kimi qəbul edirik. Bir müddət sonra yenidən pandemiyanın olması təbiidir. Amma bu proqnozun iqtisadi maraqdan olduğunu düşünürəm. Belə tanınan, dünya varlılarının verdiyi proqnozlar qiymətlərə öz təsirini göstərir, bu cür proqnozlar biznes maraqları güdür. Xəstəlik olacaqsa, biz də ona uyğun tədbirimizi görəcəyik. İndidən belə proqnozlar vermək çətindir. Artıq vətəndaşlarımız pandemiya dövründə qaydalara öyrəşdilər, xəstəliklə bağlı xof yox oldu, psixoloji baryeri aşdılar. Əgər xəstəlik yenidən olarsa, insanlar nə edəcəklərini bilirlər, maska taxacaq, özlərini qoruyacaqlar. Ən azından qorunma qaydalarına riayət edəcəklər. Hesab edirəm ki, xəstəlik olarsa belə, əvvəlki kimi güclü yoluxmalar olmayacaq”. 
Tarix: 7-05-2022, 08:51




Xəbər lenti

{sape_links}{sape_article}