“Qaraciyər nəqli olan qadınlarda reproduktiv funksiyanın öyrənilməsi və idarə olunması vacibdir”


Dünyada qaraciyər çatışmazlığına səbəb olan xroniki xəstəliklərin sayı ildən-ilə 
artmaqdadır. Qaraciyər nəqli hər hansı bir və ya iki üzvün funksiyasının tamamilə 
pozulması və sıradan çıxması zamanı qəbul olunmuş yeganə müalicə üsuludur. 
Aparılan tədqiqatlara görə, son 3 ildə Türkiyədə böyrək köçürülmüş qadınların 
37%-ni, qaraciyər nəqli olanların 41%-ni,  Amerikada isə 60%-ini reproduktiv 
yaşlı qadınlar təşkil edir.

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, gömrük tibb 
xidməti polkovnik-leytenantı, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova 
qaraciyər nəqli olan qadınlarda reproduktiv funksiyanın öyrənilməsi və idarə 
olunması barədə suallarımızı cavablandırıb.
- Təranə həkim, qaraciyər nəqlindən sonra hamiləlik mümkündürmü? 
- Tibb tarixində qaraciyər nəqlindən sonra ilk uğurlu hamiləlik haqqında 1978-ci 
ildə məlumat verilmişdir. 40 həftə 5 günlük hamiləlik nəticəsində çəkisi  2400 
qram olan uşaq doğulmuşdur. Ana və uşaq sağlam olmuş, doğuşsonrası bir illik 
müşahidə zamanı ağırlaşmalar izlənməmişdir. 
- Qaraciyər köçürülməsindən sonra uyğun hamiləlik vaxtı necə təyin edilir? 
- Qaraciyər transplantasiyasından sonra hamiləlik üçün ən uyğun vaxt qaraciyər 
funksiyasının normallaşdığı müddət və bu dövr ərzində fəsadlaşma olmaması şərti 
ilə nizamlı dərman müalicəsindən sonrakı dövr uyğun hesab edilir. Əvvəlki illərdə 
orqan rəddetməsinin baş verməməsi, nəql olunan orqan hissəsinin funksiyasının 
sabit və düzgün olması, dölün inkişafına təsir göstərən kəskin infeksiyalaşmanın 
görülməməsi, immunosupressiv dərman dozasının sabitliyi qorunub saxlanıldığı 
təqdirdə hamiləliyin baş verməsi mümkündür. Aparılan tədqiqatlardan sonra 
məlum olmuşdur ki, qaraciyər nəqlindən 2 il sonra hamilə qalmaq uyğundur.
- Qaraciyər nəqli olmuş hamilələrdə ana və dölə bağlı hansı ağırlaşmalar ola 
bilər? 

- Anaya bağlı ağırlaşmalara arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, qanda 
laxtalanmanın pozulması, qanazlığı, infeksiya, nəql olan orqan hissəsinin sıradan 
çıxması, öd yollarında durğunluq, böyrəklərin iltihabı aid edilir. Dölə bağlı 
ağırlaşmalara isə hamiləliyin ilkin həftələrində dölün inkişafdan qalması, 
bətndaxili inkişafın ləngiməsi və hipoksiyası, immun sisteminin çökməsi, 
anadangəlmə infeksiya (toxoplazmoz, HBV, HCV, CMV) və autoimmun xəstəlik 
risklərinin yüksək olması aiddir.
- Hamiləlikdə immunosupressiv dərmanlardan istifadə oluna bilərmi?
- Hamiləlik planlanarkən transplantasiya komandası ilə immunosupressiv dərman, 
ana, döl və nəql olunan orqan hissəsi üçün fayda və zərərlər müzakirə edilməli və 
ən etibarlı müalicə sxemi seçilməli və immunosupressiv müalicə davam 
etdirilməlidir. 
- Hansı immunosupressivlərin hamiləlik dövründə istifadəsi uyğundur?  
- Kortikosteroid, Basiliximab, Cyclosporine, Tacrolimus, Sirolimus, Everolimus, 
Micophenolate mofetil, Azathioprine.
- Orqan transplantasiyası olan qadınlarda zahılıq və südvermə dövrü necə 
idarə olunmalıdır? 

- Ana və gələcək körpənin sağlamlığı üçün nəql edilən orqan hissəsinin funksiyası 
təqib edilməli, qanda vaxtaşırı immunosupressiv vasitələrin səviyyəsi təyin 
olunmadır. Takrolimusun ana südünə çox az keçdiyini nəzərə alaraq, südverən 
analara təyin edilə bilər. Südvermə dövründə immunosupressiv dərmanların 
körpələrin mental və fiziki inkişafına təsir etməməsi müəyyən olunmuşdur, lakin 
bəzi hallarda zahılıq dövründə immunsupressantlar depressiya yarada bilər.
- Qaraciyər nəqlindən əvvəl və sonra hansı tövsiyələr verilə bilər? 
- Nəqldən əvvəl qadın alıcılar mütləq ginekoloji müayinə olunmalı, pap testi 
alınmalı və nəticəsi dəyərləndirilməli, problemlər varsa, nəqlə qədər aradan 
qaldırılmalıdır. Nəqldən 3 ay sonra yenidən ginekoloji baxış olmalı, alıcı qadın 
hamiləlik, qorunma üsulları, verilməsi mütləq olan təhlillər barədə 
məlumatlandırılmalıdır. Alıcı qadında baş verə biləcək hər hansı bir xəstəlik 
transplantasiya briqadası tərəfindən müzakirə olunmalıdır. 
- Təranə xanım, tibbin yeni və vacib sahəsi olan orqan transplantasiyasına 
alıcıların hazırlanması sizin hospitalda necə təşkil olunmuşdur? 

- Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Dr.Mircalal Kazıminin 
rəhbərliyi ilə Transplantasiya şöbəsi fəaliyyət göstərməkdədir. Xəstələrin nəqldən 
öncə və sonra müayinə olunması üçün müxtəlif profillərdən olan mütəxəssis 
həkimlər cəlb olunmuşdur. Transplantasiya mükəmməl komanda işidir. Şöbəyə 
müraciət edən və orqan köçürülməsi ehtiyacı olan qadın pasiyentlər nəqldən əvvəl 
və sonra Mama-ginekologiya şöbəsinin həkimləri (tibb üzrə fəlsəfə doktoru, Dr. 
Təranə Bayramovanın rəhbərliyi ilə gənc həkimlərdən Leyla Qaçaylı, 
rezidentlərdən Güllüxanım Rəhimova, Səidə Şindiyeva) tərəfindən müayinə 
edilərək, ginekoloji patologiyalar konservativ və cərrahi yolla aradan 
qaldırılmaqdadır. 2018-ci il tarixindən etibarən bu günə qədər xəstələrdən əldə 
olunan nəticələr toplanaraq, elmi tədqiqat işləri aparılmaqdadır. Laborator-
instrumental və klinik xəstə göstəriciləri əsasında 2 metodik vəsait, tezis və elmi-
populyar məqalələr hazırlanaraq yerli və xarici jurnallarda çap olunmuşdur.
- Müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı: Dilara Zamanova, 
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi,

Siam.az
Tarix: 14-03-2023, 13:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}