Minsk Qrupu ömrünü başa vurub - 24 ilin əsas yekunu

Minsk Qrupu ömrünü başa vurub - 24 ilin əsas yekunu Mənasız və səmərəsiz danışıqlar zolağından çıxış yolu tapılacaqmı; rusiyalı analitik: “Qarabağ məsələsi BMT formatına qaytarılmalıdır”; azərbaycanlı politoloq: “Nə qədər ki, məsələdə xristian təəssübkeşliyi özünü göstərəcək...”

İki gün sonra - oktyabrın 7-də ATƏT-in Minsk Qrupunu Rusiya, ABŞ və Fransadan olan həmsədrləri bölgəyə gələcəklər. Yayılan məlumatlara görə, Azərbaycanda və Ermənistanda səfərdə olacaq diplomatların budəfəki səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqla bağlıdır.

Məlumatlara görə, BMT Baş Məclisinin sonuncu - 72 sessiyası çərçivəsində iki ölkə xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə görüşündə bununla bağlı ilkin razılıq əldə olunub. Lakin siyasi təhlilçilər həm vasitəçilərin budəfəki səfəri, həm də baş tutacağı təqdirdə prezidentlərin növbəti görüşü ilə bağlı nikbin deyillər.

Bu da əsassız deyil. Belə bir bədbinlik ən əvvəl gələn il yaradılmasının 25 illiyi tamamlanacaq Minsk Qrupunun bütövlükdə dişsiz və səmərəsiz fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən qaynaqlanır. Bəs çıxış yolu nədir, belə nəticəsiz görüşlər daha nə qədər sürəcək? Bu yöndə analitiklərin müxtəlif fikir və təklifləri var.

*****

Məsələn, Rusiyadakı Lomonosov adına Moskva Dövlət Universitetinin beynəlxalq təhlükəsizlik kafedrasının və dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko hesab edir ki, BMT Dağlıq Qarabağ konfliktinin həlli üçün vasitəçi qismində 3 yoldan biri ilə gedə bilər. Musavat.com-un məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” nəşrinə açıqlamasında deyib.

Ekspert bu xüsusda bildirir: “Bir nömrəli ssenari onunla bağlıdır ki, biz hamımızı 25 ildə əmin ola bildik ki, ATƏT-in Minsk Qrupu vasitəçi olaraq heç bir nəticəyə nail olmadı. Demək, hansısa yeni danışıqlar formatı yaratmağa cəhd eləmək olar, ancaq bu dəfə BMT egidası altında”.

Politoloq ikinci variant kimi təklif edir ki, Minsk Qrupu ATƏT formatından BMT formatına keçirilsin. “Məqsəd ona müvafiq, daha sanballı status verməkdir. Nəhayət, üçüncü variant daha az əhəmiyyətlidir. Söhbət münaqişə zonasına BMT monitorinq missiyası göndərməkdən gedir. Bu missiya konflikt zonasında atəşi kimin açdığı və danışıqları kimin pozduğunu müəyyən edərdi. Mən BMT-nin vasitəsi ilə Dağlıq Qarabağ konfliktinin dinc nizamlanmasını aktivləşdirməyin hələlik bu üç variantını görürəm. Əfsus ki, ötən il Vyanada və Sankt-Peterburqda əldə olunan anlaşmalar tormozlanıb. Danışıqlar prosesini bu və ya başqa üsullarla optimallaşdırmaq lazımdır”, - deyə o qeyd edib.

Rusiyalı analitik Ermənistanın BMT TŞ-nin Dağlıq Qarabağa dair dörd məlum qətnaməsini yerinə yetirməli olduğunu da vurğulayıb: “Hələ ki Ermənistan onları yerinə yetirməkdən imtina edir”. Politoloq hesab edir ki, İrəvanın həmin qətnamələri yerinə yetirməsi üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi ilə Dağlıq Qarabağın statusu barədə danışıqları maksimum ayırmaq lazımdır.

“Bu yerdə Ermənistana ”yenə də Vyana və Sank-Peterburq anlaşmaları bazası əsasında danışıqları davam etdirməyə və onlara əməl eləməyə məcbur eləməklə təsir eləmək olar. Yəni əvvəlcə iki, daha sonra daha beş rayon azad olunmalıdır. Biz tez-tez erməni tərəfdən, qeyri-rəsmi formada, lakin nüfuzlu dairələrdən eşidirik ki, Qarabağın statusu haqda diskussiya olmadan işğaldan azad olunma söhbəti olmayacaq . Ancaq bu iki problemi öncə bir-birindən ayırmaq lazımdır: öncə ərazilərin boşaldılması, sonra Dağlıq Qarabağın statusu".

*****

Rusiyalı analitikin təklifləri ilk baxışda cəlbedici görünə bilər. Xüsusən də onun Dağlıq Qarabağ məsələsini BMT himayəsinə qaytarmaq və ərazilərin azad edilməsi ilə Dağlıq Qarabağın yekun statusunu maksimum ayırmaqla bağlı fikirləri təqdirə layiqdir. Lakin cənab Fenenko yəqin onu da bilməmiş deyil ki, 24 illik Qarabağ danışıqlarının bu günədək heç bir ciddi nəticə verməməsinin əsas səbəblərindən biri və birincisi elə onun təmsil elədiyi dövlət - Minsk Qrupunun əsas vasitəçilərindən olan Rusiyadır.

O Rusiya ki, faktiki surətdə problemin uzanması zəmin yaradır, işğalçı Ermənistana ciddi təsir rıçaqları ola-ola, buna getmir, İrəvanı konstruktiv mövqeyə məcbur eləmir. Demək, işğalçının özünü daha arxayın hiss eləməsinə və BMT TŞ-nin Qarabağa dair qətnamələrini qulaqardı eləməsinə şərait yaradır.

Başqa yandan, tutaq ki, konfliktin həlli ATƏT-dən BMT-yə, daha doğrusu, BMT formatına qaytarıldı. Əgər həmin formatda da Rusiya yenə əsas vasitəçilərdən və söz sahiblərindən biri kimi qalacaqsa, işğalçı Ermənistana real təsir üçün yeni, daha effektli və Moskvanın mane ola bilməyəcəyi sanksiya mexanizm tapılmayacaqsa, o zaman sülh danışıqları yenə dalana girəcək.

*****

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Qarabağ problemi tipli konfliktlərin ədalətli həll perspektivinə də elə böyük güclərin, ələlxüsus Qərbin yanaşma tərzindən, bu güclərin nə dərəcədə ikili standart siyasəti yürüdəcəyindən asılı olacağını düşünür. Onun qənaətincə, Avropanın uzun illər boyu təbliğ etdiyi dəyərlər ötən bazar Kataloniyanın timsalında sınaqdan çıxa bilməyib (axar.az).

Politoloqun sözlərinə görə, Avropa separatizm məsələsində ikili standartlar nümayiş etdirməklə Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-səmimi olduğunu bir daha sübut etmiş oldu: “İspaniyada baş verən hadisələrə Avropa Birliyinin münasibətinə baxanda ikili standartların nə qədər xəcalətli, nə qədər zərərli olduğunu bir daha müşahidə etdik. Azərbaycanda baş qaldıran aqressiv separatizm daha sonra rusların və ermənilərin köməyi ilə qanlı müharibəyə çevrilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilib, 30 mindən çox şəhid, 350 milyard dollarlıq itkiyə məruz qalıb. Kataloniyada baş verən hadisələrdə polisin aşırı güc tətbiq etməsi nəticəsində 850 nəfərin ağır yaralanması, daha sonra isə AB nümayəndəsinin İspaniyada separatizmə yol verməyəcəklərini bəyan etməsi separatizm məsələsində Avropanın prinsipial münasibətini ortaya qoyur. Özləri separatizmin əleyhinə olduqları halda Azərbaycanda aqressiv separatizmə, özü də bir neçə dövlət tərəfindən himayədarlıq edilən separatizmə qiymət verməkdə ”çətinlik" çəkirlər. Bu, xristian təəssübkeşliyinin bir ifadəsidir. Hesab edirəm ki, bu məsələ elə belə bitməyəcək. Hələ qarşıda digər separatçı hərəkətlər var. İrlandiya, Şotlandiya, Flamand adaları və s. ərazilərdə separatçı qüvvələrin aktivləşməsi gözlənilir".

Ekspertin fikrincə, Avropa hələ uzun müddət separatizm məsələsində prinsipiallıq nümayiş etdirmədiyi üçün baş verəcək münaqişələrə hazırlıqlı olmalıdır: “Əgər Avropa separatizmin əleyhinədirsə, Azərbaycanda baş qaldıran aqressiv separatizmin, dəfələrlə seçkilər keçirən, qondarma prezident, parlament yaradan, üstəlik, də Azərbaycanın 7 rayonunun işğalını həyata keçirən qüvvələrə qarşı niyə loyaldır? Nəyə görə bu məsələlərdə prinsipiallıq nümayiş etdirmək istəmirlər? Deməli, çox təəssüflər olsun ki, Avropada xristian təəssübkeşliyi var. Onlar müsəlman dünyasında xristian anklavının yaranmasından məmnundurlar. Bu, separatizm də olsa, müharibə də olsa, onlar üçün məmnuniyyətlə qarşılanan bir hadisədir. Öz ölkələrində baş verəndə isə bunu insan haqlarına qarşı bir hərəkət kimi yozmağa çalışırlar. Bir sözlə, Avropanın əsas dəyərləri Kataloniyanın timsalında sınaqdan çıxa bilmədi. Gələcəkdə də bu proses davam edərsə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində davakar və aqressiv erməni sepratizminin qarşısının alınması yolunda prinsipial mövqe göstərilməyəcəksə, bundan sonra baş tutması ehtimal olunan Şimali İrlandiya, Uels, Şotlandiya və s. ərazilərdə bu kimi proseslər daha qabarıq surətdə olacaq. Bütün bunlar Bakının öz ərazi bütövlüyü məsələsində nə qədər haqlı olduğunu bir daha sübuta yetirəcək”.

Politoloqa görə, dünyada baş qaldıran separatçılıq meyllərinin qarşısını yalnız o halda almaq mümkündür ki, bütün münaqişələrə eyni cür yanaşılsın. “Ötən il Varşavada NATO-nun sammitində postsovet məkanındakı bütün münaqişələrə eyni cür yanaşılması barədə fikir səsələndirilib. Yəni burada Dnestryanı ərazi, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, bizdə Dağlıq Qarabağ problemindən söhbət gedir. Nə qədər ki, Qarabağdakı separatizmə qarşı əzmkarlıq nümayiş etdirilmir, bunun nəticəsini Avropa öz üzərində daha ağır formada hiss edəcək. Ona görə də bu məsələlərin həllinə hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində yanaşılmalı və separatçı meyllərə yol verilməməlidir”, - deyə o əlavə edib.

Ancaq Qərb, xristian dünyası Kataloniya presedentindən sonra bunu bacaracaqmı? Sual açıq qalır.
Tarix: 5-10-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}