İşğalçının yeni müttəfiqləri? - Siyahıda dostlarımız da var

İşğalçının yeni müttəfiqləri? - Siyahıda dostlarımız da var
Türkmənistan aviaşirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 27-də ilk dəfə Aşqabad - İrəvan - Aşqabad reysi ilə uçacaq.“Cümhuriyət” qəzeti xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabineti yanında Mülki Aviasiya Baş İdarəsinin rəisi Sergey Avetisyan bildirib. Avetisyanın sözlərinə görə, bu reyslə Ermənistan tarixində ilk dəfə “5-ci dərəcəli hava azadlığı” güzəştindən istifadə ediləcək: “Təyyarə Aşqabad - İrəvan - Frankfurt marşrutu ilə uçacaq və geri qayıdacaq”.

Türkmən hökuməti ilə rəsmi İrəcan arasında anlaşmanın əldə edildiyi tarixdə Ermənistanla bağlı başqa bir xəbər yayıldı.Məlumatda qeyd edilir ki, Gürcüstanın müdafiə naziri Levon İzoriya erməni həmkarı Vigen Sarkisyanla görüşüb. Görüşdə nazirlər müdafiə sahəsində əməkdaşlıq məsələsini müzakirə edib, gələn il ölkələr arasında bu sahədə qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyini bildiriblər.

Görüş zamanı hərbi tibbi əməkdaşlıq və təhsil sahəsinə xüsusi diqqət ayrılıb.Məlumatda qeyd olunub ki, tərəflər gürcü və erməni hərbçilərin sülhməramlı missiyalarda iştirakını da müzakirə ediblər.Levon İzoriya 2018-ci ildə “Noble Partner” və “Agile Spirit” təlimlərində gürcü və erməni hərbçilərin birgə iştirakına ümid etdiyini deyib.

Nəzərə alınmayan maraqlarımız

Əlbəttə, Ermənistanda baş verən hadisələr və Azərbaycana qonşu olan ölkələrin bu işğalçı dövlətin quldur hakimiyyəti ilə münasibətləri həmişə bizim üçün maraqlı olub.Söhbət, bu dövlətlərin Ermənistanla münasibətlərini genişləndirmələrinin bizdə yaratdığı qıcıqdan yox, bu münasibətlər qurularkən Azərbaycanın milli maraqlarının nəzərə alınıb-alınmamasından gedir.Şübhəsiz ki, Gürcüstan və Türkmənistanla yanaşı, Ermənistanla hərtərəfli, genişləndirilmiş münasibətlərə malik olan və bu ölkədə milyonlarla dollar kapitalı olan İran da müstəqil dövlətdir və istənilən ölkələrlə əməkdaşlıq etməkdə sərbəstdirlər.Lakin bu münasibətlərin təşkilində bir çox hallarda Azərbaycanın dövlət maraqlarının gözardı edildiyi də diqqətdən yayınmır.

Ac olanda Azərbaycan, tox olanda...

Ermənistanla hərbi əməkdaşlıq qurmağa maraqlı olan Gürcüstanın Azərbaycana ödəyə bilməyəcəyi həcmdə borcu var. Üstəgəl, istər dövlət, istərsə də özəl sektor formasında Azərbaycan bu qonşu ölkənin bir çox sahələrinə milyardlarla dollar həcmində kapital yatırıb. Azərbaycandan ən ucuz qaz və neft alan Gürcüstan elektrik enerjisinə olan tələbatının böyük hissəsini də ölkəmizin hesabına ödəyir. Azərbaycan türklərinin kompakt yaşadığı Borçalı bölgəsində aparılan abadlıq işləri, bölgənin bir sıra iqtisadi və sosial resurslara olan ehtiyacının müəyyən qismi Azərbaycan tərəfindən qarşılanır.Həmçinin, 2008-ci ildə Abxaziya və Cənubi Osetiya Rusiya qoşunları tərəfindən işğal ediləndə rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi.Lakin Azərbaycanın bu jestlərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ortaya çıxandan bu günədək Gürcüstan hökuməti bir dəfə də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə etməyib.Münaqişəyə ümumi münasibət bildirən və işğaldan əziyyət çəkən Gürcüstan öz ərazilərinə (Cavaxetiya) iddialı olan Ermənistanla münasibətləri genişləndirməkdə maraqlıdır və bu işğalçı dövlətin dünyaya açılmasında vasitəçi rolunu üzərinə götürür.Əlbəttə, vurğulamaq lazımdır ki, Azərbaycan Gürcüstana satdığı enerjinin, iqtisadi resursların qiymətlərini qaldıracağı, bu ölkədəki kapitalını geri çəkəcəyi və dövlət borclarını tələb edəcəyi halda, bunun Gürcüstan üçün fəlakət olacağını Tiflisdə də bilirlər.

Ermənilərə “türk nəfəsi”

Türkmənistan - bu türk dövlətinin də hansısa formada Azərbaycanla genişləndirilmiş münasibətləri var. Azərbaycanla arasında istər tarixi, istər dini, istər milli, istərsə də coğrafi baxımdan fərq olmasa da Türkmənistan da işğalçıya qucaq açmağa maraq göstərməyə başlayıb. Düzdür, Xəzər dənizinin statusu ilə bağlı Türkmənistanla müəyyən dövrlərdə gərgin münasibətlər yaşasaq da dövlət başçılarının qarşılıqlı səfərləri bu problemə də son qoydu.Artıq statusla bağlı tərəflər arasında demək olar ki, problem qalmayıb.Üstəgəl, Türkmənistan öz qazını Azərbaycan üzərindən Qərbə daşınmasında maraqlıdır.Bu ölkə yeni fəaliyyətə başlamış Bakı - Tiflis - Qars dəmir yolu xəttinə qoşulmaq da istəyir.Lakin Azərbaycandan gözləntisinin əksinə olaraq, qonşuları Özbəkistan və Qazaxıstan qədər Türkmənistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməkdən qaçmağa meyilli kimi görünür. Düzdür, bunu Türkmənistanın bitərəf xarici siyasəti ilə də əlaqələndirmək olardı, amma Aşqabaddan ən az gözləntimiz bu idi ki, heç olmasa, Ermənistana qucağında yer verməyəcək.

Əlbəttə, Bakı-Tiflis-Qars dəmiryolu xətti, TANAP və TAP-a qoşulmaq, Aşqabad-İrəvan reysinin açılması türkmən hökuməti üçün daha önəmli olmalıdır.Bu reysin isə nə işə yaradığını anlamaq da asan deyil.

Ermənistan Azərbaycan üçün kimdirsə, İran da...

İrana gəlincə, bu dövlət dünyadan təcrid olmuş Ermənistanın həm havası, həm də suyudur.Rusiya ilə birlikdə Azərbaycan ərazilərini işğal etdiyi vaxtlarda Ermənistana sərhəd embarqosu qoyan Türkiyə və Azərbaycanın əksinə gedən İran işğaçıya hərtərəfli - həm maddi, həm mənəvi, həm iqtisadi, həm də hərbi dəstək verərək, münaqişədə tutduğu yeri göstərdi. Əlbəttə, İranın münaqişə tərəfləri arasında vasitəçilik missiyasını üzərinə götürüb, Tehranda Ermənistan və Azərbaycan hökuməti başçılarının görüşünü təşkil etdiyi vaxt, Şuşa şəhərinin erməni-rus birləşmələri tərəfindən işğal edilməsi də uzaq tarixdə baş verməyib. Başqa sözlə, sözdə Azərbaycanı “müsəlman qardaş” adlandıran İran Azərbaycana münasibətdə əsl erməni xisləti nümayiş etdirir. İran bu işğalçı ölkəyə investisiya yatırır, ucuz neft-qaz, elektrik enerjisi satır, humanitar yardımlar ayırır, gizli şəkildə silah satır, Azərbaycanda Ermənistanın lehinə separatizmə dəstək verir və s. Bu da azmış kimi İran, Azərbaycan ərazilərini işğal edib yüz minlərlə insanı qətlə yetirən və 1 milyondan çox insanı öz vətənlərindən didərgin salan Ermənistanı bölgədə “sülhün təminatçısı” adlandırır. Görünən də budur ki, Ermənistan Azərbaycan üçün kimdirsə, İran da odur.Əlbəttə, Güney Azərbaycanda İrandan ayrılmağa hazır olan 35 milyondan çox türk yaşayır.

“Bunun ikinci tərəfi yoxdur”

Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycana qonşu olan bir sıra dövlətlərin Ermənistanla yanaşı, Azərbaycanla da münasibətləri var, amma bu ölkələrin ermənilərlə münasibətləri genişləndirməkdə maraqlı olmaları da birmənalı deyil. Partiya sədri hesab edir ki, bu, Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasətindəki boşluqlarla bağlıdır:


“Bu boşluq həmin dövlətlərə Ermənistanla münasibətlərini genişləndirmələri üçün imkanlar yaradır. Onlar arxayındırlar ki, əgər Ermənistanla hansısa əlaqələr qurulsa da bu, onların siyasi və iqtisadi maraqlarına o qədər də problem yaratmayacaq.Amma Azərbaycanın buna qarşı ata biləcəyi adekvat addımı yoxdur. Həm Türkmənistan, həm də İran müsəlman dövlətidir və hər iki ölkədə milyonlarla türk yaşayır. Əgər bu faktor münasibətlərdə önəmli rol oynamırsa, demək ki, Azərbaycan hakimiyyətinin xarici siyasətində nöqsanlar var. Məsələn, bu gün Fələstinlə hansısa münasibət qurmağa çalışsaq, İsraildən aldığımız silahlar, gələcək planlar və digər məsələlər ön plana çıxır. Bu anlaşılan deyil.Digər dövlətlərlə münasibətlərdə də bu kimi amillər var. Əgər Ermənistanla münasibətləri genişləndirib, Azərbaycanın maraqlarını nəzərə almırlarsa, demək ki, ortada hansısa formada olan problemlər var. Bu məsələlələri həll etmək üçün bu istiqamətdə bəlli strategiyamız olmalıdır”.
İşğalçının yeni müttəfiqləri? - Siyahıda dostlarımız da var

Tural Abbaslının sözlərinə görə, bir sıra dövlətləri başa salmağı bacarmalıyıq ki, Ermənistanla münasibətləri genişləndirəndə maraqlarımızı nəzərə almırlar:


“Ancaq xarici ölkələrdən işğal altında olan Dağlıq Qarabağa səfər edən insanları “arzuolunmaz şəxs” elan etməkdən başqa heç bir iş görülmür. Əgər bu istiqamətdə düşünülmüş və ümumi strategiya olmasa, nəinki qonşularımız, dünyanın digər dövlətləri də Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla münasibətləri genişləndirəcəklər.Bu da bizim strateji maraqlarımıza zərbə vura bilər. Yenə də qeyd edirəm ki, bu, xarici siyasətimizdəki boşluqlardan qaynaqlanır. Bunun ikinci tərəfi yoxdur”.

Mənsur Rəğbətoğlu

Cebhe.info
Tarix: 28-12-2017, 21:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}