Rasim Musabəyov: “Orada hər şeyi güc faktoru həll edir...”


BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəs haqqında qərar verməsinə, orada olan koalisiyaların bir-birilə əlaqədə olmasına baxmayaraq, təəssüflər olsun ki, Suriyada oyunlar gedir. Və təəssüf olsun ki, hər şeyi də güc amili həll edir.

Bunu Teleqraf.com-a deputat Rasim Musabəyov Şərqi Qutada yaşananları şərh edərkən deyib.

Musabəyov xatırladıb ki, Hələblə bağlı da eyni vəziyyət yaranmışdı:

“Sonra Hələbdə nə baş verdi? Şəhəri bombaladılar, dağıtdılar və sonra da götürdülər. Üstəlik bu şəhəri də Bəşər Əsədə tabe etdirdilər. Ancaq insanların problemləri bununla həllini tapmır. Ölkə demək olar ki, dağılıb. Üstəlik Suriyada ən zəif qüvvə Bəşər Əsədin qüvvəsidir. Onun təxminən 10 min nəfərə yaxın döyüşçüsü var. Rusiya isə çalışır ki, bütün Suriyanı Bəşər Əsədin tabeçiliyinə gətirsin. Bu isə mümkün deyil. Şərqi Qutadan isə ara-sıra Dəməşqə atəş açırdılar. Amma iş ondadır ki, Dəməşq və ruslar da əks atəş və hücumlar həyata keçirirdilər. Məqsəd isə Şərqi Qutanı Bəşər Əsədə tabe etdirərək Rusiyaya bağlı qüvvələrin nəzarət etdiyi əraziləri genişləndirməkdir. Təəssüflər olsun ki, Suriyada məsələləri güc həll edəcək. ABŞ və onun tərəfində olan qüvvələr var. Onlar da havadan zərbələr endirir. Eyni zamanda Bəşər Əsəd, İran və Rusiya qüvvələri də işlər aparırlar. Artıq Suriyada politoloji bir məsələ qalmayıb. Orada hər şeyi güc həll edir. Yüz minlərlə insan isə əziyyət çəkir”.

Politoloq əlavə edib ki, Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasında hansısa qərarların qəbul edilməsində razılaşa bilərlər, ancaq bu, tərəflərin əməldə razılaşdığı anlamına gəlməyə də bilər:

“Sözdə razılaşırlar, əməldə isə yox. Rusiya deyir ki, humanitar dəhlizi açmışam. İslamçı qüvvələr isə bizə atəş açır, odur ki, məcburam onlara cavab verməyə. Ortada şahid, məhkəmə yoxdur. Kim nə istəyir, edir. Çünki Suriyada hər şeyi güc faktoru həll edir”.
Tarix: 1-03-2018, 22:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}