Müxalifət “boykot bloku” yarada bilər

Müxalifət “boykot bloku” yarada bilər
Belə bir blokun yaradılacağı və hansı işlərə baş vuracağı barədə maraqlı xəbərlər

11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisini boykot qərarı verən və seçkidə iştirak etməmək qərarını qəbul edən siyasi təşkilatların mart ayının üçüncü yarısı birgə mitinq keçirəcəyi barədə xəbərlər yayılıb. Artıq bəlli olduğu kimi, Milli Şuranın sədri Cəmil Həsənli seçkidə iştirak etməyən partiyalara birgə mitinq keçirmək üçün çağırış da edib. Onun çağırışına ilk olaraq Müsavat Partiyasından başqan səviyyəsində müsbət reaksiya olub.


Yayılan başqa bir xəbərə görə, boykotçular və seçkidə iştirak etməyənlər mitinqlərini və digər seçkiyə yönəlik addımlarını birgə atmaq, koordinasiyalı hərəkət etmək üçün ideyalar düşünürlər. Bu ideyalardan biri kimi “Boykotçular və seçkiyə qatılmayanlar bloku”nun yaradılması üzərində dayanılıb. Məlumata görə, həmin blok mitinqlər keçirməklə yanaşı, seçkinin monitorinqini də aparıb real seçici aktivliyinin hansı səviyyədə olduğunu ortaya qoymaq, seçkidən sonra mətbuat konfransı keçirmək, beynəlxalq birliyə müraciət etmək kimi işləri həyata keçirəcək.

Seçkidə iştirak etməmək qərarı vermiş Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda şəxsən onda belə bir blokun yaradılacağı barədə məlumat yoxdur. Lakin belə bir təkliflər olacaqsa, REAL müzakirəyə açıq təşkilatdır: “Əvvəla, məlumatı olmayanlar üçün bildirim ki, REAL-ın seçki ilə bağlı bəyanatında boykot sözü ümumiyyətlə işlədilməyib. Bizim seçkidə iştirak etmək fikrimiz var idi. Sadəcə bizim namizədimiz seçkidə iştirak etmək hüququndan məhrum edilib. Yəni İlqar Məmmədov azadlıqda olsaydı, seçkidə iştirak edəcəkdik. Biz seçkini boykot qərarı yox, seçkidə iştirak etməmək qərarı vermişik. Həmçinin biz seçkinin 6 ay irəli çəkilməsinə görə seçkidən imtina etməmişik, İlqar Məmmədovun seçkidə iştirak etmək hüququnun əlindən alınması bizi seçkidə iştirak etməməyə məcbur elədi. O ki qaldı siyasi qüvvələrin, o cümlədən seçkidə iştirak etməyən qüvvələrin seçki dönəmində əməkdaşlıq eləməsi, koordinasiya olunmuş iş aparması, bu, normal haldır. Bu cür koordinasiya, əməkdaşlıq məqbul sayılmalıdır. Birgə mitinqlərlə bağlı Milli Şuranın rəhbəri tərəfindən müraciət də olub. Bizim ilkin müzakirələrimiz də olub. Sadəcə, bizim problem ondan ibarətdir ki, İlqar Məmmədovla hər an əlaqə qurmaq mümkün deyil ki, bu cür məsələləri onunla da müzakirə edək. Aparılan müzakirələrin nəticəsi İlqar Məmmədova çatdırılacaq. Onun da fikrini alandan sonra ictimaiyyətə qərarlarımızı açıqlayacağıq. REAL-ın özünün bir neçə dairədə seçkinin monitorinqini aparmaq fikri var. Seçki Məcəlləsi seçki prosesinin monitorinqini aparmağa imkan verir. Bu hüquqdan REAL istifadə edəcək, o cümlədən seçkidə iştirak etməyən digər qüvvələrin də belə bir hüququ var”.

N.Cəfərli seçkinin monitorinqi ilə bağlı plan hazırladıqlarını dedi: “Başqa siyasi qüvvələr bunu etməsələr belə, REAL-ın bunu etmək planı var. Hər hansı bir formatda əməkdaşlıq üçün də qapılarımız açıqdır. Bu danışıqlar və əməkdaşlıq institusional olmalıdır, dəyərlər, prinsiplər üzərindən olmalıdır. Belə bir təkliflər olacaqsa, müzakirəyə açıq təşkilatıq. Siyasi təşkilatlar bir-biri ilə dialoqda olmalıdırlar. Qeyd olunan istiqamətdə yaxın vaxtlarda rəsmi danışıqlar olacaqsa toplaşıb qərarlar verə bilərik. Amma bu gün üçün hər hansı bir birliyin içərisində olmaq fikrimiz yoxdur”.


“Yeni Müsavat”
Tarix: 2-03-2018, 09:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}