ABŞ-ın Qarabağ “ədaləti” – Kremlə “ayı xidməti”


Azərbaycan iki vasitəçinin “ikili standartı” ilə üz-üzə; Bakının notasına rəğmən, separatçı Bako Saakyan Amerikada peyda olub; politoloq: “Ermənistan son xəbərdarlığı nəzərə almalıdır... onun ikinci belə şansı olmayacaq”

İşğal altındakı Dağlıq Qarabağda oyuncaq rejimin başçısı, Azərbaycan həbsxanasının darıxdığı Bako Saakyan rəsmi Bakının etirazlarına və notasına rəğmən, ABŞ-a gedib. Yəni, Amerika bu separatçı-quldura viza verib, onun öz ərazisinə sərbəst girməsinə hər hansı əngəl törətmədi. Bu da o anlama gəlir ki, Vaşinqton Azərbaycan torpaqlarında beynəlxalq hüquqa görə, tam qanunsuz mövcud olan bir rejimin qanunsuz rəhbərini faktiki, qanunsuz saymır.

Bu, elə Azərbaycana, onun ərazi bütövlüyünə və suverenliyinə münasibətdir ki var. Eyni zamanda ABŞ-ın separatçı rejimlərə və separatçılara ikili yanaşmasının parlaq təzahürüdür. Çünki biz Krımın ilhaqına görə Rusiyaya qarşı ABŞ-ın tətbiq elədiyi sərt sanksiyaların da şahidiyik.

Maraqlıdır, görəsən politoloq Elxan Şahinoğlunun dediyi olsaydı, yəni Bako Saakyan İnterpol xətti ilə beynəlxalq axtarışda olsaydı (niyə də buna getməyək?), o zaman yenə o, Amerikada peyda ola bilərdimi? Yaxud getsəydi, orada saxlanardımı? 

*****

Bu arada ABŞ-ın Azərbaycandakı səfirliyi nəhayət ki, Bakının notasına cavab verib. Gözlənildiyi kimi, cavab şablon xarakter daşıyır. “Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağ rejimini de-fakto tanımır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ”Helsinki Yekun Aktı"nın prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək" - açıqlamada deyilir.

Doğrudur, ABŞ de-fakto qondarma rejimi tanımır, amma de-fakto bu rejimin başçısı indi Amerikadadır. Orada qondarma “DQR” adından çıxış edir, özünü “Arsax prezidenti” kimi aparır, təqdim edir, görüş keçirdiyi zallarda “DQR”in bayraq adlandırılan əskisini asdırır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə hədyanlar söyləyir. 

Beləcə, Dağlıq Qarabağ konflikti həm də böyük güclərin münaqişəyə ədalətsiz, beynəlxalq hüquqa həqarətli yanaşması nəticəsində uzanmaqdadır. Rusiyanın mövqeyi bəlli. Ermənistan onun bölgədə yeganə hərbi qalası olduğundan, Moskva Qarabağ məsələsində işğalçının tərəfindədir. Amma ABŞ-ın ki, regionda, Ermənistanda hərbi bazası yoxdur. Heç bir ciddi təbii qaynağı və geosiyasi əhəmiyyəti olmayan Ermənistan ondan ötrü iqtisadi, energetik dəyər də daşımır, nəinki Azərbaycan. Di gəl, Amerika da sanki işğalçı üçün əsir, ona reveranslar edir, birbaşa və dolayısıyla erməni separatizminə sponsorluq edir, işğal altındakı Dağlıq Qarabağda qanunsuz, kriminal “hökumətə” hər il maliyyə yardımları ayırır. Bununla da əslində Rusiya maraqlarına işləmiş olur, Moskvaya “ayı xidməti” göstərir. Hər necə olmasa, münaqişənin qalması ən çox Kremlin maraqlarına uyğundur.

***** 

“Biz dondurulmuş münaqişələrin həlli ilə bağlı konkret həll yolu tapmalıyıq. Bu, konkret olaraq Moldovanın, Azərbaycanın, Gürcüstanın və Ukraynanın məruz qaldığı münaqişələrə aiddir”.

Bu fikri Moldovanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Sergey Sirbu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, İpək Yolu Dəstək Qrupunun prioritetlərindən biri bu olmalıdır: “Biz artıq konkret addımlar atmalıyıq. Əks halda, bu münaqişələr İpək Yolu üzərində birgə layihələrə ciddi əngəllər yaradacaq. İpək Yolu iqtisadi kəməri imkan verəcək ki, iqtisadi layihələr fəallaşsın. Bu, Dnestryanı əraziyə də aiddir. Moldova hökuməti bütün rıçaqlarını işə salır ki, Dnestryanı ərazini də əhatə etsin. Amma bəzi siyasi suallar var ki, bu işlərin nəticə verməsi üçün tam həll olunmalıdır. Mən ümid edirəm ki, İpək Yolu layihəsi bu problemlərin həllinə dəstək verəcək”.

Göründüyü kimi, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazisindəki separatçı ocaqlar müstəsna olaraq Rusiyanın maraqlarına işləyir, Qərbə inteqrasiya layihəsi olan Böyük İpək Yolunun da normal işləməsinə əngəl yaratmaq niyyəti güdür. O zaman nədən ABŞ bu ocaqların söndürülməsinə deyil, Rusiya kimi qalmasına yardım edir? Hər halda, separatçı Bakoyanın Amerikada rahat şəkildə peyda olub görüşlər keçirməsi belə bir qənaəti yaradır və əsla konfliktin ədalətli həllinə kömək eləmir.

*****

İstənilən halda, Azərbaycan yaranmış vəziyyətdə öz hərbi qüdrətini artırmaq və əlverişli fürsət düşən kimi öz ərazilərini silah gücünə azad eləmək haqqını özündə saxlayır. Martın 12-də başlayan və 17-dək sürəcək genişmiqyaslı hərbi təlimlərdə əsas hədəflərdən biri də elə budur - müharibəyə hər an hazır olmaq. Aydındır ki, Rusiyaya, ABŞ-a arxayın olan düşmən tərəf xoşluqla torpaqlarımızdan çıxan deyil.

Deyəsən, erməni tərəfi də fərqindədir ki, Azərbaycan gec-tez öz ərazilərini güc yolu ilə azad eləmək üçün hərəkətə keçəcək. Azərbaycanın son hərbi təlimlərindən dolayı yaşanan əndişə həm də bununla bağlıdır.      

Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.

Aram Sarkisyan ile ilgili görsel sonucu

Belə ki, Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək “Cənubi Qafqazda möhkəmlənmək niyyətləri” haqda danışıb (Virtualaz.org). Sərkisyanın fikrincə, Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır.

“Digər tərəfdən, aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”, - Sərkisyan deyib.

Partiya lideri xatırladıb ki, Naxçıvanda müntəzəm olaraq Türkiyə və Azərbaycan birgə təlimləri keçirilir. “Mətbuatda belə şayiələr dolaşır ki, Türkiyə Naxçıvanda daimi baza yarada bilər. Ermənistan XİN Naxçıvan istiqamətindən qaynaqlanan təhdidlə bağlı çox zəif işləyir. Hansı ki, çoxdan bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etmək lazım idi”, - deyə o əlavə edib.

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da bu fikirlərlə razıdır və hesab edir ki, Naxçıvan doğrudan da Türkiyə üçün Cənubi Qafqaza və Orta Asiyaya “sıçramaq” üçün tramplin ola bilər.

*****

Qeyd edək ki, Azərbaycan Ordusu doğrudan da son illər Naxçıvana böyük həcmdə hərbi qüvvə cəmləşdirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ən yeni hərbi texnika və silahlarla, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Solntsepyok” TOS-1A ağır odsaçanları, Türkiyə və İsraildən alınan, 120-150 km mənzilli raket sistemləri, T-90S tankları və digər yeni hücum texnikası ilə silahlanıb. Aydın məsələdir ki, Naxçıvandakı bu fakt Rusiyadan aldığı “İsgəndər” raketləri ilə Azərbaycanı hədələyən Ermənistan üçün ciddi çəkindirici amil olmalıdır. Çünki mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın bütün ərazisi Azərbaycan ordusunun hədəfində olacaq.

“İrəvan hazırda böyük təşviş içərisindədir və bunu çox ağrılı şəkildə yaşayır”. Bunu isə Axar.az-a Ermənistan XİN-in Azərbaycanda keçirilən hərbi təlimlə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, son hərbi təlimlər erməni qoşunlarının nə qədər gec deyil, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasına dair İrəvana mühüm xəbərdarlıqdır.

“Ermənistan faktiki olaraq problemin həllində elə maneələr törədir ki, bu da prinsip etibarilə Azərbaycana güc tətbiq etmək üçün əsaslar yaradır. Bunu İrəvan da çox gözəl bilir. Bu baxımdan neçə gündür Ermənistan mətbuatında isterika başlayıb və sözün əsl mənasında işğalçı ölkədə ah-vay yaşanır. Azərbaycan son illər mütəmadi olaraq genişmiqyaslı təlimlər keçirir. Bakı təlimlərdən öncə MDB ölkələrini, qonşu dövlətləri və ATƏT-i xəbərdar edirsə, demək, Azərbaycan bu prosesdə bütün prosedurlara riayət edir. Ermənistanın yalançı hay-küyü ondan xəbər verir ki, İrəvan həqiqətən də yaşadığı qorxunu cilovlaya bilmir və şikayətçi formasında çıxış etməkdən başqa çarəsi yoxdur”, - deyə politoloq qeyd edib.

Kreml USA ile ilgili görsel sonucu

Onun sözlərinə görə, əslində düşmənin qorxusunu büruzə verməsi Bakının xeyrinə işləyir: “Ermənilər bundan öncə Azərbaycanın öz müttəfiqləri - Türkiyə və Gürcüstanla keçirdiyi birgə təlimlərdən də qorxuya düşmüşdülər. Bu, o deməkdir ki, müharibə olacağı təqdirdə, Ermənistan şəksiz uduzacaq. Ona görə də hesab edirəm ki, Ermənistan Azərbaycanın son xəbərdarlığını nəzərə almalı və işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır. Əks təqdirdə İrəvanın ikinci belə bir şansı olmayacaq”.

Yada salaq ki, ordumuzun genişmiqyaslı təlimindən qorxuya düşən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan “Azərbaycanda hərbi təlimlər təşkilatın üzvlərinə əvvəlcədən məlumat vermədən, ATƏT-in öhdəliklərinin açıq şəkildə pozulması ilə aparılır” demişdi. Azərbaycan XİN isə əvvəlcədən planlaşdlırılan təlimlərlə bağlı ATƏT-in məlumatlandırdığını bəyan edib.

Siyasət şöbəsi

Tarix: 15-03-2018, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}